İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənzil sahiblərinə yeni TƏLƏB – Kirayə evlər bahalaşa bilər...

Mənzilini kirayəyə verən vətəndaşlar əldə etdikləri gəlirdən vergi ödəməli, bəzi hallarda isə vergi ödəyicisi kimi uçota alınaraq VÖEN əldə etməlidirlər. Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi qaydası kirayə haqqını ödəyən şəxsin vergi uçotunda olub-olmamasından asılıdır.

Bu barədə Musavat.com-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri bu qaydadan istisnadır. Kirayə haqqını ödəyən şəxs vergi orqanında uçotda olan fiziki şəxsdirsə, o, vergini ödəmə mənbəyində tutmalı, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və müvafiq vergi bəyannaməsini təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda deyilsə, mənzilini kirayəyə verən vətəndaş özü və ya təyin etdiyi vergi agenti vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və gəlirindən 10 faiz dərəcə ilə vergi hesablamalıdır.

Dövlət Vergi Xidmətinin məlumatına görə, fiziki şəxs “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni və şəxsiyyətini təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə uçota alına bilər. Bu xidmət ödənişsizdir.

Bəs yeni qayda, yəni evini kirayə verənlərə VÖEN tələbi hansısa problemlərə yol açacaqmı? Ümumiyyətlə, kirayə ev bazarının total nəzarətə götürüldüyünü demək mümkündürmü?

AQP rəsmisi: Yeni standartlar tikintidə keyfiyyət və təhlükəsizliyi  gücləndirəcək Pravda.az

Musavat.com-a mövzu barədə açıqlama verən Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı deyib ki, Azərbaycanda fiziki şəxslərin yaşayış sahələrini kirayə verməsindən əldə olunan gəlirlər məsələsini yalnız vergi öhdəliyi çərçivəsində qiymətləndirmək düzgün deyil: “Burada həm fiskal intizam, həm daşınmaz əmlak bazarının şəffaflığı, həm də kirayə münasibətlərinin iqtisadi davranışlara təsiri amilləri nəzərə alınmalıdır.

Onun sözlərinə görə, ilk növbədə vergi öhdəliyinin mövcudluğu ilə VÖEN əldə etmək tələbinin hansı hallarda yarandığını bir-birindən fərqləndirmək lazımdır: “Kirayə haqqını ödəyən şəxsin vergi uçotunda olub-olmaması verginin tutulması və müvafiq öhdəliklərin yerinə yetirilməsi qaydasına birbaşa təsir göstərir. Buna görə də vətəndaşlar bütün hallarda eyni prosedurun tətbiq olunduğunu düşünməməlidirlər. Qaydaların düzgün anlaşılması həm vergi intizamı, həm də kirayə münasibətlərinin qanunauyğun rəsmiləşdirilməsi baxımından vacibdir. Kirayə gəlirlərinin uçotunun təkmilləşdirilməsi dövlətin bu bazar üzrə daha dolğun məlumat əldə etməsinə xidmət edir. Bununla belə, vergi uçotunun genişləndirilməsi ilə kirayə bazarının bütövlükdə nəzarətə götürülməsi eyni anlayışlar deyil.

İctimaiyyəti ən çox maraqlandıran məsələlərdən biri yeni tələblərin kirayə qiymətlərinə təsiridir. Lakin bu təsiri əvvəlcədən birmənalı şəkildə qiymətləndirmək olmaz. Vergi mənzil sahibinin kirayədən əldə etdiyi xalis gəlirə təsir edən amillərdən biridir. Sahibkar və ya əmlak sahibi artan xərclərini kompensasiya etmək üçün kirayə haqqını yüksəltməyə çalışa bilər. Ancaq qiyməti artırmaq istəyi ilə bunu bazarda reallaşdırmaq imkanı fərqli məsələlərdir. Kirayə qiymətini yalnız mənzil sahibinin qərarı müəyyən etmir. Burada tələb və təklif nisbəti, mənzilin yerləşdiyi ərazi, nəqliyyat əlçatanlığı, mənzilin vəziyyəti və alternativ kirayə təkliflərinin sayı da həlledici rol oynayır”.

AQP rəsmisi qeyd edir ki, kirayə tələbinin yüksək, təklifin məhdud olduğu ərazilərdə mənzil sahiblərinin əlavə vergi yükünü qiymətə daxil etmək imkanları daha çox ola bilər: “Alternativ mənzillərin kifayət qədər olduğu və kirayəçilərin seçim imkanlarının genişləndiyi ərazilərdə isə qiymət artımı bazarın müqaviməti ilə üzləşə bilər. Buna görə də vergi dəyişikliklərinin nəticəsini yalnız kirayə qiymətlərinin dəyişmə ehtimalları ilə ölçmək düzgün yanaşma deyil. Qiymət dinamikası, bazara çıxarılan mənzillərin sayı, müqavilələrin rəsmiləşdirilməsi və kirayə gəlirlərinin dəyişməsi birlikdə təhlil edilməlidir”.

Günay İsmayılqızının fikrincə, vergi inzibatçılığının gücləndirilməsi zamanı mühüm məqamlardan biri bazar iştirakçılarının yeni tələblərə necə reaksiya verəcəyidir:

“Əgər rəsmiləşdirmə prosedurları aydın, əlçatan və sadə olarsa, bu, mənzil sahiblərinin qanuni fəaliyyətə uyğunlaşmasını asanlaşdıracaq. Əksinə, öhdəliklər barədə məlumat çatışmazlığı və prosedur çətinlikləri bəzi vətəndaşlarda əlavə inzibati yük təəssüratı yarada bilər. Belə vəziyyətlərdə qeyri-rəsmi kirayə münasibətlərinin davam etməsi riskini də nəzərə almaq lazımdır. Ona görə də nəzarət mexanizmləri ilə yanaşı, maarifləndirmə və rahat qeydiyyat imkanları da gücləndirilməlidir. Şəffaflıq yalnız cərimələr və nəzarət tədbirləri ilə təmin olunmur, vətəndaşın hüquq və öhdəliklərini başa düşməsi, müqavilə bağlamağın və vergi öhdəliklərini yerinə yetirməyin praktik baxımdan asan olması da mühüm şərtdir”.

Sədr müavini vurğulayıb ki, kirayə bazarına real nəzarət üçün yalnız vergi uçotu kifayət etmir: “Faktiki bağlanan müqavilələr, real kirayə qiymətləri, mənzillərin yerləşdiyi ərazilər üzrə tələb və təklif, eləcə də bazarda rəsmiləşdirilməyən münasibətlərin miqyası barədə etibarlı məlumatlar olmalıdır. Vergi uçotu bu məlumatların formalaşmasına kömək edə bilər, lakin özlüyündə bütün kirayə əməliyyatlarının qeydə alındığını sübut etmir. Buna görə də indiki prosesi bazarın tam nəzarətə götürülməsi deyil, iqtisadi münasibətlərin daha sistemli uçotuna doğru addım kimi qiymətləndirmək daha əsaslıdır. Eyni zamanda, rəsmiləşdirilmiş kirayə müqavilələri və etibarlı məlumatlar ayrı-ayrı ərazilərdə qiymətlərin müqayisəsinə, mənzillərin gəlirlilik səviyyəsinin təhlilinə və daşınmaz əmlakın investisiya cəlbediciliyinin qiymətləndirilməsinə imkan yaradır”.

Müsahibimiz əlavə edib ki, kirayə bazarının inkişafı baxımından əsas məsələ vergi öhdəliklərinin mövcudluğu deyil, onların bazarın real xüsusiyyətləri nəzərə alınmaqla tətbiqidir:

“Mənzil sahiblərinin vergi öhdəliklərini yerinə yetirməsi, kirayəçilərin hüquqlarının qorunması və bazar haqqında etibarlı məlumatların formalaşdırılması bir-birini tamamlayan istiqamətlərdir. Bu sahədə maarifləndirmənin gücləndirilməsi və qeydiyyat prosedurlarının sadələşdirilməsi tənzimləmənin səmərəliliyini artıra bilər.

Kirayə bazarının sağlam inkişafı üçün həm qanuni tələblərə əməl olunmalı, həm də bazarın iqtisadi reallıqları nəzərə alınmalıdır. Vergi öhdəliklərinin düzgün icrası şəffaflığa xidmət edə bilər. Lakin bu prosesin nəticələrini qiymətləndirərkən kirayə qiymətlərinin dinamikasına, mənzil təklifinə və vətəndaşların ödəmə imkanlarına da diqqət yetirilməlidir. Əsas məqsəd yalnız gəlirlərin uçotunu aparmaq deyil, hüquqi baxımdan daha aydın, iqtisadi baxımdan daha şəffaf və bazar iştirakçıları üçün daha proqnozlaşdırıla bilən münasibətlərin formalaşması olmalıdır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR