Onlayn ictimai-siyasi qəzet
Belqorodun keçmiş meri və vilayət qubernatorunun sabiq müavini Konstantin Polejayevin döyüş bölgəsində öldüyü bildirilir. 54 yaşlı keçmiş məmurun ölümünün hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb.
Musavat.com bildirir ki, Polejayevin ölümü barədə “Fonar” saytına onun yaxınları məlumat veriblər.
Polejayev 2015–2019-cu illərdə Belqorod şəhərinə rəhbərlik edib. Daha sonra 2023-cü ilədək vilayət qubernatorunun mənzil-kommunal təsərrüfat məsələləri üzrə müavini vəzifəsində çalışıb.
Vəzifədən getdikdən sonra isə keçmiş məmur rüşvət işi üzrə saxlanılıb. İstintaqın versiyasına görə, Polejayev tikinti şirkətlərindən birinə dövlət müqavilələri əldə etməkdə və görülən işlərin qəbulunda kömək edib, əvəzində ümumi dəyəri 18 milyon rubldan çox olan iki avtomobil – “Land Rover Defender” və “Porsche” alıb.
2024-cü ilin avqustunda məhkəmə onu 5 il müddətinə ciddi rejimli koloniyada həbsə məhkum edib.
Ancaq hökm çıxarılmazdan bir qədər əvvəl Polejayev Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalayıb. Həmin ilin oktyabrında Belqorod Vilayət Məhkəməsi onun işi üzrə icraatı dayandırıb və hərbi xidmət müddətində keçmiş meri həbsdən azad edib.
“Pepel” nəşrinin məlumatına görə, Polejayev Belqorodda yaradılmış “BARS” bölməsində xidmət edib və ön cəbhədə olmayıb. Vilayətin operativ qərargahı isə daha əvvəl bu məlumatı təkzib etmişdi.
İndi onun döyüş əməliyyatları zonasında öldüyü bildirilir. Lakin Polejayevin harada və hansı şəraitdə həyatını itirdiyi barədə rəsmi məlumat verilməyib.
Musavat.com
23 Sentyabr 2026
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ