Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 13 oktyabr tarixli iclasında çıxış edib.
Musavat.com-un xəbərinə görə, spiker YAP-ın qurultayı barədə fikirlərini bölüşüb:
“Bildiyiniz kimi, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayı keçirilib. Qurultay ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olub. İlk dəfə idi ki, Yeni Azərbaycan Partiyasının ali rəhbər orqanının toplantısı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilirdi”.
Spiker daha sonra bildirib:
“Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm cənab İlham Əliyev qurultayda proqram xarakterli nitq söyləyib. Dərin məzmunlu bu nitqdə Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salındı, tarixi qələbələrimizi şərtləndirən amillər göstərildi. Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə rolu qeyd edildi. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi haqqında dövlət başçısının söylədiyi fikirlər xüsusi mənaya malikdir. Bu xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, müdafiə potensialının daha da artırılması təşkil edir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi başlıca milli məqsədlərimizin əldə olunmasını təmin edib”.
Sahibə Qafarova qeyd edib ki, Prezidentin nitqində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmaq üçün müəyyən edilmiş strateji vəzifələr Milli Məclisin fəaliyyəti baxımından da böyük əhəmiyyətə malikdir:
“Bu vəzifələr keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilər ilə daimi əlaqə saxlanılmasını tələb edir. Parlamentin üzvləri kimi biz dövlətimizin möhkəmləndirilməsinə və qarşıya çıxan yeni imkanların real nəticələrə çevrilməsinə kömək göstərməliyik. Əminliklə söyləmək olar ki, belə də olacaq”.
E.Paşasoy,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ