Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirildi.
Bəs mütəxəssislər imtahandan sonra sualların çətinlik səviyyəsini necə dəyərləndirir? Keçid balları ilə bağlı hansı proqnozlar var?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb:
“Ötən gün imtahandan sonra biz təhsil mütəxəssisləri olaraq abituriyentlər arasında həm onlayn, həm də əyani qaydada sorğular keçirdik. Təbii ki, respondentlərin böyük əksəriyyəti imtahan suallarının cavablandırılmasının əlçatan olduğunu bildirdilər. Yalnız bir neçə abituriyent 1-ci ixtisas qrupu üzrə riyaziyyat fənnindən müəyyən çətinliklərlə üzləşdiklərini qeyd etdi. 4-cü ixtisas qrupu üzrə isə bəzi iştirakçılar fizika fənnində çətinlik çəkdiklərini, bir qismi isə biologiya fənni ilə bağlı müəyyən problemlərlə qarşılaşdıqlarını bildirdilər. Əlbəttə, əgər konkret olaraq 1-ci və 4-cü ixtisas qruplarının nəticələrində ümumi mənada hansı dəyişikliklərin olacağını müəyyənləşdirməyə çalışırıqsa və yaxud bu məsələ bizim üçün maraqlıdırsa, qeyd etməliyəm ki, bu, hələlik birinci cəhd imtahanıdır. Birinci cəhd imtahanının nəticələri əsasında fikir bildiririksə, düşünmürəm ki, burada hər hansı kəskin bal enməsi hadisəsi yaşansın. Çünki buraxılış imtahanında hər iki qrupun abituriyentləri kifayət qədər yüksək nəticələr əldə etmişdilər. Yalnız humanitar istiqamətlər üzrə riyaziyyat fənni hesabına müəyyən zəif nəticələr müşahidə olunmuşdu”.
Mütəxəssis ötən gün keçirilən imtahanın abituriyentlərin müvafiq ixtisaslar üzrə yerləşməsinə və yaxud keçid ballarının formalaşmasına hansı şəkildə təsir göstərə biləcəyindən söz açaraq bildirib ki, bəzi ixtisaslarda ciddi bal enməsi gözlənilmir:
“Yalnız orta göstəricili ixtisaslarda müəyyən dəyişikliklər ola bilər. Burada minimum 5-10 bal, maksimum isə 20-25 bal həcmində fərqlərdən söhbət gedə bilər. Bir daha qeyd edim ki, söhbət yalnız birinci cəhd imtahanının nəticələrindən gedir. Bu dəyişikliklərin də bütün ixtisaslara şamil olunacağını düşünmürəm. Yalnız ötən illərdə orta keçid balları ilə seçilən bəzi ixtisaslarda belə bir vəziyyət yarana bilər. Lakin təbii ki, qarşıda ikinci cəhd imtahanı da var və ikinci cəhd imtahanı hər il ümumi statistik göstəricilərə ciddi təsir göstərir. Düşünürəm ki, ikinci cəhddən sonra ümumi vəziyyət və keçid balları ilə bağlı mənzərə müəyyən qədər dəyişə bilər”.
Xalidə Gəray
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ