İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi ilə bağlı İLGİNC İDDİA

Ukrayna müharibəsində yeni və daha təhlükəli eskalasiya mərhələsi başlayır. Qışın yaxınlaşması fonunda Moskva Kiyevə zərbələrin intensivləşdiriləcəyini açıqlayır, Ukrayna isə cavab olaraq Rusiyanın iqtisadi və enerji dayaqlarına, xüsusilə neft emalı obyektlərinə hücumları artırmağa hazırlaşır. Bununla da cəbhədəki qarşıdurma ilə yanaşı, tərəflərin uzaqmənzilli zərbələri də müharibənin əsas alətlərindən birinə çevrilir.

Rusiya Müdafiə Nazirliyinin son açıqlamasına görə, Kiyev və Ukraynanın digər bölgələrində hərbi obyektlərə, müdafiə sənayesi müəssisələrinə və əlaqəli infrastruktura zərbələr gücləndiriləcək. Moskva bunu Ukraynanın Rusiyadakı hədəflərə hücumlarına cavab kimi təqdim edir. Kiyev isə Rusiyanın yeni hava kampaniyasının şəhərlərdə həyatı çətinləşdirməyə və əhalini yaşayış məntəqələrini tərk etməyə məcbur etməyə hesablandığını bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyanın neft emalı zavodlarına hücumların daha da genişləndiriləcəyini açıqlayıb. Bu istiqamət təsadüfi deyil. Neft sektoru Moskvanın həm iqtisadi gəlirləri, həm də müharibənin maliyyələşdirilməsi baxımından mühüm dayaqlarından biridir. Rusiyanın öz məlumatlarına görə, Ukrayna dron hücumlarından sonra ölkənin neft emalı güclərinin bir hissəsində təmir işləri aparılıb.

Ən ciddi məsələ isə qarşıdakı qışla bağlıdır. Son günlər Rusiyanın Ukraynanın enerji, nəqliyyat və digər kritik infrastrukturuna zərbələri artıb. ISW-nin qiymətləndirməsinə görə, Moskva 2026–2027-ci illərin payız-qış dövrü üçün infrastruktura qarşı daha genişmiqyaslı uzaqmənzilli zərbə kampaniyasına keçir. Ukrayna tərəfi isə artıq Rusiyanın neft sənayesini hədəfə almaqla bu təzyiqə cavab verməyə çalışır.

Bu qarşıdurma uzandıqca müharibənin yalnız səngərlərdə deyil, enerji bazarlarında, iqtisadiyyatda və şəhərlərin gündəlik həyatında da daha ağır nəticələr doğuracağı görünür. Üstəlik, Ukraynanın müharibə xərclərinin artması və iqtisadiyyatına enerji zərbələrinin təsiri Kiyevin qarşıdakı aylar üçün maliyyə yükünü də ağırlaşdırır.

Rusiya qış kampaniyasını genişləndirməklə Ukraynanı danışıqlara məcbur etməyə çalışır? Ukraynanın Rusiya neft sənayesinə zərbələri Moskvanın müharibə imkanlarını nə dərəcədə məhdudlaşdıra bilər?

ORUCOV SON.jpeg (33 KB)

Politoloq Əli Orucov Musavat.com-a bildirib:

“Ukrayna-Rusiya müharibəsinin dayandırılması yönündə göstərilən bütün beynəlxalq cəhdlər iflasa uğrayıb və qarşı duran tərəflər hücumun miqyasını, şiddətini genişləndirməkdədir. Ancaq burada hərbi əməliyyatlar cəbhə xəttindən daha çox iri şəhərlər, infrastrukturlar, mülki obyektlər üzərində aparılır. Kiyev və Moskva xüsusən də enerji, yanacaq, nəqliyyat, lojistika sektorlarını məhv etməklə bir-birlərini tükəndirməyə çalışırlar. Beynəlxalq hüquq normalarına görə, mülki şəxslərin və obyektlərin, əhalinin zəruri ehtiyaclarını ödəyən sahələrin hədəfə alınması qadağan edilir. Lakin göründüyü kimi, istər Moskva, istərsə də Kiyev həmin qadağalara məhəl qoymayaraq daha çox zərər vurma, daha çox tükəndirmə taktikasından ardıcıl olaraq istifadə edirlər. Rusiyada artıq Kiyevin neft emalı və enerji sektorlarına intensiv zərbələri açıq şəkildə hiss olunur və bu, daxildə ciddi böhrana aparır. Kreml məcburdur ki, tələbatını ödəmək üçün xaricdə yanacaq idxal etsin. Bu, Rusiyanın əlavə maliyyə cəhətdən yüklənməsi deməkdir. Halbuki neft gəlirlərindən də məhrum olmaqdadır. Rusiyanın ikiqat itkiyə məruz qalması müharibənin maliyyələşdirilməsini də çətinləşdirir. Kiyevdə enerji qıtlığı var. Ancaq Rusiyadan fərqli olaraq bunun ikiqat təsirini yaşamır. Biz Qərbin getdikcə azalan resurslarını da nəzərə almalıyıq. Hansı ki, həmin resurslarla Ukraynanı təmin imkanları daralır. Avropanın da öz təhlükəsizlik, müdafiə, iqtisadi, sosial və s. qayğıları artır. Məncə, Rusiya və Ukraynanın müharibəni daha bir neçə il uzatmağa potensialları yoxdur və tərəflər çalışırlar ki, təşəbbüsü ələ almaqla üstün mövqe qazansınlar”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR