Onlayn ictimai-siyasi qəzet
Kamboca Azərbaycanla iqtisadi əməkdaşlığın yeni mərhələsi çərçivəsində investorlara gənc işçi qüvvəsi, liberal biznes mühiti və 12 ilə qədər vergi güzəştləri də daxil olmaqla bir sıra üstünlüklər təklif etməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet Azərbaycan-Kamboca Biznes-Forumu zamanı bildirib.

O vurğulayıb ki, milli iqtisadiyyat xarici investorlar üçün cəlbedici olan altı əsas rəqabət üstünlüyünə malikdir.
Baş nazir onlardan birincisi kimi enerjili və texniki cəhətdən savadlı işçi qüvvəsini göstərib:
"Kamboca vətəndaşlarının 60 faizinin 35 yaşı tamam olmayıb. İkinci üstünlük 12 ilə qədər müddətə vergilərdən azad edilməni, müəssisəyə tam xarici mülkiyyət hüququnu, həmçinin kapitalın xaricə çıxarılması üçün hər hansı maneənin olmamasını nəzərdə tutan açıq və liberal biznes mühitidir".
Qeyd edək ki, Kamboca son illərdə yüngül sənayesini sürətlə inkişaf etdirir. Buna uyğun olaraq ölkəni ixracı da sürətlə artır. 2025-ci ilin məlumatlarına görə, Kambocanın ixracı 17,2 faiz artımla 31,3 milyard ABŞ dollarına çatıb. 2026-cı ilin ilk altı ayında ölkənin ixracı 17 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artım deməkdir.

Kamboca məhsullarının əsas alıcıları ABŞ — 7,17 milyard dollar (ümumi ixracın 42 faizi), Vyetnam — 2,52 milyard dollar, Çin — 943 milyon dollar, Yaponiya — 906 milyon dollar və Kanadadır — 634 milyon dollar. Ölkənin ixracının 70 faizini yüngül, əsasən də tekstil sənayesi məhsulları təşkil edir. Əsas ixrac məhsulları bunlardır: geyim və tekstil; ayaqqabı; səyahət malları; velosipedlər; elektrik və elektron komponentlər; və kənd təsərrüfatı məhsulları.
Ölkə logistikanı inkişaf etdirməyə, gömrük prosedurlarını modernləşdirməyə və ixrac bazarlarını genişləndirməyə davam edir ki, bu da Kambocanı beynəlxalq istehsalçılar və investorlar üçün daha cəlbedici edir.
Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərini 2024-2026-cı illərdə sədrlik etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində genişləndirir.
Kamboca ilə qarşılıqlı iqtisadi əlaqələrdə əsas yeri ticarət tutur. Bu ticarət 2026-cı ilədək birtərəfli olub: Azərbaycan Kambocadan yüngül sənaye malları alıb. 2025-ci ildə Kambocadan 12 milyon 739.47 min dollarlıq məhsulı idxal etmişik, bu ölkəyə hər hansı ixracımız qeydə alınmayıb.
Bu ilin yanvar-avqustunda Kombocaya 4 milyon 65.60 min dollarlıq məhsul ixrac edib, 8 milyon 803.44 min dollarlıq mal almışıq. Xarici ticarətə dair detallı statistika hələlik yalnız yanvar-iyul aylarını əhatə edir. Həmin dövrdə Azərbaycandan Kambocaya ixrac qeydə alınmayıb. Bu isə o deməkdir ki, gömrük orqanının qeydə aldığı ixrac avqust ayında baş verib. Bu ölkədən alışlarda əsas yeri geyim və geyim aksesuarları tutur. Onların arasında qadınlar üçüm geyimlər üstünlük təşkil edir.

İki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi bir neçə istiqamətdə mümkündür. Bunlardan birini bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayalaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kamboca ilə həm ənənəvi energetika (neft-qaz), həm də bərpaolunan enerji sahəsində investisiya imkanlarını nəzərdən keçirməyə və əməkdaşlıq etməyə hazır olduğunu deyib.
Onun sözlərinə görə, "yaşıl enerji" də daxil olmaqla, enerji digər mühüm sahələrdən biridir:
"Azərbaycan bu gün etibarlı qlobal enerji təchizatçısıdır. Boru kəmərləri vasitəsilə ölkədən təbii qaz alan ölkələrin sayı 16-dır. Mayeləşdirilmiş formada qaz qəbul edən ölkələrin sayı isə daha çoxdur. Rəqabətqabiliyyətli enerji qiymətləri Azərbaycanı istehsal üçün cəlbedici məkana çevirir. Biz ənənəvi enerji, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində tərəfdaşlığı alqışlayırıq".
Nazir bildirib ki, dövlətə məxsus SOCAR sadəcə təchizatçı deyil, həm də fəal investordur:
"Bu gün şirkət Avropa, ABŞ, Yaxın Şərq, Mərkəzi Asiya və daha geniş regionda investisiya fəaliyyəti ilə təmsil olunur. Kambocadakı tərəfdaşlarımızla birlikdə işləmək və əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdən məmnun olarıq və buna açığıq".
Kamboca hazırda neft məhsullarını tamamilə xaricdən idxal edir. Ölkə yaxın illərdə özünün ilk neft emalı zavodunu tikməyi planlaşdırır. Hesab olunur ki, bu layihə reallaşdıqdan sonra Azərbaycanın Kambocaya xam neft ixrac etməsi və ya SOCAR-ın bu infrastrukturun qurulmasında investor kimi iştirakı mümkündür. Bundan əlavə, M.Cabbarovun sözlərinə görə, Azərbaycan xam pambığı son məhsula çevirməkdə Kambocanın təcrübəsindən yararlana bilər. Nazir qeyd edib ki, Kamboca geyimləri və ayaqqabıları artıq Azərbaycan bazarında təqdim olunur: "Məqsədimiz sənaye əməkdaşlığımızı genişləndirməyin, eləcə də bu sahədə ixracın həcmini artırmağın yollarını axtarmaqdır. Azərbaycan xam pambıq istehsalçısıdır. Xam lifi ixrac etmək əvəzinə, onu son məhsula çevirmək Kambocanın böyük uğur qazandığı sahələrdən biridir".
M.Cabbarov həmçinin qeyd edib ki, iki ölkə kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxışını müzakirə edir:
"Ərzaq təhlükəsizliyi hər iki ölkə üçün prioritetdir. Hesab edirik ki, əməkdaşlığımız emal, qablaşdırma, saxlama və keyfiyyət təminatı ilə yanaşı, işçi qüvvəsinin təlimini də əhatə edə bilər. Ərzaq təhlükəsizliyi standartları və sertifikatlaşdırma sahəsində daha sıx əməkdaşlıq hər iki ölkənin kənd təsərrüfatı məhsullarının yeni istehlakçılara çatmasına kömək edəcək".
Nazirin sözlərinə görə, Azərbaycan və Kamboca arasında yeni logistika marşrutları müəyyən edilə bilər:
"Rəqəmsal texnologiyalar və süni intellekt sahəsində Azərbaycanın enerji ehtiyatları və əlaqə imkanları güclü baza yaradır. Bu, məlumat mərkəzlərinin yaradılması və süni intellektin inkişafı üçün böyük potensial təmin edir. Biz rəqəmsal hökumət və kağızsız ticarət sahələrində də əməkdaşlıq imkanları görürük. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) və Regional Hərtərəfli İqtisadi Tərəfdaşlığın üzvü olan Kamboca Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiyaya açılan qapı rolunu oynaya bilər. Məhz buna görə də özəl və dövlət müəssisələrimizi bu sürətlə böyüyən bazarda mövcud imkanları daha yaxından araşdırmağa çağırıram. Logistika operatorlarımız kommersiya baxımından əlverişli marşrutları müəyyənləşdirmək üçün birgə çalışmalıdırlar".

Azərbaycanın Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələri ilə iqtisadi əlaqələri dərinləşdirməsi ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı baxımından müsbət rol oynaya bilər. Kamboca, Laos və digər ölkələrin yüngül sənaye istehsalındakı təcrübələri Azərbaycan üçün əhəmiyyətli müsbət örnəkdir. Xüsusilə Kamboca Çində ilkin emaldan keçmiş məhsullardan son məhsulun istehsalı sahəsində böyük nailiyyətlər əldə edib. Azərbaycanda Ələt İqtisadi Zonasında bu təcrübənin tətbiqi üçün bütün şərtlər mövcuddur. Digər tərəfdən, bu ölkələrə investisiyaların yatırılması üçün münbit şərtlər Azərbaycan şirkətləri üçün əlverişli investisiya bazarı aça bilər.
Dünya,
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ