İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Güney Qafqaz ölkələrinə YENİ mesaj  

“Bəzi dövlətlər Cənubi Qafqaz ölkələrini parçalamağa, orada qarışıqlıq yaratmağa çalışır və Rusiya bunu ehtiyatla izləyir”. Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedyev İranın Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi müsahibədə söyləyib.

“Qafqaza gəldikdə isə, bəli, müəyyən dövlətlər hazırda orada vəziyyəti qarışdırmağa çalışır. Onlar Cənubi Qafqaz ölkələrini bölməyə cəhd edir. Bu doğrudur. Biz bunu ehtiyatla izləyirik”, - o bildirib.

Medvedyev qeyd edib ki, Qərb dünyası əvvəlcə Gürcüstana NATO-ya üzvlük təklif edib və bundan yaxşı heç nə alınmayıb. “Gürcüstan hələ də NATO üzvü deyil. Onun hazırkı rəhbərliyi bunun yanlış yanaşma olduğunu anlayır. Bütün bunlar münaqişəyə səbəb oldu”, - rusiyalı rəsmi vurğulayıb.

Təhlükəsizlik Şurasının sədr müavininə görə, hazırda Ermənistanda vəziyyət dəyişir və ölkə rəhbərliyi respublikanın inkişaf vektorunu dəyişdirməyin düzgün olduğuna qərar verib. Medvedyev eyni zamanda, iddia edib ki, Rusiya Qafqaz da daxil olmaqla, regional problemlərini müstəqil şəkildə həll edir.

“Rusiya Qafqazın bir hissəsidir və buna görə də dost olmaq, ticarət etmək, inkişaf etmək üçün, region ölkələri ilə əməkdaşlıq etmək üçün onun kimsəyə ehtiyacı yoxdur”, - o əlavə edib.

Medvedyevin bu mesajı necə oxunmalıdır? Rusiyanın Güney Qafqazla bağlı hansısa gizli və ehtiyat planı ola bilərmi?

Fərhad Məmmədov: “İran yenə özünün əsl simasını göstərdi”

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Rusiyanın regionda zəifləməsi və bir sıra resurslarını itirməsi Moskvanı strateji aktivlər uğrunda mübarizədə yeni tərəfdaşlara ehtiyac duyulan vəziyyətə gətirib:

"Bu, Rusiyanın ənənəvi siyasətidir. Rusiya regionda zəifləyib, bir sıra resurslarını itirib və hazırda həmin resurslar, xüsusilə də strateji aktivlər uğrunda mübarizə aparır. Lakin bu mübarizəni təkbaşına aparmaq imkanları məhdud olduğu üçün daha çox İranı bu prosesə cəlb etmək və onunla birlikdə mübarizə aparmaq niyyətindədir”.

Onun sözlərinöə görə, son dövrlərdə Rusiya rəsmiləri daha çox İrana çağırış edir ki, məhz Tehran TRIPP layihəsinə qarşı daha fəal addımlar atsın: “Bu yanaşma əslində bütün ölkələrə şamil edilir, lakin hazırda əsas mübarizə meydanı Ermənistandır.
Həm Rusiya, həm də Ermənistan rəhbərliyi Putin-Paşinyan görüşünə hazırlaşır. Bu görüşdə bir sıra mühüm məsələlər həll olunmalıdır. Əsas suallardan biri Rusiyanın Ermənistan və regionda hansı sahələrdə qalacağı, hansı sahələrdən isə geri çəkiləcəyidir. Məhz bu görüş ərəfəsində Rusiya Medvedyev vasitəsilə İrana yeni bir çağırış edib ki, Ermənistana təzyiqini artırsın".

Xalidə Gəray
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR