Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Cape Coral şəhərində baş verən hadisə həm polis əməkdaşlarını, həm də yerli sakinləri təəccübləndirib. Oğurluq ittihamı ilə məhkəmə iclasına gedən 34 yaşlı Devon Turner məhkəməyə çatmamış yeni oğurluq cəhdinə görə saxlanılıb.
Musavat.com xəbər verir ki, polisin məlumatına görə, bir ailə karavanlarının içində olarkən naməlum şəxsin qapını açmağa çalışdığını görərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şübhəli şəxs kilidli qapını bir neçə dəfə açmağa cəhd göstərib. Qapını aça bilmədikdə isə karavanın elektrik bağlantısını kəsib.
Hadisə yerinə gələn polis əməkdaşları qısa müddət sonra Turner-i saxlayıblar. Bədən kamerası görüntülərinə əsasən, o, məhkəməyə getdiyini və geyinmək üçün paltar axtardığını bildirib. Lakin polis onun içərisində insanların olduğu karavana oğurluq məqsədilə daxil olmağa çalışdığı qənaətinə gəlib.
Araşdırma zamanı məlum olub ki, Turner-in getdiyi məhkəmə iclası da əvvəlki oğurluq işi ilə bağlıdır. Polis tərəfindən aparılan axtarış zamanı onun çantasından təxminən 2,9 qram metamfetamin də aşkarlanıb.
Nəticədə Turner yaşayış yerinə oğurluq məqsədilə qanunsuz daxil olmağa cəhd və narkotik maddə saxlamaq ittihamları ilə həbs edilərək Lee County Jail həbsxanasına göndərilib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi məhkəməyə gedən şəxsin yolda yenidən eyni cinayətə cəhd etməsini “inanılmaz təsadüf” kimi qiymətləndirib.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ