Onlayn ictimai-siyasi qəzet
Dünən Keniyanın paytaxtı Nayrobi şəhərində iki günlük “Afrika, irəli” (“Africa Forward”) sammiti olub və zirvə toplantısında Fransa prezidenti Emmanuel Makron çıxış edərək Afrika dövlətlərinin iqtisadiyyatına on milyardlarla avro investisiya qoymaq niyyətində olduğunu bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qoşunlarını Afrikadan faktiki olaraq geri çəkən Fransa indi Afrika qitəsini Çinə, ABŞ-yə, Rusiyaya və ya Türkiyəyə vermək niyyətində olmadığını və qitədə öz maraqlarını qorumaq əzmində olduğunu göstərib.
Bildirilir ki, “Afrika, irəli” sammiti Makronun və Keniya prezidenti Uilyam Rutonun təşəbbüsü ilə keçirilib. Tədbir Parisin Afrika dövlətləri ilə münasibətlərini yenidən qiymətləndirməsinin əlaməti olaraq mühüm bir hadisəyə çevrilib. Əvvəllər Fransa oradakı mövcudluğunu (əsasən hərbi) ardıcıl olaraq azaldırdı, lakin indi onu artıracaq.
Makrona görə, Fransanın Afrikaya yenidən nüfuz etməsi 23 milyard avro (27 milyard dollar) investisiya ilə başlayacaq. Fransa prezidenti investisiya və həyata keçirilmə müddətini dəqiqləşdirməyib. Ancaq məlumdur ki, bu investisiya proqramında Fransadan gələn özəl və dövlət vəsaitlərinin ümumi məbləği 14 milyard avro olacaq. Qalan 9 milyard avro isə regionun enerji sektorunun, rəqəmsal texnologiyaların, kənd təsərrüfatının, süni intellekt və dəniz iqtisadiyyatının inkişafında maraqlı olan Afrika investorları tərəfindən yatırılacaq.
Makron deyib ki, bütün bunlar Aralıq dənizinin hər iki tərəfində təxminən 250.000 iş yeri yaradacaq. Qeyd edək ki, Fransa əvvəllər heç vaxt Makronun elan etdiyi miqyasda Afrikaya maliyyə investisiyaları qoymayıb.
Burundi, Cibuti, Misir, Qana, Mavriki, Mərakeş, Mozambik, Nigeriya, Ruanda və Seneqal liderləri “Africa Forward” sammitində çıxış ediblər. Zirvə toplantısının təşkilatçıları tədbirdə 30 Afrika ölkəsindən liderlərin iştirak etdiyini açıqlayıblar.
Uzun müddət Parisin keçmiş müstəmləkələri ilə münasibətləri qeyri-rəsmi olaraq "Fransafrique" adlandırılan siyasət çərçivəsində inkişaf etdirilib. Onun əsas məqsədi keçmiş müstəmləkələrində Fransa təsirini qorumaq olub. Zamanla bu siyasət öz effektivliyini itirib. Fransız müstəmləkəçiliyinə qarşı narazılıqla birləşən “Fransafrique” əvvəllər Fransa hakimiyyəti altında olan bir çox ölkəni Parisə qarşı qoyub. Məsələn, Fransa-Əlcəzair münasibətlərində gərginlik davam edir.
Makron Fransanın keçmiş müstəmləkələrinə qayıtmağa çalışdığına dair ittihamları qəbul etmir. Onun sözlərinə görə, Fransa hakimiyyəti artıq bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında münasibətlər qurmağa sadiqdir. Bu haqda dansan Makron deyib: "Mən artıq Fransanın Afrikaya özünün şəxsi təsir dairəsi kimi baxmasını istəmirəm”.
Buna baxmayaraq, Fransanın qitədəki mövcudluğunu gücləndirmək cəhdi göz qabağındadır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ