İnsanlara hürriyət, millətlərə istiqlal!

Fermerlərə ŞAD XƏBƏR

Ağdamda 100-cü Yubiley “Aqrar Biznes Festivalı” çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilir.

Musavat.com-un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, müzakirələrdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “Agro Dairy” şirkətinin İdarə Heyətinin sədri, baş icraçı direktoru Niyazi Əmirbəyov və “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru Nəsib İslamzadə çıxış edirlər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qarşıdakı hədəflərdən bəhs edib. Nazir qeyd edib ki, hədəflərdən biri intensiv bağların həcminin 20 min hektar artırılaraq 70 min hektara çatdırılmasıdır:

“Sevindirici haldır ki, 2030-cu ilə qədər bu hədəf qoyulsa da, sadəcə azad olunmuş ərazilərdə artıq 5 min hektardan çox müraciət var. Məhsulun istehsalından sonra daşınması, logistikası, xarabolmaların azaldılması da əlbəttə ki, əsas istiqamətlərdən biri olmalıdır. Bu istiqamətdə cənab Prezidentin tapşırığı ilə həm soyuq hava depolarının həcminin artırılması, həm də taxıl silolarının həcminin artırılması tapşırıq olaraq qoyulub. 2030-cu ilin sonuna qədər taxıl silolarının 150 min ton, soyuq hava depolarının isə 100 min ton artırılması hədəflərimiz çərçivəsindədir. Digər hədəflərdən biri də məhz emala yönəlik dəstək mexanizmlərinin formalaşdırılmasıdır və emalda məhsullar istehsalının artımına nail olmaqdır”.

WhatsApp Image 2026-10-05 at 12.18.36.jpeg (117 KB)

Nazir diqqətə çatdırıb ki, Prezident tərəfindən həm ət, həm süd, həm də balıqçılıq istiqamətində özünü təminat səviyyəsinin artırılması məqsədi qoyulub.

Məcnun Məmmədov müasir suvarma barədə də danışıb:

“İxtisaslaşmış rayonlarda dəmyə ərazilərdə klassik suvarmada hektara görə 200 manat subsidiya ödənilirdisə, müasir suvarma altında olan sahələrdə də 400 manat subsidiya veriləcək. Eyni məntiq azad olunmuş ərazilərə də tətbiq olunur. Azad olunmuş ərazilərdə artıq ikinci ildir ki, bu mexanizm mövcuddur. Biz bunun faydasını burda gördük və artıq növbəti ildən digər bölgələrə də tətbiq etməyə başlayacağıq. Bundan əlavə ərzaqlıq buğda proqramı davam edəcək və ərzaqlıq buğda proqramına qoşulmuş müasir suvarma altında ərzaqlıq buğda istehsalçıları ixtisaslaşmış rayonlarda tonuna 100 manat əlavə subsidiya da əldə edəcəklər. Biz xammalın emala yönləndirilməsinə nail olmağa çalışırıq. İxtisaslaşmış rayonlarda istehsal olunan ərzaqlıq buğdanı istənilən istehsalçı artıq emalçılara təhvil verib və tonunda əlavə 50 manat subsidya əldə edə biləcək”.

Nazir bağçılıqla bağlı hədəfləri də açıqlayıb:

“Azad olunmuş ərazilərdə və Naxçıvanda demək olar ki, iki dəfə daha artıq subsidiya olmaqla müxtəlif meyvə növlərindən müxtəlif ərazilərdə birdəfəlik subsidiyaların verilməsi təşviq mexanizmləri istifadə olunur və burada hektarına 2-3 min manatdan başlayaraq, hektarına 20 min manata qədər dəstəyin verilməsi nəzərdə tutulub”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR