Onlayn ictimai-siyasi qəzet
Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan kilsədə öz adamlarını yerləşdirməyincə, sakitləşən deyil. Erməni mediasının məlumatına görə, Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Serj Ruşanyan Bütün Ermənilərin Katalikosu II Qareginin və daha 6 yüksək rütbəli din xadiminin cinayət işini icraata qəbul edib və ilkin məhkəmə baxışını 2026-cı il sentyabrın 18-dən saat 15:00-a təyin edib.

Musavat.com bildirir ki, proses məhkəmənin Eçmiədzin rezidensiyasında keçiriləcək. Xatırladaq ki, Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinin iki hakimi - Hakop Manukyan və Serj Ruşanyan bu işə baxmaqdan imtina etmişdilər.
Manukyan bu iş üzrə vəkil Ara Zohrabyanın ona vəkillik lisenziyası verdiyini əsas gətirərək özünü kənarlaşdırmışdı (özünə etiraz etmişdi). Serj Ruşanyan isə öz növbəsində işə İrəvanda baxılmalı olduğuna qərar vermişdi. İrəvan ümumi yurisdiksiya məhkəməsinin hakimi Vahaqn Melikyan da işin hansı məhkəmədə baxılmalı olduğunu müəyyən etmək üçün materialları Kassasiya Məhkəməsinə göndərməyi qərara almışdı. Nəticədə Kassasiya Məhkəməsinin qərarı ilə iş yenidən Ruşanyana “qayıdıb”.
İttihama əsasən, 2026-cı il yanvarın 15-də Masyatsotn temasının keçmiş rəhbəri Arman Saroyan məhkəməyə müraciət edərək Katalikosun onun vəzifədən azad edilməsi haqqında sərəncamının batil tanınmasını, vəzifəsinə bərpa olunmasını və iddianı təminedici tədbirlərin tətbiq edilməsini tələb edib.
Növbəti gün məhkəmə vəsatəti təmin edərək, “Erməni Həvari Müqəddəs Kilsəsi” dini təşkilatına və digər şəxslərə Saroyanın öz vəzifə borclarını yerinə yetirməsinə, o cümlədən temanın maliyyə vəsaitlərini sərəncamında saxlamasına mane olmağı qadağan edib. İttihama görə, yanvarın 19-da məhkəmə qərarı və icra vərəqəsi Ana Taxt-Tac Eçmiədzinə təqdim olunub. Sədri II Qaregin olan Ali Ruhani Şura onun rütbədən məhrum edilməsini təklif edib. II Qaregin bu təklifi qəbul edərək Saroyanı ruhani rütbəsindən və nəticədə temasının rəhbəri səlahiyyətlərindən məhrum edib. İstintaq organının qiymətləndirməsinə görə, bu hərəkətlərlə məhkəmə qərarının icrasına şüurlu şəkildə maneçilik törədilib.
II Qaregindən başqa, eyni əməldə həmçinin Ana Taxt-Tac Eçmiədzinin xarici əlaqələr və protokol şöbəsinin direktoru, arxiyepiskop Natan Ohannisyan; Avstraliya və Yeni Zelandiya Erməni temasının rəhbəri, arxiyepiskop Haykazun-Vrej Nadcaryan; Ana Taxt-Tac Eçmiədzinin gənclərin yenidən hazırlanması proqramının direktoru, yepiskop Vahan Hovhannisyan; Syunik temasının rəhbəri, yepiskop Edqar Hakobyan; Ana Taxt-Tac Eçmiədzinin inzibati-təsərrüfat şöbəsinin direktoru, yepiskop Nelson Babayan, habelə Quqark temasının rəhbəri, yepiskop Artur Hakobyan da ittiham olunurlar.
Beləliklə, Paşinyan Rusiya səfəri öncəsi belə, Qaregini dinc buraxmır və Rusiyaya bağlı rəqiblərindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Eks-prezident Robert Köçəryan və oğlunu həbsə atan, erməni milyarder, kilsənin donoru Samvel Karapetyanı, həmçinin “Çiçəklənən Ermənistan” partiyasının oliqarx sədri Tsarukyanı dustaq edən hakimiyyət Rusiyanın dayaqlarını silib-süpürməkdədir.
Proseslər haraya qədər davam edə bilər? Erməni baş nazirin inadkarlığının səbəbi nədir?
Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Paşinyanın bir neçə qrup rəqibləri var: “Bu, Rusiyanın dəstəklədiyi radikal müxalifətdir və bir də kilsədir. İndi radikal müxalifətlə mübarizəsi davam edir və müəyyən qədər istəyinə də nail olub, radikal müxalifətin liderlərini həbs etdirib. Və onların, əslində, Ermənistan cəmiyyətində də elə böyük nüfuzu yoxdur. Nüfuzları olsaydı, parlament seçkilərində Paşinyanı üstələyərdilər. Paşinyan bundan istifadə edərək onları daha çox zəiflədib”.
Analitik qeyd edib ki, ikinci istiqamət kilsə ilə mübarizədir: “Bu, daha mürəkkəb məsələdir. Çünki radikal müxalifətdən fərqli olaraq, Ermənistan cəmiyyətində kilsəyə dəstək var. Ona görə də Paşinyan burada bir az cərrah bıçağı ilə işləmək məcburiyyətindədir. O, Qaregini tənqid edir, tanımadığını bildirir və kilsəni içəridən parçalamağa çalışır, katolikosun rəqiblərini ön plana çıxarır. Amma gec-tez, məncə, Qaregin də zəifləyəcək”.
E.Şahinoğlunun fikrincə, Paşinyan bu mübarizədə Rusiyadan çəkinmir: “Baxmayaraq ki, indi Putin onu Moskvaya dəvət edib, Paşinyan məhz Rusiyaya səfər ərəfəsində radikallarla yanaşı, kilsəni də son dərəcə zəiflətməyə çalışır ki, Putinin əlində güclü alətlər olmasın”.
E.Paşasoy,
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ