İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml reallığı qəbul edir - Azərbaycan belə HƏRƏKƏT EDİR

Rusiya Azərbaycan və Ermənistanın xarici siyasət seçimlərinə, o cümlədən ABŞ ilə olan təmaslarına münasibət bildirib. Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, hər iki ölkə müstəqil dövlətdir və öz maraqlarına uyğun tərəfdaş seçmək hüququna malikdir.

Peskov bu açıqlamanı ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakı və İrəvana reallaşan silsilə səfərlərini şərh edərkən verib.

"Ermənistan və Azərbaycan suveren dövlətlərdir. Onlar istənilən ölkə ilə, o cümlədən ABŞ ilə münasibətlər qurmaqda tamamilə sərbəstdirlər. Bu, onların daxili işidir", - deyə Dmitri Peskov bildirib.

Bu o deməkdirmi ki, Rusiya nəhayət reallıqları qəbul edir?

AYDİN SON.jpg (54 KB)

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Peskov reallığı dilə gətirib, Azərbaycan müstəqil dövlətdir və özünün daxili, xarici siyasətini müstəqil surətdə müəyyənləşdirir:

"Bu məsələdə biz milli maraqlarımıza uyğun olaraq hərəkət edirik. Azərbaycanın xarici siyasətinin güclü tərəfi ondan ibarətdir ki, Azərbaycanın onunla əməkdaşlıq etmək istəyən və maraqları üst-üstə düşən bütün dövlətlərlə yaxşı münasibətləri var. Həm qonşu dövlətlərlə, həm dünyanın aparıcı dövlətləri olan ABŞ ilə, Çinlə yaxşı münasibətlər var. Rusiya ilə bizim mehriban və eyni zamanda bir-birimizin maraqlarına hörmətlə yanaşan münasibətlərimiz mövcuddur. Vaxtaşırı Azərbaycan-Rusiya məsələləri açıq şəkildə müzakirə edilir, ortada olan məsələlərin həlli üçün müvafiq addımlar atılır.

Bu gün dünya Azərbaycanın seçiminə hörmətlə yanaşır. Ermənistanla münasibətlər normallaşır, bunun üçün müvafiq addımlar atılır. Bundan sonrakı münasibətlər əlbəttə ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiasının çıxarılmasından asılıdır. ABŞ-nin vitse-prezidentinin Bakıya səfəri və imzalanan Tərəfdaşlıq Xartiyası Azərbaycanın müstəqil siyasətinin böyük dövlətlər tərəfindən qəbul olunduğunu və ona hörmətlə yanaşıldığını bir daha sübut etdi".

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR