İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan üçün KRİTİK seçim – Referenduma getməsə…

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində diplomatik təmaslar davam etsə də, prosesin taleyini müəyyən edəcək əsas məsələlərdən biri hələ də açıq qalır. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların dəyişdirilməsindən gedir.

Bəs Paşinyan konstitusiya dəyişikliyini nə vaxt reallaşdıracaq?

Deputat Könül Nurullayeva Musavat.com-a deyib ki, münasibətlərin tam normallaşması üçün hüquqi maneələr aradan qaldırılmalıdır. Onun sözlərinə görə, Paşinyanın konstitusiyanın yenilənməsinin zəruriliyi ilə bağlı çoxsaylı fikirlər səsləndirib: “O, yeni konstitusiyanın qəbul edilməsinin ölkənin daxili inkişafı baxımından vacib olduğunu bildirsə də, bu islahatın konkret vaxtı və məzmunu barədə hələ də aydın mövqe ortaya qoyulmayıb. Məhz bu qeyri-müəyyənlik müxtəlif suallar doğurur. Əsas müzakirə mövzularından biri konstitusiya dəyişikliyinin sülh müqaviləsindən əvvəl, yoxsa sonra həyata keçiriləcəyidir. İrəvan bu addımı saziş imzalanmadan əvvəl atarsa, bu, əsas narahatlıqlardan birinin aradan qalxmasına və yekun razılaşmanın daha sürətlə əldə olunmasına töhfə verəcək. Əks halda, konstitusiya islahatının sonrakı mərhələyə saxlanılması tərəflər arasında etimadın möhkəmlənməsini çətinləşdirə və danışıqların uzanmasına səbəb ola bilər”.

Könül Nurullayeva: "Azərbaycan Prezidentinin təşəbbüsləri beynəlxalq  müstəvidə təqdir olunur"

Deputat bildirib ki, hazırda Ermənistanın daxili siyasətində fikir ayrılığı Paşinyanın qarşısında duran əsas maneələrdən biri kimi görünür: “Müxalif qüvvələrin böyük hissəsi konstitusiya dəyişikliklərinə ehtiyatla yanaşır və bunu ölkənin milli maraqlarına zidd addım kimi qiymətləndirir. Bu destruktiv qüvvələr hər vəchlə prosesi pozmağa çalışır. Hazırda referendumun keçirilməsi ilə bağlı da rəsmi tarix açıqlanmayıb. Əslində konstitusiya islahatı geniş ictimai müzakirələr və siyasi razılaşmalar tələb edən prosesdir. Bu isə sülh müqaviləsinin imzalanma vaxtına da birbaşa təsir göstərə bilər”.

K.Nurullayeva qeyd edib ki, son dövrlərdə həm Qərb dövlətlərinin, həm də region ölkələrinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına marağının artması fonunda İrəvan üzərində diplomatik təzyiqin gücləndirilməsinə ehtiyac var: “Çünki Cənubi Qafqazda sülh regional təhlükəsizlik gündəliyinin əsas mövzularından birinə çevrilib. Azərbaycan məsələyə ciddi yanaşır və sülhün əsas təşəbbüskarı kimi bütün praktik addımlar atır. Paşinyanın bu istiqamətdə atacağı addımlar da adekvat olmalıdır”.


Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR