İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan YENİ quruma çağırılır – Pezeşkianın o təklifi...

Ötən həftəsonu MDB-nin Trükmınistanda reallaşan sammitində İran prezidenti Məsud Pezeşkian maraqlı fikir söyləyib. O, təşkilatla Tehran arasında əməkdaşlığı inkişaf etdirmək üçün “MDB+1” formatının yaradılmasını təklif edib. Pezeşkianın sözlərinə görə, İran özünü regionun bir-biri ilə əlaqəli coğrafiyasının təbii bir hissəsi kimi görür və bu əlaqə təkcə coğrafi xarakter daşımır, həm də tarix, mədəniyyət və xalqlar arasında təmaslara əsaslanır.

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini  müəyyənləşdirir

İran prezidenti ilk dəfə qatıldığı MDB sammiti zamanı bildirib ki, Tehran “MDB ölkələri + İran” və ya “MDB+1” formatında dialoq və əməkdaşlıq üçün çevik və effektiv mexanizm yaratmağı təklif edir”.
O əlavə edib ki, bu, tranzit, enerji, ticarət, mədənçilik, investisiya, texnologiya, su ehtiyatları və ətraf mühitin mühafizəsi, turizm, eləcə də elmi və mədəni əlaqələr kimi sahələrdə birgə işlərin inkişafına imkan verəcək.

Bəs belə bir format nə dərəcədə reallaşa biləndir? Bakı onu dəstəkləyərmi? Başqa yandan, yeni format 3+3 formatı kimi faktiki kağız üzərində qalmayacaq ki?

Siyasi şərhçi Xəyal Bəşirov Musavat.com-a bildirib ki, "MDB+1" maraqlı ideyadır və reallaşması bir neçə səbəbdən asılıdır. Onun sözlərinə görə, ilk növbədə Azərbaycan bu məsələdə problem görmür və İranın iştirakına qarşı deyil.
Ekspert hesab edir ki, rəsmi Bakı xüsusən də Pezeşkian hökuməti dönəmində bu təşəbbüsə müsbət yanaşa bilər: "Amma regionda hadisələr kövrək və mürəkkəbdir. Nəzərə alaq ki, hər anın hökmü var və münasibətlər sistemi tez-tez dəyişir. Yəni İrandakı SEPAH rejimi ilə hökumətin baxışı üst-üstə düşmür deyə Azərbaycan qarşı tərəfin ucbatından cənub qonşusu ilə uzunmüddətli, sabit əlaqələr qura bilmir. Əgər Tehran stabil yanaşma və mövqe sərgiləyərsə, Azərbaycan İranın iştirak etdiyi MDB formatını dəstəkləyə bilər. Sözsüz ki, Rusiya və digər üzv ölkələrin də əleyhinə çıxacağını gözləmirəm. Amma ABŞ İrana təzyiqləri gücləndirdikcə bəzi üzv ölkələr üçün problemlər meydana çıxa bilər. Çünki ABŞ ilə tərəfdaş olan MDB üzvü dövlətlər var. Bu da İranla bağlı problemlərə yol açacaq".

Prezident Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə  tanış oldu - FOTOLAR

Xəyal Bəşirovun fikrincə, Pezeşkianın irəli sürdüyü “MDB+1” təşəbbüsü ilk baxışdan iqtisadi əməkdaşlıq formatı kimi görünür: "Lakin onun arxasında daha geniş geosiyasi məqsədlər dayanır. Belə desək, İranın regional təcriddən çıxması, Mərkəzi Asiya və Cənubi Qafqazla əlaqələrinin güclənməsi, enerji və nəqliyyat marşrutlarında mövqelərinin möhkəmlənməsi. Ancaq onun vahid siyasi blok və ya dərin inteqrasiya qurumuna çevrilməsi daha çətindir. Azərbaycan üçün əsas məsələ bu prosesdə iştirak edib-etməməkdən çox, iştirakın hansı şərtlərlə və hansı milli maraqlar əsasında baş verməsidir. Digər tərəfdən, biz bu layihədə maraqlı ola bilərik. Azərbaycan, Rusiya və İran liderləri Türkmənistan zirvəsində görüş keçirdi, Şimal-Cənub dəhlizi müzakirə olundu. Niyə də Pezeşkianın ideyası bu logistikaya, əməkdaşlığa töhfə verməsin?! Sadəcə, İran bankları, beynəlxalq ödənişlər və xarici investisiyalarla bağlı məhdudiyyətlərlə üzləşdikcə, onunla daha geniş əməkdaşlıq etmək istəyən ölkələr də hüquqi və maliyyə risklərini hesablamalıdır".

Hüquqşünas əlavə edib ki, Rusiya, Azərbaycan, Qazaxıstan, Ermənistan və Mərkəzi Asiya dövlətlərinin İranla münasibətlərində prioritetləri eyni deyil: "Bir ölkə üçün enerji əməkdaşlığı əsasdırsa, digəri üçün təhlükəsizlik, su ehtiyatları və ya Qərb bazarlarına çıxış daha vacib ola bilər. Burada ən mühüm fakt 9 oktyabr 2026-cı ildə Prezident İlham Əliyevlə Pezeşkian arasında Türkmənbaşı şəhərində keçirilmiş görüşdür. Azərbaycan prezidentinin rəsmi məlumatına görə, görüşdə İranın MDB-nin üzvü olmayan ölkə kimi “MDB Plus” formatında ilk dəfə iştirakına toxunulub. Tərəflər, həmçinin Ağbənd–Kəlalə layihəsinin icrasının son mərhələyə çatmasından məmnunluq ifadə ediblər və əvvəlki razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. İran MDB ölkələri ilə ayrıca və müntəzəm format yarada bilsə, regional gündəliyin müəyyənləşdirilməsində daha çox iştirak etmək imkanı qazanacaq. Azərbaycan bu məqsədləri avtomatik olaraq öz maraqlarına zidd saymamalıdır. İranın güclənən tranzit imkanları Azərbaycan üçün əlavə ticarət yarada bilər".


Emil Salamoğlu
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR