Onlayn ictimai-siyasi qəzet
Sevə-sevə baxdığımız “Ac həriflər” tamaşasında mərhum sənətkarımız Yaşar Nurinin canlandırdığı bir tipaj var, aşxanada masa arxasında oturub qəzet oxuyur, dünyada, region ölkələrində baş verən hadisələrə dair xəbərlərin başlığını səsləndirir, sonra da belə bir əlavə edir: “Ə, noolsun?”
Biz artıq milli saytlarımızda gedən xəbərlərin başlıqlarını oxuyanda elə deyəcək hala gəlmişik. Fərq ondadır ki, 110 il əvvəlki oxucu mühüm xəbərlərə də “ə, noolsun” deyə reaksiya verirdisə, bizim oxuduğumuz xəbərlər “ə, noolsun”u onqat artıq haqq edir.
Özünüz baxın, dünən saytların çoxunda belə bir xəbər vardı: “Nəvai Daşkənddə sürdüyü maşınla gündəm oldu – VİDEO”.
“Ə, noolsun” deməzdən öncə düşünürsən ki, yəqin Nəvai qardaş şair Nəvainin vətənində avtoşluq edib, qəza şəraiti yaradıb və yol polisi xizməti (özbək qardaşlar YPX-yə belə deyirlər) tərəfindən yaxalanıb, ona görə də hazırda Özbəkistanın gündəminə oturub və müzakirə olunur.
Baxırsan ki, elə deyil, xəbər belədir ki, "Ferrari", "Lamborghini" kimi lüks avtomobilləri olan "Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov konsert üçün yollandığı Özbəkistanda "Daewoo Damas" markalı maşın sürüb və sosial şəbəkədə paylaşılan görüntülərdə onun dostları ilə birlikdə sükan arxasında rep oxuduğu görünür.
Bu yerdə “ə, noolsun”un yeridir, yoxsa deyil?
Hazırda içəridə olan Əli Kərimlinin sözü olmasın, bu xəbər nə ictimai-siyasi əhəmiyyət kəsb edir ki, saytlar bir-birindən kopi-peyst etməklə tirajlayırlar?
Heç demə, reper soydaşımızda xasiyyətdir, gün ərzində hara gedər, nə edər, nə yeyib-içər, hamısını xəbərə çevirib mediaya servis edir. Ya da onun rizası ilə bunu edən media qrupu var.
Deyim ki, bu trendi Nəvai icad etməyib. Vaxtilə qəzet və saytlarda belə başlıqlar da gedirdi: “Xatirə İslamın maşınını cızıblar”, “Nazilə Səfərlinin mətbəxində siçovullar dalaşıb”, “Səidə Sultan hovuz kənarında görüntülənib - FOTOLAR”, “Əməkdar artist çimərlikdə fotosessiya edib - FOTOLAR” və sair və ilaxır.
Hələ bir-birilə yalandan dalaşan, özləri demişkən, “qalmaqal yaradanlar”ı demirəm. Ucuz, düşük, əttökən xəbərlər Çin çəyirtkələri kimi uçuşurdular və onlar uçuşa-uçuşa onsuz da gül kimi olmayan mediamızı basdılar.
İndi o cür xəbərləri verə-verə gəlib çıxmışıq manısların maşın sürməsindən, hovuzda çimməsindən, siz də məni bağışlayın, kiminsə dombalaq aşmasından bəhs edən xəbərlərə.
Bu minvalla yaxın vaxtlarda saytlarımızda bu cür xəbərlər oxuyacaqsınız: “Xalq artisti Babək prospektində avtomobilinə benizn doldurdu – FOTOLAR”; “Əməkdar artist kirvəsinin yas mərasiminə getdi – VİDEO”; “Röya Ayxan bu gün gün yuxudan 1 saat tez durdu – İLKGİNC SƏBƏB”; “Şəbnəm Tovuzlu aeroportda Türkiyədən gələn rəfiqəsini qarşıladı - FOTOLAR VƏ VİDEO”; “Balaəli toyda meyxana deyərkən iki dəfə öz bahalı saatına baxdı – anbaan görüntülər”; “Rəqsanə aptekdən ağrıkəsici preparat istədi” – MÜƏMMA”; “Holdinq rəhbəri idman kostyumunda eyvana çıxıb, gərnəşdi – FOTOLAR; “Futbolçu gecə barında qəlyan çəkdi – GİZLİ VİDEO”; “Kərbəla ziyarətindən dönən Elvin Cəfərquliyev Həcc ziyarətinə hazırlaşır – SENSASİON AÇIQLAMA” və sair və ilaxır.
Bütün bunlar adi, rutin xəbərlərdir və heç bir ictimai-siyasi əhəmiyyəti yoxdur. Bunları hər gün minlərə adi adam edir və heç biri xəbər olmur. Amma elə ki bu işləri məşhur, tanınmış adamlar görür, o zaman xəbərə çevrilir. İnsafən, xalqımıza məşhurların necə nəfəs alması da maraqlıdır, o cümlədən, nə geydikləri, nə yedikləri, nə sürdükləri, hər şey.
Yazıram, yadıma 20 il öncə “20 Yanvar” metrostansiyasında şahidi olduğu bir əhvalat düşür: müştəri yığan mikroavtobusa əlində bir topa qəzet tutmuş səyyar satıcı girdi və qəzetlərdə çıxan başlıqları elan etməyə başladı. (Leninin qəzet satan uşağa qəzetin yaxşı satılması üşün xəbər başlığını bərkdən səsləndirməsi tövsiyəsi - “Lodz toxucuları tətil edirlər” məsələsi). Günümüzdə qəzet satan satıcı da belə etdi və “Şərq” qəzetini qaldırıb dedi: “Aygün Kazımova necə 20 kilo arıqladı”. Avtobusdakı ağır çəkili xalalardan 6-sı dərhal dedi: “O qəzetdən bir dənə ver, görüm”.
Belə baxanda adi xəbər idi, kişilər üçün bu, “ə, noolsun” qrafasına girərdi, amma qadınlar xəbəri başqa cür qarşıladılar.
Uzun sözün kəsəsi, həmkarlarıma tövsiyə edirəm ki, şou-biznes xəbərləri yazanda bir az ciddi xəbər yazsınlar. Məsələn, bu gün belə bir xəbər var ki, Murat Boz Bakıya gəlib. Bax, bu ciddi xəbərdir. Onu Bakıya kim gətirib, toyda oxumağı üçün nə qədər qonorar ödənilib, bizimkilərdən kim onun tərəf-müqabili olub – hamısı maraqlıdır. Amma xəbər “Murat Boz Bakıda avtomobil sürdü” kimi olsaydı, hamı deyərdi: “Ə, noolsun?”
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ