Onlayn ictimai-siyasi qəzet
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Vasif Abbasov ittihamla özünü təqsirli bilib.
Təqsirləndirilən prosesdə sərbəst ifadəsi zamanı hadisənin təfərrüatını danışıb.
"2021-ci ildə həyat yoldaşımı məktəbdə işə düzəldib özüm İsrailə işləməyə getmişdim. Sonra onun başqa kişi ilə danışdığını bildim. Sadəcə uşaqlar olduğu üçün bağışladım onu. Dəfələrlə məndən boşanmaq istədiyini deyirdi, mən isə razılaşmırdım. Bir dəfə məni polisə şikayət etmişdi ki, guya onu döymüşəm. Polis də gördü ki, yalandır, dedi, çıxın gedin. Hadisə günü yenə məndən boşanmaq istədiyini dedi, mübahisəmiz düşdü. Bir qədər sonra bundan hiddətlənib corabımda gizlətdiyim bıçaqla ona oturduğu yerdə zərbələr endirdim".
Növbəti proses oktyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, hadisə 2026-cı il martın 20-də Bakının Suraxanı rayonu ərazisində baş verib. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəlliməsi olan 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Vasif Zahid oğlu Abbasov şübhəli bilinib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb. (Oxu.Az)
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ