İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahirgil bu axşam da udmasalar...

Bir zamanlar beynəlxalq futbol turnirlərində gur-gur guruldayan Xorvatiya milli komandasının dünən gecə İngiltərə yığmasına 0:7 hesabıyla uduzmasından sonra adam düşünür ki, futbol etibarsız oyundur.

Xorvatiyanın ərazisi ölkəmizin ərazisinin 60 faizi, əhalisi isə bizim camaatın üçdə biri (4 milyona çatmır) qədərdir. Di gəl, Xorvatiya milli komandası futbolda bir dəfə (2018-ci ildə) dünya ikincisi olub, finalda Fransaya uduzub; iki dəfə də dünya kubokunun bürünc medalını qazanıb (1998, 2022). Hələ UEFA Millətlər Liqasında 2-ci yer (2023) tutmuşluğu da var, Avropa çempionatında 1/4 final (1996, 2008) oynamışlığı da.

Amma bu fərasətli, inadkar, atletik komanda dünən öz meydançasında ingilislərə 0:7 hesabıyla uduzdu. Özü də o ingilislərə ki, futbolda babat uğuru axırıncı dəfə 60 il qabaq, bakılı Tofiq Bəhramovun hesabına qazanıb.

Bizim əhalinin sayı 11 milyona yaxınlaşıb, amma hələ də meydançaya 11 futbolçu çıxara bilmirik. “11 futbolçu” deyərkən söhbət bacarıqlı, səriştəli, qol vuran, qələbə qazanan futbolçulardan gedir. Yoxsa top dalınca qaça bilən minlərlə futbolçumuz var.

Tenqriyə and olsun, kəndlərdə elə futbolçular var ki, zərbələri qapının tirinə dəyəndə ya top cırılır, ya da tir sınır, amma onlar gedib rayon səviyyəsində oynayanda ayaqlarına top dəymir. Eləcə də rayonda ad çıxarmış futbolçular respublika səviyyəsində baş çıxara bilmirlər. Bakıda driblinq edə bilənlər də beynəlxalq səviyyədə “buksavat” edirlər.

Ona görə də biz o gün Zərdab rayonunun əhalisi qədər vətəndaşı olan Lixtenşteynlə heç-heçə oynadıq. Onlar qələbə qazanmış kimi atılıb-düşəndə bizim futbolçular da finalda məğlub olmuş kimi çəmənə sərildilər. Ta nə deyəsən, çəkdikləri xəcalət özlərinə bəsdir.

Amma bunu çox da ürəyə salmaq olmaz. O vaxt (2014-cü ildə) Braziliya millisi də öz meydançasında almanlara 1:7 hesabı ilə uduzdular, hələ də həzm edə və özlərinə gələ bilməyiblər. Bütün dünya braziliyalı futbolçulara təşər-təşər “pentakampeon” (5 dəfə çempion olmuş) deyirdi, amma onların 2002-ci ildəki penta çempionluğu qara gəldi.

Görünür, futbol lənəti deyə bir şey doğrudan da var. Həmin il braziliyalılar Türkiyə millisi ilə iki oyun oynadılar – birini startda, o birini yarımfinalda. İkisi də çətin oyun oldu. Braziliyalılar həmin oyunlardan birini haramçılıqla, sırf hakimin üzgörənliyi ilə uddular. Belə oldu: dizinə top dəymiş Rivaldo üzünü tutub yerə yıxıldı (şəkildə), hakim Türkiyə millisinin müdafiəçisi Hakan Ünsala qırmızı vərəqə göstərdi, nəticədə Braziliya yığması ölüm-zülüm qələbə qazana bildi. Böyük haqsızlıq idi. O zaman biz azarkeşlər bu qələbəni braziliyalılara halal etmədik. Hətta mən Rivaldoya “Qıvraldo” adı qoymuş (yerdə uzanıb qıvrıldığına görə), bu başlıqla yazı da yazmışdım.

Ondan bəridir, Braziliya millisi mundiallarda nəinki finala, heç yarımfinala da çıxa bilmir. Bəlkə də İngiltərə yığması da alman azarkeşlərin qarğışına keçib, 60 ildir çempionluğa həsrətdir.

Bizim futbolu isə sanki dəhnədən qarğayıblar. Karatedə yaponlara, Roma-yunan güləşində romalılara və yunanlara, oxatmada monqollara qalib gələ bilirik, amma futbolda mümkün olmur. Gerçəkdən də komanda oyunu bizlik deyil. Çünki heç cür komanda ola bilmirik. And içərəm ki, indinin özündə, eramızın üçüncü minilliyinin 26-cı ilində bizim futbol komandamızın üzvlərinin yarısı bir-birilə küsülüdür və dərin intriqa içindədirlər, bir-birinin dalınca “o, bir qəpiklik futbolçu deyil” deyirlər.

Belə şeylər tək bizdə deyil, çox ölkələrdə elədir. Dünyanın iki ən güclü futbolçusundan biri olan Ronaldonun torbasını öz milli komandasında tikmədilərmi? Fernandeşin dəstəsi Kriştianunu axır-axırda alaşalvar elədi. O vaxt ispanlar da Raul Qonsalesi belə etmişdilər.

Sözü ona gətirirəm ki, futbol etibarsız idman növüdür, eləcə, boş vaxtlarda tamaşa etmək olar, amma nəticələrini ürəyə salmaq olmaz. Hələ bir baxaq görək, uduzanların özü məğlubiyyəti ürəklərinə salır, üzülürlərmi? Məsələn, 2014-cü ildə almanlara 1:7 hesabıyla uduzanda Neymar başda olmaqla “pentakampeonlar”dan heç biri ölmədi, amma azarkeşlərin içində üərəktutmadan ölüb stadionda qalanlar, evində infarkt keçirənlər, intihara cəhd edənlər oldu. Qazanacağı milyon əlindən çıxan futbolçu meydançadan üzgün sifətlə çıxır, “Ferrari”sinə oturub irişə-irişə gecə barına gedir, kirayədə yaşayan azarkeş özünü həlak edir ki, komandam niyə uduzdu.

Əgər bu axşam Mahirgil (Azərbaycan millisi) Litva yığmasını uda bilməsə (uduzmaq o tərəfə dursun), heç ürəyinizə salmayın, əziz oxucular. Birdəfəlik bilin ki, əlimizdən, qıçımızdan gələn budur, türkün sözü.

P.S. Nəhayət, bizimkilər şeytanın qıçını qıraraq qələbə qazandılar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR