Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin regionda geniş müzakirələrə səbəb olmuş açıqlamalarına, xüsusilə də Qarabağda qazanılan qələbədə xarici dövlətlərin rolu barədə dediklərinə reaksiyalar davam edir.
Heç gözlənilmədən sosial şəbəkənin gürcü seqmenti də bu müzakirələrə qoşulub.
Ona görə “gözlənilmədən” ki, bu söhbətin Gürcüstana, gürcülərə birbaşa dəxli yoxdur. Amma böyük ehtimalla onlar da lap uzaq bir əlaqə, dolayı ilişki tapıblar.
“Mtavari” adlanan səhifə Azərbaycan rəhbərinin çıxışının ən çox paylaşılan abzasını dərc edib və gürcülər, ermənilər, eləcə də azərbaycanlılar bu paylaşıma 1000-ə yaxın şərh yazıblar. (Sorğu şirkətləri 1000 abonentin rəyini toplayınca 1 ay vaxt gedir).
Gürcü dilində verilmiş paylaşımın şərhləri ana dilimizdədir - yarıpozuq olsa da. Görünür, şərh yazanlar bunu tərcümə proqramları ilə çevirib yazıblar və çox istəyirlər ki, onların hansı düşüncədə olduqlarından xəbərimiz olsun.
Şərhçilərin çoxunun ad-soyadı gürcülərə məxsusdur, amma yazdıqlarının məzmunundan və üslubundan (isterika, qırmızı şər, ənənəvi həyasızlıq) dərhal anlamaq olur ki, onlar ya gürcü soyadı daşıyan ermənilərdir, ya da ermənilərlə qohumluğu olan gürcülər.
Azərbaycanlı ad-soyadı ilə yazanların bir çoxu onlara sərt cavablar versə də, əksəri soyuqqanlı və təmkinli şəkildə gürcülərə xitab edirlər ki, kənar qüvvələrin təxribatına getməsinlər, gürcülərin və azərbaycanlıların münasibəti barədə tələsik və emosional fikirlər bildirməsinlər.
Məsələn, bir gürcü ad-soyadlı şərhçi qısa şəkildə yazıb ki, azərilər bizim düşmənimizdir. Bir neçə soydaşımız ona belə cavab veriblər ki, sizə düşmən olub nə etmişik. Başqa bir nəfər isə 2008-ci ilin avqustunda Gürcüstanın Rusiyanın hərbi təcavüzünə məruz qaldığını xatırladıb və bildirib ki, həmin qara qışdan sizi hansı qonşu dövlətin çıxardığını unutmayın.
Gerçəkdən də, başa qaxınc etmək kimi çıxmasın, həmin il Rusiya ilə açıq düşmənçilik münasibətlərində olan, portağalından mineral suyuna qədər hər cür məhsullarına qadağa qoyulan, qazı kəsilən Gürcüstan məhz Azərbaycanın fədakarlığı sayəsində 2008\2009-un qışından çıxa bildi. Həmin vaxt Gürcüstanın prezidenti olan Mixail Saakaşvili bunu həm o vaxt, həm də prezidentlikdən gedəndən sonra dəfələrlə dilə gətirib. Azərbaycanın etdiyi yardım ona görə əhəmiyyətli idi ki, Rusiya Gürcüstanı diz çökdürmək istəyirdi və Azərbaycana təzyiq edirdi ki, Saakaşvilinin özünün və ölkəsinin ayaqda qalmasına köməklik etməsin. Bu təzyiqlərə baxmayaraq, Azərbaycan qonşuluqda necə sədaqətli olduğunu göstərdi, comərdlik göstərdi.
Görünür, “Mtavari”nin paylaşımına şərh yazan gürcülərin bir xeylisi o zamanlar uşaq olublar (8-10 yaş), bu kimi təfərrüatları bilmirlər. Hər halda ermənilərin fəallıq göstərdiyi və yüzlərlə anti-Azərbaycan şərhlərinin yazıldığı səhifədə bu cür aldanış içində, yanlış düşüncədə olan gürcülər də var.
Onlarla yanaşı, “lider belə olar, öz torpağını işğaldan azad etdi”, “bizə də belə bir lider lazımdır” yazanlar, “təəssüf ki, bizim nə Əliyev kimi liderimiz, nə də Türkiyə kimi dayımız yoxdur” deyə sitəm edənlər də var.
Azərbaycan rəhbərinin bu sayaq ötkəm ritorikasına açıq-aşkar paxıllıq edənlərə də rast gəlinir. Onlar qəbullana bilmirlər ki, Azərbaycan işğal edilmiş torpaqlarını 30 ildən sonra olsa da, qısa müddətdə azad edib, amma Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində yurisdiksiyasnı bərpa edə bilməyib. Ona görə də yazırlar: “Sizə Türkiyə, İsrail, Pakistan kömək etdi, amma biz özümüz vuruşduq”.
Adama deyərlər, birincisi, əlinizi, qolunuzu tutan yox idi, elə edəydiniz, elə siyasət yeridəydiniz, sizə də kömək edəydilər, ikincisi, yardım, kömək başqa, vuruşmaq, odun-alovun içinə girmək, sıldırım qayaya dırmaşmaq başqadır. İkinci olmasa, birinci ilə hərbi uğur qazanmaq mümkün deyil. (Birinci olmayanda da çətin olur, söz yox).
Rəy yazaraq bizi düşmən sayan gürcülər nəzərə almırlar ki, bu ölkədə yaşayan abxazlardan, osetinlərdən, ermənilərdən, hətta acarlardan fərqli olaraq Borçalı türkləri həmişə sabit-qədəm olublar və heç vaxt gürcü dövlətçilyinə problem yaratmayıblar. İndi qədir-qiymətləri bilinmir. Separatçılar əziz-girami olub, sədaqətli olanlar düşmən elan edilir.
Yazılanları oxuyursan (1000 şərh az deyil), belə bir qənaətə gəlirsən ki, Qafqaz doğrudan da qəliz münasibətlər diyarıdır. Burada hələ xalqlar arasında qarşılıqlı etimad və ehtiram yoxdur, başqa xalqların qarşısında dominant olmaq, üstünlük qazanmaq, xüsusi imtiyaz əldə etmək istəyənlər var.
Onu da hiss edirsən ki, bizim yerimizdə onlar olsaydı, bizdəki resurslar onlarda cəmləşsəydi, Qafqazın xəritəsi başqa cür olardı. Allah bilir, bəlkə də bizə heç muxtar status verməzdilər.
“Mtavari”nin ortalığı qarışdıran maşavari paylaşımına yazılan o qədər şərhin içində baxırsan ki, yenə konstruktiv mövqe tutan, təmkinini qoruyan, qonşuya nifrət qusmayan, “gəlin dinc, yanaşı yaşayaq, dalaşmayaq” deyən bizimkilərdir, soydaşlarımızdır. Hərçənd bizimkilərin içində də söhbətə zirehli transportyorlarla girənlər var və onları qınamaq olmur.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ