İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB-nin sammitində “böyük hesablaşma” gözləntisi

Liderlərin zirvəsində Xəzərin təhlükəsizliyi xüsusi yer tutur; Əliyev-Putin görüşü ola bilər

İki gün sonra - oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi sammitdə siyasi, iqtisadi və humanitar əməkdaşlıqla yanaşı, Xəzər regionu, nəqliyyat marşrutları və təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzularından olacağı gözlənilir. Rusiyanın Türkmənistandakı səfiri İvan Volınkinin açıqlamaları Moskvanın Avaza toplantısına hansı prizmadan yanaşdığını göstərir. Diplomat bildirib ki, Rusiyanın sammitdə əsas maraqlarından biri Xəzər regionu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir.

Volınkinin sözlərinə görə, Moskva Azərbaycan, Türkmənistan və Qazaxıstan üzərindən keçən quru marşrutlarının inkişafında maraqlıdır. Rusiya-Azərbaycan-İran dəmir yolu bağlantısında mövcud problemlərə də toxunan səfir bu istiqamətdə infrastruktur məsələlərinin həllinin vacibliyini vurğulayıb. Onun fikrincə, Qazaxıstan və Türkmənistan üzərindən alternativ marşrutların imkanları isə məhduddur. Ancaq Moskvanı narahat edən məsələ yalnız nəqliyyat deyil. Xəzərin təhlükəsizliyi də Kreml üçün getdikcə daha həssas mövzuya çevrilir. Ukrayna dronlarının Xəzər regionunda Rusiya və İranla bağlı hədəflərə hücum etməsi Moskvanın narahatlığını artırıb. Bu hadisələr Xəzərin yalnız enerji və logistika məkanı deyil, həm də təhlükəsizlik baxımından strateji əraziyə çevrildiyini göstərir.

Bakı həm Şimal-Cənub dəhlizinin mühüm həlqəsidir, həm də Xəzərdə nəqliyyat və enerji marşrutlarının əsas iştirakçılarından biridir. Bu baxımdan Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin mümkün görüşü xüsusi əhəmiyyət daşıyır. Tərəflərin Xəzərdə təhlükəsizlik, nəqliyyat dəhlizləri və ikitərəfli münasibətlərlə yanaşı, Cənubi Qafqazdakı son prosesləri də müzakirə etməsi mümkündür.

Bir sözlə, Avaza sammitinin rəsmi gündəliyi MDB əməkdaşlığı olsa da, Moskvanın diqqətinin Xəzərə yönəldiyi açıq görünür. Və Xəzərdən danışarkən Azərbaycanın adını gündəmdən kənarda saxlamaq mümkün deyil. Putinin Avaza planında Bakı məhz bu səbəbdən xüsusi yer tutur.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla telefon danışığı zamanı MDB iclasında fəal iştirak edəcəyini təsdiqləyib. O deməkdir ki, Putin-Paşinyan, Əliyev-Paşinyan təmasları istisna deyil. Sözsüz ki, liderlərin müzakirə etməli olduğu çoxlu mövzu var. Xüsusən də Rusiya və Ermənistan rəhbərləri yarımçıq qalan məsələləri yenidən danışmalıdırlar.

Müşahidəçilərin fikrincə, uzunmüddətli perspektivdə Avaza görüşlərinin ən mühüm nəticəsi MDB-nin özündən çox Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının dərinləşməsi ola bilər. Oktyabr sammitində birdən-birə böyük qaz sazişi və ya tammiqyaslı Transxəzər qaz kəməri layihəsinin elan olunması gözlənilmir. Üstəlik, MDB artıq Rusiyanın əvvəlki kimi dominant şəkildə idarə etdiyi struktur deyil. Azərbaycan da çoxvektorlu siyasət yürüdür. Ona görə sammitdə Moskvanın əsas məqsədi MDB-ni daha sıx siyasi bloka çevirməkdən çox, mövcud əlaqələrin dağılmasının qarşısını almaq olacaq.

Oqtay Qasımov: "Türkiyə İrana hücumun əleyhinədir" - Oxu.az

Oqtay Qasımov

Siyasi ekspert Oqtay Qasımov “Yeni Müsavat”a açıqlamasında 9 oktyabrda keçiriləcək sammiti növbəti ənənəvi toplantılardan biri kimi qiymətləndirib. Onun sözlərinə görə, MDB dövlət başçılarının yığıncağı protokol xatirinə təşkil olunur və hansısa mühüm qərarlar qəbul edilmir. O, bu sammitin əvvəlkilərdən fərqlənməyəcəyini düşünür: “Amma Rusiyadan sammit ərəfəsində səslənən bəyanatlara diqqət yetirəndə məlum olur ki, bu toplantıya daha ciddi yanaşma var. Xüsusən də nəqliyyat- logistika sahələrində gözləntilər yer alır. Nəzərə alaq ki, Rusiyanın dövlət başçısı Şimal-Cənub dəhlizi ilə bağlı Azərbaycan haqda müsbət fikirlər səsləndirib”.

Xəzərin təhlükəsizliyinə gəldikdə, ekspertin fikrincə, bu mesajlar ilk baxışda xoşagəlimli görünür: “Amma başqa niyyətlər də var. Xəzər dənizi Azərbaycanla Orta Asiya arasında bir vasitədir. Eyni zamanda Orta dəhlizin daşımaları əsasən Xəzər üzərindən reallaşacaq. Bu, Rusiyanın maraqlarına uyğun deyil, sadəcə, mane olmaq imkanı da yoxdur” .

Oqtay Qasımov bildirib ki, Xəzəryanı ölkələrin qəbul etdiyi konvensiya var: “Rusiya və İran Azərbaycanla Türkiyə dənizçilərinin birgə təlimlərindən narahatdır. Həmçinin Özbəkistanın Xəzərdə yükdaşıma donanmasının yaradılması müzakirə olunub ki, bu da Moskva və Tehranın ürəyincə deyil. Yəni Xəzərin təhlükəsizliyi vacib məsələdir, amma dənizdə təhlükəni yaradan da elə şimal və cənub qonşularımızdır. Çünki Rusiyanın Xəzərdən Ukraynaya zərbələri bu akvatoriyanı da savaşa çəkmək deməkdir. Eləcə də 40 günlük müharibədə İranın  Xəzərdə limanları İsrailin hədəfinə tuş gəlmişdi. Odur ki, MDB sammitindən gözləntilərim yüksək deyil. Lakin Azərbaycan və Rusiya liderləri bir araya gələrsə, münasibətlərin inkişafı, 2 il qabaq baş verən insidentə görə zəruri addımların atılması, logistika, Zəngəzur dəhlizi və digər mövzular müzakirə oluna bilər. Amma rəsmi məlumat olmadığı üçün bunlar ehtimallardır”.

Onu da deyək ki, MDB-nin yaradılmasının 35 illiyinə təsadüf edən formal yubiley toplantısı çərçivəsində üzv dövlətlər arasında siyasi dialoqun dərinləşdirilməsi, humanitar-mədəni sahədə əlaqələrin genişləndirilməsi və beynəlxalq gündəliyin aktual məsələlərinə dair bir sıra birgə sənədlərin imzalanması planlaşdırılır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR