Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb.
N.Paşinyan həmçinin, bildirib ki, gündəlikdə müqavilənin ötən ilin dekabr, yanvar, oktyabr, aprel aylarında imzalanması da var idi, çünki sülh sazişi layihəsi üzrə müzakirələr keçən ilin martında başa çatıb. “İşləməyə davam edəcəyik", deyə o, əlavə edib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-nə planlaşdırılıb.
Bu bəyanat regionda davam edən normallaşma prosesinə yeni siyasi dinamika qazandıra bilər. Seçkilər ərəfəsində sülh müqaviləsinin gündəmə gətirilməsi həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara ünvanlanmış mesaj kimi də qiymətləndirilə bilər. Prosesin necə inkişaf edəcəyi isə tərəflər arasındakı həssas məsələlərin necə həll olunacağından asılı olacaq.
Milli Məclisin deputatı Zaur Şükürov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində 2025-ci il mühüm irəliləyişlər dövrü kimi yadda qaldı. Deputat qeyd edib ki, mart ayında “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş”in mətni tərəflər arasında razılaşdırılıb, iyul ayında Əbu-Dabidə iki ölkə lideri arasında ikitərəfli səmərəli görüş baş tutub və nəhayət 8 avqust tarixdə Vaşinqtonda tarixi Sülh Zirvə Görüşü keçirilib: “Bu görüşün nəticəsi olaraq imzalanmış bəyannamədə Azərbaycan tərəfinin maraqlarına uyğun olan və sülh sazişinin mətninin razılaşdırılması prosesində Ermənistan tərəfinin davamlı olaraq diqqətinə çatdırılan müddəalar öz əksini tapıb. Artıq həmin dövrdən iki ölkə sülh şəraitində yaşamağa uyğunlaşmaqdadır və Azərbaycan tərəfinin öz sülh təşəbbüsünün davamı olaraq, Ermənistana tranzit yük daşımaları ilə bağlı məhdudiyyətləri aradan qaldırması, hətta bu ölkəyə neft məhsullarının ixracına başlaması bu istiqamətdə mühüm addımlardandır.
Xatırlayırıq ki, keçən ilin mart ayında sülh sazişinin mətni razılaşdırıldıqdan sonra, Ermənistan rəsmiləri istər ölkə daxilində, istərsə də beynəlxalq tərəfdaşlarla keçirdikləri görüşlər zamanı, sazişi imzalamağa hazır olduqlarını, hətta bununla bağlı məkan və zaman seçimi ilə əlaqədar müzakirələrə başlaya biləcəklərini qeyd edirdilər. Təəssüf ki, hələ o dövrdə Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olan problemlərin- ATƏT-in Minsk Qrupu və əlaqəli orqanların ləğv edilməsi və Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların aradan qaldırılmasına çalışmaq əvəzinə, Azərbaycanı sülhdə maraqlı olmayan ölkə kimi qələmə verməklə manipulyasiya ilə məşğul olurdu. Belə ki, Ermənistan xarici işlər naziri guya ölkəsinin sülh müqaviləsi layihəsinin ən son versiyası ilə razılaşaraq, mətn layihəsi üzrə danışıqların yekunlaşmasına yol açması ilə bağlı açıqlaması da bu dövlətin saziş üzrə müzakirələr prosesində mətnə qəbuledilməz təkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayiş etdirirdi. Məhz Azərbaycan Prezidentinin liderliyi ilə çevik və peşəkar diplomatiyamız maraqlarımıza uyğun mətn üzrə danışıqları yekunlaşdırmağa imkan verdi. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bəyanat və şərhlər verilib”.
Z.Şükürov bildirib ki, 8 avqust Vaşinqton görüşündən sonrakı müzakirələr zamanı da, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının yer almasının sülh sazişinin imzalanması yolunda mane olaraq qalması dəfələrlə vurğulanıb: “Eyni zamanda, 8 avqust Vaşinqton görüşü zamanı imzalanmış Birgə Bəyannamənin 1 maddəsində yer almış “Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik” müddəasındakı “......Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik...” ifadəsi də mövqeyimizin qəbul edilməsinin və bu sənəddə təsbitinin nümayişi idi.
Qeyd olunanlar əsasında vurğulanmalıdır ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş”in imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi zəruridir və ümid edirik ki, Ermənistan rəhbərliyi regionda davamlı və etibarlı sülhdə maraqlıdırsa, bu məsələdə düzgün qərar qəbul edəcək”.
Deputatın sözlərinə görə, 8 avqust Vaşinqton razılaşması, o cümlədən ABŞ tərəfinin istər Azərbaycan, istərsə də Ermənistanla həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli müzakirələr aparması, bu görüşlərin davamı olaraq Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin hər iki ölkəyə rəsmi səfər etməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması bu dövlətin bölgəmizdə davamlı sülhdə və inkişafda maraqlı olduğunu təsdiq edir: “Bütün bunlar isə öz növbəsində ABŞ-nin Azərbaycan-Ermənistan normallaşma prosesinə gələcəkdə mümkün vasitələrlə dəstək göstərəcəyi anlamına gəlir. TRIPP marşrutu da bu baxımdan önəm kəsb edən layihə hesab edilə bilər. Ermənistanda bu ilin iyun ayında keçiriləcək seçkilərə mümkün müdaxilə və ya fors-major hallarına gəldikdə isə, qeyd etmək istərdim ki, iki ölkə arasında normallaşma prosesində hər iki tərəf üçün məqbul hesab edilən addımların atıldığı və proseslərin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyi, təqdir olunduğu bir dövrdə, bu ölkədə çaxnaşma və ya qeyri-sabitlik sülh prosesinə ciddi zərbə vura bilər. Nəzərə alsaq ki, Ermənistan daxilində revanşistlər və iki ölkə arasında normallaşma prosesinə mane olmaq istəyən qüvvələr hələ də fəaldır, seçki ərəfəsində onların müxtəlif etiraz aksiyaları vasitəsi ilə öz bədnam niyyətlərini nümayiş etdirməsi mümkündür. Ümid edək ki, Paşinyan iqtidarı regionda sabit sülh və inkişafın təmin edilməsində maraqlıdırsa, normallaşma prosesində davamlılığın təmin edilməsi üçün beynəlxalq platformalarda əldə olunmuş razılıqlara əməl edərək zəruri addımlar atacaq”.
Nigar Həsənli,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ