Onlayn ictimai-siyasi qəzet
Əziz Türkiyəmizdə dini təriqətlərin cinayət işləri ara vermir. Fetö bitməmiş, Mənzilçilər çıxdı, onları qapatmamış indi də Süleymançılar araşdırılır. Süleymançıların başçısı Əlixan müəllimi artıq qazamata basıblar, ofislərdən çıxan 200 kilo qızıl, xaricə axıdılan 2 milyard dollara yaxın pul isə, qəribədir ki, Türkiyədə heç kəsi təəccübləndirmir. Azərbaycanı İsraillə müttəfiqlikdə suçlamaq, Qəzza üçün yalandan göz yaşı axıtmaq lazım gəlsəydi, başqa məsələ.
Süleymançılar camaatdan qurbanlıq qoyun kəsilməsi üçün pul toplayır, lakin qurban kəsmirmiş. Ümumiyyətlə, guya sufizmin nəqşibəndilik qoluna aid olan Süleymançılar təriqəti tamamilə zidd şəkildə aşkara çıxıb. Çünki sufilər dünya malından uzaq durmağı, gözütoxluğu təbliğ edirdilər. Məsələn, qədimdə sufi dərvişləri tərki-dünya yaşayır, sədəqə alırdılar, uzağı, heç kəsə məxsus olmayan quru çör-çöp, odun toplayıb bazarda satır, gündəlik qara çörək və su ilə kifayətlənirdilər. İndinin “sufilərinin” isə Almaniya və Ərəbistandakı qara, gizli pul hesablarında milyardlar tapılır.
Bu da əslində bizim çıxarmalı olduğumuz dərslərdən biridir. Haçansa bizdə də fürsət bulsalar dini təriqətlər at oynadacaq, şübhəniz olmasın. Yaxın tariximizdə bəzi xırda-para qrupları xatırlayırıq. Saxta peyğəmbərlər, guya yeni dini təfsir gətirən xarici agentlər... Dini idarəmizin müdirinin isə Çexiyada obyektləri tapılmışdı. O zaman mən həmin ölkəni “Şeyxiya” adıyla tanıtmışdım. Əlbəttə, tək orda deyildi, ana yurdumuzda da şeyx həzrətlərinin və onun saysız qahım-əqrəbasının obyektləri, ticarət və bazar sahələrinə vaxtaşırı rast gəlirik. Qəribədir ki, bu adamlar indi yaşadığımız dünyanı “fani, çürük” adlandırır, əsas mükafatın o biri dünyada olacağından dəm vururlar, ancaq nədənsə özləri buradakı mal-mülkdən dördəlli yapışırlar. Puç, fanidirsə, sizin üçün niyə fani deyil?
Ancaq, şairin əsərini yüngülvari nəzirə eləsək, “olmasaydı cahanda ağıldan keylər, əlbəttə, ac qalardı şeyxlər”. Türkiyədə Əlixan müəllimi türməyə aparırdılar, onun müridləri arvadlı-kişili yolun qırağında dustaq avtobusuna əl yelləyir, zülüm-zülüm ağlaşırdılar.
Belə şeylər, insafən, təkcə müsəlman dünyasında olmur. Qərbdə, xristian inancında da vaxtaşırı fanatik təriqətlər ortaya çıxır, hətta bəzən kütləvi intihar edirlər. Hökumətlə atışır, kilsəni yandırıb ölürlər və sairə. Yaponiya deyəndə hamımız yüksək zəkalı insanlar təsəvvür edirik, lakin 90-cı illərdə orda “Aum Şinrikyö” adlı neobuddist dini təriqət zarin qazı ilə Tokio metrosunda terror törətmişdi, minlərlə insanı zəhərləmiş, üst-üstə 20, ümumiyyətlə isə onlarla günahsız şəxsi qətlə yetirmişdi.
İndi süni intellektin, kompüter texnologiyalarının inkişafı dünyada dini təriqətçiliyə son qoyacaqmı? Təəssüf ki, mən tam əksini düşünürəm. Ehtimal edirəm, insanların qısa video izləməyə aludəçiliyi, kitab oxumağın, şəxsən arayıb, axtarıb öyrənməyin tədricən yadırğanması, işsizlik və yoxsulluğun, varlı-kasıb qütbləşməsinin şiddətlənməsi dini təriqətlər üçün münbit sahəni genişləndirir. Sadəcə, ola bilsin, təriqət və şeyxlərin adı yüngülvari dəyişir, biz hələlik bunu anlamırıq. Məsələn, süleymançılar “ilonmaskçılar” olur, təkyə və ziyarətgahları tiktoker bloqları əvəz edir. (Hətta təkyə və tiktok qulaq qafiyəsi kimi səsləşir, buyurun, ateistlər, izah edin, buna nə sözünüz?) Adamlar eyni həvəs və aldanışla, ümid və inancla inflyuenserlərə “nəzir” atırlar. Onların virtual və fövqəltəbii dünyasından mədət umurlar.
Sonda bir dini lətifə yazaq, əziz oxucularımızın günü xoş keçsin, ilahi, amin!
Kilsədə keşiş dua oxuduğu yerdə içəri bir sərxoş soxulur, keşişə şapalaq vurur, deyir: “İndi də o biri üzünü çevir”. Keşiş dönüb sərxoşa ilişdirir, deyir: “Nə ilə ölçəcəksənsə, səni də onunla ölçəcəklər”. Camaat toplaşır, maraqla izləyir. Polis səs-küyə yaxınlaşır, soruşur, nə olub burda. Camaat deyir: “Sən qarışma, İncili şərh edirlər”.
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ