Onlayn ictimai-siyasi qəzet
Rusiyanın İnquşetiya Respublikasında polis əməkdaşlarının onu döydüyünü bildirən şəxsə istintaq orqanından göndərilən cavab böyük müzakirələrə səbəb olub. Rəsmi cavaba sovet repressiya aparatının qurucularından Feliks Dzerjinskinin məşhur ifadəsi əlavə edilib: “Sizin hələ də azadlıqda olmağınız bizim işimizdəki nöqsandır”.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “İşgəncələrə qarşı komanda” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Məlumata görə, İnquşetiya sakini, 31 yaşlı İbrahim Toçiyev polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı cinayət işinin başlanmasından imtina edilməsindən sonra müstəntiqin hərəkətsizliyindən şikayət edib. Malqobek şəhər istintaq şöbəsinin rəhbərinə ünvanlanan müraciətə verilən rəsmi cavaba Dzerjinskinin sitatı əlavə olunub. Sitatın kim tərəfindən əlavə edildiyi məlum deyil.
Hadisə 2026-cı ilin iyun ayının sonunda baş verib. Toçiyevin sözlərinə görə, avtomat silahlarla təchiz olunmuş iki kamuflyajlı şəxs səhər saatlarında evinə basqın edərək əllərini plastik qandallarla bağlayıb. Həyətdə isə psixi xəstəlik səbəbindən ikinci qrup əlilliyi olan qardaşı Tamerlan saxlanılıb.
İbrahim iddia edir ki, müqavimət göstərməməsinə baxmayaraq, polis əməkdaşları onun başına, böyrəklərinə və bel nahiyəsinə 10–12 zərbə endiriblər. Sonradan həkimlər onda əzilmələr və beyin silkələnməsi qeydə alıblar.
Qardaşların saxlanılmasının 2024-cü ildə baş vermiş oğurluq və yanğın törətmə hadisəsi ilə əlaqəli olduğu üzə çıxıb. Tamerlana ittiham irəli sürülərək barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. İbrahim isə polisə tabe olmamaqda təqsirli bilinib.
Toçiyev hesab edir ki, ailəsi yerli administrasiya ilə torpaq mübahisələrində bir neçə məhkəməni qazandığına və polis orqanlarından dəfələrlə şikayət etdiyinə görə təqib olunur. O, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə videomüraciət edərək zorakılıq iddialarının araşdırılmasını və evinin müşahidə kameralarına aid yaddaş qurğularının yoxa çıxmasının aydınlaşdırılmasını istəyib.
Lakin hüquq müdafiəçilərinin bildirdiyinə görə, zəruri araşdırma tədbirləri aparılmadan vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işinin başlanması rədd edilib. Bu qərardan şikayət edən Toçiyev isə cavab olaraq Dzerjinskinin repressiv məzmunlu sitatı ilə qarşılaşıb.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ