Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması dövlətçiliyimizin uzunömürlülüyünü təmin edəcək.
“Bu baş verən kimi (sülh müqaviləsinin imzalanması) deyə biləcəyik ki, biz erməni dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq” - deyə Paşinyan qeyd edib.
Paşinyan reallığı deyirmi? Sülhün alternativi qarşıdurma və müharibədir. Daha bir müharibə Ermənistan dövlətçiliyini tənəzzül etdirə bilərmi?

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Paşinyan həqiqəti dilə gətirib, bunu etməsələr tənəzzül edəcəklər: “Ermənistan dövlətinin uzunömürlülüyü onun qonşu dövlətlərlə, ilk növbədə Azərbaycanla yaxşı münasibətlərindən asılıdır. Yaxşı münasibətlər beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyünə, suverenliyinə hörmət prinsipləri üzərində qurulur.
Ermənistan ötən əsrdə torpaqlarımızın bir hissəsini işğal etsə də, bu, onun digər sahələrdə ciddi uğursuzluğuna gətirib çıxardı. Yeni gənc nəsil Ermənistanda öz gələcəyini görmədi və yüz minlərlə erməni ölkəsini tərk etdi. Ermənistana investisiya qoymaq istəyən ölkə tapılmadı. Hətta siyasi cəhətdən onu dəstəkləyənlər belə, Ermənistanda ciddi bir obyekt üçün investisiya yatırmadılar.
Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Ermənistanın müəyyən dairələrini məsələyə azacıq da olsa real baxmağa məcbur etdi və onlar anladılar ki, Azərbaycanla ancaq yaxşı mehriban qonşuluq münasibətləri lazımdır, sülh lazımdır. Azərbaycanla sülh eyni zamanda Azərbaycanın müttəfiqi olan Türkiyə ilə sülh deməkdir. Bu iki ölkənin iqtisadiyyatı güclənir, bu iki ölkə dünya birliyində nüfuza malikdirlər”.
Deputat qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərlə özünün dövlətçiliyini uzun müddətli edə bilər: “Əgər Ermənistan öz konstitusiyasından bizə qarşı ərazi iddiasını çıxardarsa sülh müqaviləsi bağlanar və ondan sonra normal qonşuluq münasibətləri artıq bütün sahələri əhatə edəcək. Ermənistan dövlətçiliyini düşünən Ermənistan vətəndaşları öz seçimlərini düzgün etməyi bacarmalıdırlar”.
Etibar Seyidağa,
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ