İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən AZAL təyyarəsi ilə bağlı iddia - Deputatın cavabı: "Hansı məsələlər həll olunub?"

Rusiya Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yeni açıqlama verib. Şimal qonşumuzun xarici işlər nazirinin müavini Mixail Qaluzin hadisə ilə bağlı Moskva və Bakı arasında bütün məsələlərin həll olunduğunu bildirib.

Onun sözlərinə görə, qəzanın nəticələri ilə bağlı müzakirə olunan məsələlər artıq yekunlaşıb. Bununla yanaşı, Qaluzin baş verən hadisənin ağır faciə olduğunu vurğulayaraq, həyatını itirənlərin yaxınlarının yaşadığı acını nəzərə aldığını və bu səbəbdən mövzu ilə bağlı əlavə təfərrüat açıqlamaq istəmədiyini qeyd edib.

"Bütün məsələlər həll olunub. Lakin söhbət dəhşətli faciə yaşamış və ağır itki ilə üzləşmiş insanlardan getdiyi üçün bu barədə ətraflı danışmaq istəməzdim", – deyə Rusiya XİN başçısının müavini bildirib.

Rusiya rəsmisinin bu açıqlaması AZAL təyyarəsinin qəzası ilə bağlı bütün suallara aydınlıq gətirirmi? Hadisənin bütün təfərrüatları və məsuliyyət məsələsi ictimaiyyətə açıqlanacaqmı?

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov: "AZAL təyyarəsinin Qroznı səmasında qəzaya uğraması ilə bağlı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva ilə Bakı arasında bu hadisə ilə əlaqədar bütün məsələlər həll olunub. Lakin hansı məsələlərin həll edildiyi barədə ictimaiyyətə ətraflı məlumat təqdim olunmayıb. Qəza baş verdikdən sonra Azərbaycanın üç əsas tələbi var idi. Birincisi, hadisənin baş verməsinə görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılması idi. İkincisi, qəza nəticəsində zərər çəkənlərə və həlak olanların ailələrinə kompensasiyanın ödənilməsi tələb olunurdu. Üçüncüsü isə qəzaya uğrayan təyyarənin dəyərinin ödənilməsi ilə bağlı idi.

Mixail Qaluzinin "bütün məsələlər həll olunub" ifadəsini bu tələblər ətrafında razılığın əldə edilməsi və ya müvafiq addımların atılması kimi başa düşmək olar. Bununla belə, o, hansı konkret məsələlərin həll olunduğunu açıqlamayıb. Bizim bu məsələ ilə bağlı ətraflı məlumatımız yoxdur. Amma hansı məsələlərin həll olunduğu ilə bağlı daha ətraflı məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının rəsmi mətbuat xidmətlərindən öyrənmək mümkündür".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR