Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma məsələsində Tehranın səmimiliyinə şübhə etdiyini Prezident Donald Trampa və administrasiya üzvlərinə çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə Axios saytı məlumat yayıb.
Nəşrin üç məlumatlı mənbəyə istinadən yazdığına görə, Retkliffin mövqeyi kəşfiyyat məlumatlarına əsaslanır. Həmin məlumatlar İran rəsmilərinin öz aralarında danışdıqları ilə vasitəçilərə və ABŞ tərəfinə verdikləri mesajlar arasında fərqlər olduğunu göstərir.
Axios bildirir ki, MKİ rəhbərinin təqdim etdiyi məlumatlar dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetdə də İranın danışıqlarda səmimi olmadığı qənaətini gücləndirib. Bununla belə, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner İranla qarşılıqlı anlaşma memorandumunun imzalanmasının tərəfdarı olaraq qalırlar.
Ağ Evdən “Axios”a verilən açıqlamada qeyd olunur ki, Tramp bütün məsələlər üzrə fərqli mövqeləri dinləyir, lakin yekun qərarı özü verir. “Prezident yalnız ABŞ üçün əlverişli və yaxşı hesab etdiyi yekun razılaşmanı təsdiqləyəcək”, – deyə Ağ Ev nümayəndələri vurğulayıblar.
Müəllifə görə, İranın nüvə proqramı ilə bağlı danışıqlar Tramp administrasiyası daxilində də müxtəlif yanaşmaların mövcud olduğunu göstərir və yekun qərarın necə olacağı hələlik açıq qalır.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ