İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ etiraz edir, Çin tikir – Süni intellekt yarışında gözlənilməz üstünlük  

ABŞ-də süni intellekt üçün məlumat mərkəzlərinin tikintisi ictimai etirazlara səbəb olduğu halda, Çin bu sahədə nəhəng infrastruktur layihələrini sürətlə həyata keçirir. Pekin ucuz elektrik enerjisi və geniş tikinti imkanlarından istifadə edərək süni intellekt sahəsində ABŞ ilə rəqabətdə mövqeyini gücləndirməyə çalışır.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, Çinin Daxili Monqolustan bölgəsində yerləşən Ulanqab şəhəri ölkənin ən böyük süni intellekt mərkəzlərindən birinə çevrilir.

İki milyondan az əhalisi olan şəhərdə təxminən 90 məlumat mərkəzinin tikilməsi planlaşdırılır. Burada “Huawei”, “Kuaishou” və “VNET” kimi Çin texnologiya nəhəngləri fəaliyyət göstərir.

CNN-in məlumatına görə, Ulanqabdakı Bayin texnologiya parkının böyük hissəsi cəmi iki il ərzində inşa edilib. Regionun geniş əraziləri, güclü küləkləri və günəş enerjisi imkanları məlumat mərkəzlərinin nisbətən ucuz elektrik enerjisi ilə təmin olunmasına şərait yaradır.

Lakin Çin hələ də ABŞ-dən ciddi şəkildə geri qalır. Stenford Universitetinin araşdırmasına əsasən, ötən il ABŞ-də süni intellekt məlumat mərkəzlərinin sayı Çindəkindən təxminən 10 dəfə çox olub. Amerika şirkətləri ən qabaqcıl çiplərə çıxış baxımından da üstünlüyünü qoruyur.

Vaşinqtonun ixrac məhdudiyyətləri Çin şirkətlərinin “Nvidia” və “AMD” kimi istehsalçıların ən güclü süni intellekt çiplərini əldə etməsini çətinləşdirir. Çin istehsalçıları alternativlər hazırlasalar da, texnoloji imkanlar və istehsal həcmi baxımından hələ ABŞ rəqiblərindən geri qalırlar.

Bununla belə, Pekin çatışmazlığı enerji üstünlüyü hesabına kompensasiya etməyə çalışır.

CNN-in diqqət çəkdiyi əsas faktlardan biri Çinin elektrik enerjisi potensialıdır.

Araşdırmalara görə, ölkədə 2026-cı ilin ilk altı ayında istifadə olunmadan itirilən artıq bərpaolunan enerji Meksikanın birillik elektrik tələbatını ödəməyə kifayət edərdi.

Çin hökuməti bu enerjini süni intellekt mərkəzlərinin fəaliyyətinə yönəltməyi planlaşdırır. Pekin qarşıdakı beş il ərzində hesablama mərkəzləri də daxil olmaqla informasiya infrastrukturunun genişləndirilməsinə 560 milyard dollar ayırmağı nəzərdə tutan plan açıqlayıb.

Çin lideri Si Cinpin də süni intellekti ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri adlandırıb. Rəsmi statistikaya görə, Çində artıq 700 milyondan çox insan süni intellekt texnologiyalarından istifadə edir.

Ulanqabda tikilən “Envision Galaxy Campus” layihəsi bu strategiyanın nümunələrindən biridir. İyirmidən çox futbol meydançası böyüklüyündə ərazini əhatə edən mərkəzin elektrik enerjisinin 80 faizdən çoxunun birbaşa külək stansiyalarından alınması planlaşdırılır. Soyuq iqlim isə serverlərin soyudulmasına sərf olunan enerjini azaltmağa kömək edir.

ABŞ-də isə məlumat mərkəzlərinin böyük enerji və su tələbatı, eləcə də elektrik şəbəkəsinin məhdud imkanları yeni layihələrə qarşı narazılıqları artırır.

CNN qeyd edir ki, Çinin sürətli tikinti strategiyasının da riskləri var. Bəzi ucqar bölgələrdə inşa edilən mərkəzlərin kifayət qədər çip və müştəri tapa bilməməsi, nəticədə istifadə olunmayan obyektlərə çevrilməsi ehtimalı mövcuddur.

Bununla belə, Çin süni intellekt yarışında yalnız ən qabaqcıl çiplərə deyil, ucuz enerji, sürətli infrastruktur quruculuğu və genişmiqyaslı dövlət investisiyalarına arxalanaraq ABŞ-nin texnoloji üstünlüyünü azaltmağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR