Onlayn ictimai-siyasi qəzet
Rusiya-Qərb arasında Ukrayna müharibəsi fonunda dərinləşən qarşıdurma yeni və daha təhlükəli mərhələyə daxil olur. Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Martin Yeger Berlinin Moskva ilə birbaşa silahlı qarşıdurmaya cəlb olunması riskinin real olduğunu açıqlayıb.
O, Rusiyanın Almaniyaya qarşı “kölgə müharibəsi” apardığını bildirərək, ölkəyə qarşı hücum təhlükəsinin hələ də real və aktual olduğunu vurğulayıb. Yegerin sözlərinə görə, hazırda Almaniya üçün heç bir başqa ölkə Rusiyadan daha birbaşa, hərtərəfli və konkret təhlükə yaratmır.
BND rəhbəri bu xəbərdarlığı Bundestaqın Parlamentar Nəzarət Komitəsinin açıq dinləməsi zamanı səsləndirib. O bildirib ki, Rusiya ilə qarşıdurma əvvəlki dövrlə müqayisədə “yeni və daha təhlükəli xarakter” alıb və Almaniyanın Rusiya ilə zorakı münaqişəyə sürüklənməsi ehtimalı yaranıb. Yeger bunun nümunəsi kimi Leypsiqdəki hücum cəhdini göstərib və Rusiyanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlıqla və amansız şəkildə fəaliyyət göstərdiyini deyib.
Yegerin sözlərinə görə, Moskvanın əsas məqsədlərindən biri Berlin və digər Avropa paytaxtlarında Rusiyaya qarşı siyasi qərarların qəbul edilməsinin qarşısını almaqdır. O hesab edir ki, Almaniyanın Ukraynaya və Baltikyanı ölkələrə verdiyi dəstək Moskvanın Berlinə münasibətində əsas amillərdən biridir. Bu baxımdan Rusiya tərəfindən həyata keçirilən təzyiq, sabotaj, qorxutma və digər hibrid fəaliyyətlər Almaniyanın təhlükəsizliyi üçün ciddi problemə çevrilib.
“Rusiya bizə qarşı kölgə müharibəsi aparır” deyən BND rəhbəri bildirib ki, bu elan olunmamış müharibəni ənənəvi hərbi və hüquqi kateqoriyalarla izah etmək mümkün deyil. Onun fikrincə, Almaniya hazırda klassik mənada müdafiə vəziyyətində olmasa da, ölkəyə qarşı müxtəlif hücumlar həyata keçirilir və Berlin buna qarşı dayanmalıdır. Maraqlıdır ki, Yegerin açıqlaması Rusiyanın NATO ərazisinə genişmiqyaslı hücum hazırladığı barədə konkret məlumatın olmadığı bir vaxtda səslənib. BND rəhbəri hazırda belə bir hücumun əlamətlərinin görünmədiyini, lakin xüsusilə Baltikyanı regionda daha aşağı səviyyəli hərbi fəaliyyətlərin mümkün olduğunu bildirib. Bununla yanaşı, Almaniya kəşfiyyatı Rusiyanın hibrid təhdidlərini artıq təhlükəsizlik məsələsindən daha geniş, Avropanın siyasi qərarlarına təsir göstərmək cəhdi kimi qiymətləndirir.
Ukrayna cəbhəsində davam edən müharibə artıq yalnız Rusiya ilə Ukrayna arasındakı savaş kimi qəbul olunmur. Berlinin Moskvaya qarşı sərt mövqeyi, Ukraynaya hərbi və siyasi dəstəyi, Avropanın təhlükəsizlik arxitekturasında oynadığı rol Almaniyanı Moskvanın təzyiq hədəflərindən birinə çevirib.
Almaniyanın kəşfiyyat rəhbərinin bu xəbərdarlığı Rusiya-Ukrayna müharibəsinin Avropaya yayılması təhlükəsinin artıq real mərhələyə keçdiyini göstərir?
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirdi ki, Ukrayna cəbhəsində davam edən müharibə artıq çoxdan Rusiya ilə Ukrayna arasında lokal toqquşma çərçivəsindən çıxaraq, Avropanın təhlükəsizlik arxitekturasına qarşı genişmiqyaslı geosiyasi qarşıdurmaya çevrilib: “Berlinin Moskvaya qarşı sərt mövqeyi, Kiyevə verdiyi hərbi və siyasi dəstək, eləcə də Avropa təhlükəsizliyində oynadığı aparıcı rol Almaniyanı Moskvanın birbaşa təzyiq hədəflərindən birinə çevirir. Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) son xəbərdarlıqları da göstərir ki, münaqişənin Avropaya sıçraması təhlükəsizlik analitiklərinin nəzəriyyəsi olmaqdan çıxıb, real mərhələyə qədəm qoyub. Ancaq bu təhlükə klassik mənada genişmiqyaslı quru işğalı və ya birbaşa hərbi hücum şəklində deyil, daha çox "boz zona" əməliyyatları, strateji hədəflərin sıradan çıxarılması və kritik zəif bəndlərin vurulması kimi təzahür edir.
Almaniya Ukraynaya göstərilən hərbi dəstəyin əsas logistik və əməliyyat mərkəzi olduğundan, Moskva üçün ilk növbədə kritik infrastruktur və logistika şəbəkələrinin iflic edilməsi ön plana çıxır. Ramştayn kimi hərbi bazalar, hava limanları və nəqliyyat qovşaqları kiber-sabotajların, dron müşahidələrinin və gizli kəşfiyyat əməliyyatlarının hədəfinə gəlir. Paralel olaraq, Şimal və Baltik dənizlərindəki sualtı internet və enerji kabelləri, qaz kəmərləri daimi təhdid altında saxlanılaraq Avropa daxilində xaos, təchizat qırılmaları və iqtisadi disbalans yaradılmağa çalışılır. Bütün bunlarla yanaşı, informasiya müharibəsi vasitəsilə ictimai rəyi parçalamaq, radikal siyasi qüvvələri dəstəkləmək və Kiyevə yardımın ictimai dəstəyini zəiflətmək əsas xətt kimi saxlanılır. Avropaya yayılan bu təhlükənin ən kritik cəbhəsi isə şübhəsiz ki, Baltikyanı ölkələrdir. Estoniya, Latviya və Litva həm coğrafi zəifliyi, həm də NATO-nun kollektiv müdafiə öhdəliyini sınamaq baxımından Rusiya üçün əsas platforma rolunu oynayır. Xüsusilə Polşa ilə Litvanı birləşdirən, Kalininqrad anklavı ilə Belarus arasında qalan dar Suvalki dəhlizi alyansın hərbi baxımdan ən həssas nöqtəsidir. Kremlin buradakı əsas strategiyası tammiqyaslı işğaldan ziyada, NATO-nun 5-ci maddəsinin işləkliyini psixoloji olaraq test etməkdir. Moskva "yaşıl adamcıqlar", lokal sərhəd insidentləri, Narva kimi rusdilli əhalinin sıx yaşadığı bölgələrdə dezinformasiya və süni miqrant axınları ilə alyansın daxilində parçalanma yaratmağa çalışır”.
Hərbi ekspert hesab edir ki, Almaniya kəşfiyyatının xəbərdarlığı Avropanın artıq sülh dövründən çıxıb "müharibə öncəsi" mərhələyə keçdiyini təsdiqləyir: “Rusiya NATO ilə birbaşa açıq konfessional müharibəyə girmədən, strateji hədəfləri vurmaq, hibrid hücumlar təşkil etmək və Baltikyanı cəbhəsində NATO-nun qətiyyətini sınamaqla Avropa təhlükəsizliyini daxildən sarsıtmaq strategiyası yürüdür. Müharibə artıq Avropanın qapısında deyil, onun təhlükəsizlik müstəvisinin tam mərkəzindədir. Maraqlıdır ki, Finlandiya Rusiya ilə ən uzun sərhədə malik olduğunu və Rusiyanın hansısa hücuma hazırlaşmadığını bildirib.
Yəni Avropanın bəzi ölkələri prosesi həddindən artıq qabardır. Almaniyanın canfəşanlıq etməsinin əsas səbəbi onunla bağlıdır ki, rəsmi Berlin düşünür, Rusiya Ukraynada uğur qazansa, növbəti hədəf Polşa, Baltikyanı və ardınca Almaniya ola bilər. Onu da qeyd edim ki, Almaniya daxilində Ukraynaya dəstək birmənalı qarşılanmır”.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ