Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin heç olmasa minimum məqsədə – bütün Donbass bölgəsinin işğalına nail olunmadan bitməsini şəxsi təhlükəsizliyi üçün birbaşa hədə hesab edir.
Musavat.com xəbər verir ki, bu barədə "The Economist" nəşri məlumat yayıb. Məlumata görə, müharibənin gedişində Putin yaxın ətrafına "Onlar məni asacaqlar" deyərək narahatlığını ifadə edib. Cəbhədə yaranan dalana dirənmə fonunda Rusiya lideri gərginliyi artırmaq qərarına gəlib və 300-400 min nəfərlik yeni hərbi səfərbərlik dalğasına hazırlaşır.
"The Economist" yazır ki, Kremlin əsas qorxularından biri hərbi müxbirlər və ultramillətçilərdən ibarət radikal Z-mühitinin narazılığıdır. Hakimiyyət inandırıcı qələbə olmadan və ya ABŞ ilə yaxınlaşma şəraitində bu qrupun üsyan edə biləcəyindən ehtiyatlanır və artıq xüsusi xidmət orqanları vasitəsilə onlara nəzarəti gücləndirib. Cəmiyyətdə də sakitlik pozulub: Ukrayna PUA-larının neft emalı zavodlarına və anbarlara endirdiyi zərbələr, həmçinin internet məhdudiyyətləri dinc həyat illüziyasını dağıdıb və rəyi soruşulan rusiyalıların 57%-i ölkədəki vəziyyəti gərgin qiymətləndirib.
Elitalar arasında isə son 5 ilin itirildiyi hissi üstünlük təşkil edir və müharibənin bu şəkildə uzanması Kremlin iqtisadi resurslarını, siyasi kapitalını sürətlə tükəndirir. Bütün bunların fonunda Vladimir Putin MKİ direktoru Con Retkliffin Moskvaya səfərini zəiflik əlaməti kimi dəyərləndirərək yeni eskalasiya qərarı verib. Bu strategiya Ukraynanın energetika sisteminə kütləvi zərbələr endirilməsini və regional hakimiyyət orqanlarının məcburi üsulları ilə cəbhəyə daha 300-400 min nəfərin göndərilməsini nəzərdə tutur.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ