İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qarşı yeni cəbhə - Prezidentin o mesajı…

Cənubi Qafqazda 2020-ci ildən sonra yaranan yeni geosiyasi mənzərə Azərbaycanın qarşısında təkcə siyasi və hərbi deyil, həm də ideoloji və informasiya xarakterli yeni çağırışlar yaradıb. Regionda Rusiya və İranın təsir imkanlarının dəyişməsi fonunda mübarizənin üsulları da yenilənir. Dini, informasiya və ideoloji təsirlər artıq hibrid təhdidlərin mühüm elementlərinə çevrilir.

Politoloq Məhəmməd Əsədullazadə də Musavat.com-a bildirib ki, son 6 ildə Azərbaycan Cənubi Qafqazda yeni siyasi nizamın formalaşmasına mühüm təsir göstərib: “Bu transformasiya yalnız siyasi və iqtisadi müstəvidə deyil, təhlükəsizlik və ideoloji istiqamətlərdə də özünü göstərir. Azərbaycan artıq dəyişən regional reallıqlara uyğun olaraq yeni strateji yanaşma ortaya qoyur. Cənubi Qafqazda gedən regional və siyasi-iqtisadi transformasiya Rusiya və İranın regiondakı ənənəvi təsir imkanlarına da təsir göstərir. Hər iki ölkənin regionda formalaşan yeni siyasi reallıqlara münasibəti fərqlidir və onların müxtəlif siyasi, iqtisadi, informasiya və ideoloji vasitələrlə təsirlərini qorumağa çalışdıqları müşahidə olunur”.

ABŞ Çindən sonra Rusiyanı "qaşındırmağa" çalışır:

Analitikə görə, xüsusilə İranın Azərbaycana münasibətdə ideoloji təsir imkanlarından uzun müddət istifadə etməyə çalışdığı barədə müxtəlif müzakirələr aparılıb:
“Rusiya da siyasi və informasiya platformaları vasitəsilə regiondakı təsir imkanlarını qorumağa çalışır. Bu baxımdan, Azərbaycan prezidentinin yad ideoloji təsirlərin qarşısının alınması və milli təhlükəsizliyin qorunması ilə bağlı vurğuladığı məsələlər xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə yalnız dövlət qurumları deyil, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və siyasi partiyalar da öz fəaliyyətlərini gücləndirməlidirlər. Çünki müasir dövrdə təhlükələr yalnız fiziki və hərbi xarakter daşımır. Hibrid təhdidlərin tərkibində informasiya, dini və ideoloji təsirlər də mühüm yer tutur. Müxtəlif dövlətlər və aktorlar başqa ölkələrin cəmiyyətlərində sosial və siyasi problemlər yaratmaq, öz təsir dairələrini genişləndirmək üçün bu vasitələrdən istifadə edə bilirlər. Azərbaycan da uzun illər ərzində müxtəlif dini və ideoloji təsirlərlə üzləşib. Bu səbəbdən təhlükəsizlik tədbirləri ilə yanaşı, ideoloji təhdidlərin qarşısının alınmasına yönəlmiş preventiv siyasətin də həyata keçirilməsi vacibdir. Bu prosesdə ölkənin siyasi qüvvələrinin və vətəndaş cəmiyyətinin maarifləndirici və milli həmrəyliyə xidmət edən fəaliyyəti mühüm rol oynaya bilər”.

Politoloq onu da diqqətə çatdırıb ki, Azərbaycan cəmiyyətinin milli kimliyi və dövlətçilik modeli bu prosesdə mühüm amildir: “Son dövrlərdə Ermənistan və Gürcüstanda Azərbaycanla bağlı müxtəlif tarixi, dini və mədəni mübahisələr də gündəmə gətirilir. Xüsusilə alban irsi və Azərbaycanın xristian irsi ilə bağlı məsələlər ətrafında müxtəlif iddialar səsləndirilir. Bu məsələlərə münasibətdə emosional yanaşmadan daha çox, tarixi və elmi faktlara əsaslanan mövqenin ortaya qoyulması vacibdir. Regionda dini və ideoloji məsələlərin siyasi təsir vasitəsinə çevrilməsi ehtimalı da nəzərə alınmalıdır. Buna görə Azərbaycan öz tarixi, mədəni və milli irsi ilə bağlı mövqeyini beynəlxalq və regional platformalarda daha sistemli şəkildə təqdim etməlidir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR