Onlayn ictimai-siyasi qəzet
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) "Yandex" şirkətinin Ryazan, Kaluqa və Vladimir vilayətlərində yerləşən 5 məlumat mərkəzindən (data-mərkəz) 3-nə endirdiyi zərbələrdən sonra rus nəhənginin 3 superkompüteri sıradan çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə "T-Invariant" teleqram kanalı məlumat yayıb.
Vladimir vilayətindəki data-mərkəz kütləvi hücum zamanı ciddi zərər görüb və şirkət onun fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalıb.
"Yandex"in strateji önəmə malik "Galuşkin" superkompüteri məhz orada yerləşirdi.
Şirkətin ilk iki data-mərkəzi və iki superkompüteri oktyabrın 8-dən 9-na keçən gecə baş verən PUA hücumları zamanı ağır zərbə alıb. Ryazan vilayətinin Sasovo şəhərindəki məlumatların emalı mərkəzində "Yandex"in ən məhsuldar superkompüterləri - "Çervonenkis" və "Lyapunov" yerləşirdi.
Hücuma məruz qalan ikinci kritik obyekt Kaluqada yerləşir. Bu, "Yandex"in ən böyük və Rusiyanın ən iri data-mərkəzlərindən biridir.
Teleqram kanalının verdiyi məlumata görə, "Yandex" hücumlardan sonra hesablama sistemlərinin vəziyyəti ilə bağlı təfərrüatları tam gizli saxlayır. Zərər görən üç obyektdən başqa, şirkətin Moskva vilayətində - Mıtişi və İvanteyevkada daha iki iri data-mərkəzi mövcuddur.
Zərbələrdən sonra yaranan kütləvi kəsintiləri və texniki problemləri yalnız Rusiyadakı istifadəçilər hiss etməyib. "Yandex" servislərinin fəaliyyətindəki ciddi çöküş eyni zamanda Qazaxıstan, Serbiya, Belarus və Ermənistanda da qeydə alınıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ