İnsanlara hürriyət, millətlərə istiqlal!

Zalda qalmamaq da olardımı?..

Məncə, Netanyahu BMT-nin sessiyasında çıxış edən zaman bizim nümayəndə heyətimiz zalı tərk edənlərin siyahısında olsaydı belə bu, böyük problem olmazdı, çünki söhbət İsrailə yox, bir adama münasibətdən gedir. Həm də yadımdadır, vaxtilə İsrail səfirlərindən biri gileylənirdi ki, həmişə BMT-də Fələstin məsələsilə bağlı bir şey müzakirə olunanda Bakı Təl-Əvivin əleyhinə səs verir. Elə Yerusəlim məsələsi də müzakirə olunanda da Bakı əleyhinə olmamışdımı? Əslində bu məsələnin bizim üçün bir isti-soyuğu yox idi, amma bəzən müsəlman ölkələrinə, xüsusən də qardaş Türkiyəyə qarşı gedə bilmirik axı...

Netanyahu Qəzzada törətdiklərinə görə hərbi cani elan olunub. O, Qəzzanı tamamilə dağıdıb, yerlə bir edib, indi bölgəni bərpa etmək üçün 35-70 milyard dollar tələb olunur. Kim ödəyəcək? Yoxsa Trampın yaratdığı Sülh Şurasımı?
Əslində cənab Netanyahunun BMT-də çıxış etməsi də düzgün deyildi, çünki adam qurumun Fələstin məsələsilə bağlı qərarlarını inkar edir, heç bir Fələstin dövləti yaranmayacaq deyir. Netanyahunun ölkə daxili reputasiyası da bərbad vəziyyətdədir, yerli məhkəmələr ondan əl çəkmir, adam İsrailin tarixində ən çox məhkəməyə gedən baş nazirdir. Məhz buna görə Tramp İsrail prezidentindən xahiş etmişdi ki, onun hüquqi təqibinə son qoyulsun.

Bu ayın axırında, daha doğrusu, oktyabrın 27-də İsraildə növbəti seçki olacaq və bəlkə Netanyahu üçün son olacaq, çünki sorğular onun və ya partiyasının ən aşağı retinqə malik olduğunu göstərir. Amma Azərbaycan heyəti zalı tərk etmədi. Düz də etdilər. Əlavə problem kimə və nəyə lazımdır? İsrail dost ölkədir. Nə qədər olmasa, Netanyahu da ölkənin baş naziridir. Azərbaycan onsuz da Fələstin məsələsinə mümkün dəstəyini verir. Bir daha deyirik ki, edə bilərdilər, çünki istisna deyil ki, Netanyahu iyirmi gündən sonra seçkini uduzub adi İsrail vətəndaşı və ya Knessetin adi bir üzvü olacaq.

Həm də Azərbaycan suveren dövlətdir. Necə etmək, nə etmək lazım gəldiyini özü müəyyən edir. Bakı bir çox müstəvilərdə çox incə siyasət aparır. Bir daha deyirik ki, İsrail dost dövlətdir. Hansı cəhətinə görə İsrailə yox, İrana üstünlük verməliyik? Niyə Fələstin məsələsinə görə əldən-ayaqdan getməliyik? Ərəb dövlətləri özləri bunu edirmi və səhv etmirəmsə, vaxtilə, Qarabağ problemi mövcud olan vaxtlarda, yanılmıramsa, Fələstin heç də həmişə bizə dəstək olmurdu, hər halda, belə deyir, söyləyirdilər. İrana gəldikdə, bu günlərdə onun rəsmisinin bizim məmura necə salam verdiyini hamımız gördük...

Açığı, qardaş Türkiyənin siyasətində bir azcf infantilizim var- hər şeydən əvvəl eşitmək, dinləmək lazımdır. BMT tribunasından onlara da söz verirlər, buyurun sözünüzü deyin, daha zalı tərk etmək nəyə lazım? Əlbəttə, Türkiyə ilə İsrailin problemi tək Fələstin deyil. Deyilənə görə, Təl-Əviv Ankaranı kürdlər vasitəsilə sıxışdırmağa cəhd edir. Amma gəlin özümüzdən soruşaq: o, niyə belə edir? Bunu “böyük İsrail” kimi siyasi cəfəngiyyatla yozanlar da var, amma vaxtilə Türkiyəylə İsrailin münasibətləri çox rəvan idi axı! Çox təəssüf, Qərb də, ABŞ da, İsrail də Türkiyəyə qarşı qeyri-səmimi münasibət sərgiləyir.

İndi Ukraynaya “Petriott”ların verilməsi müzakirə olunur, amma Ankaraya bunu satmadılar. Türkiyə məcbur olub Rusiya komplekslərini aldı və indi bilmir onunla nə etsin? Amma Azərbaycan da türk dövlətidir, türk dövlətlərinin birliyi və həmrəyliyi üçün çox şey edir və bunlar İsraili qəti əndişələndirmir. Niyə? Bəlkə bu haqda da düşünək? Təkcə ona görəmi ki, Azərbaycan Yaxın Şərqdən çox uzaqdadır?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR