İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin partiyasından şok çağırış: Ukrayna şəhərlərini bombalayın, əhalini mənəvi cəhətdən sındırın

Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Ukrayna şəhərlərinə zərbələr endirməklə əhalinin demoralizə edilməsini təklif edib. Hakim “Vahid Rusiya” partiyasının yüksək vəzifəli nümayəndəsinin bu sözləri Moskvanın indiyədək səsləndirdiyi “yalnız hərbi obyektləri vururuq” mövqeyi ilə açıq ziddiyyət təşkil edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tolstoy bu fikirləri Rusiyanın Birinci kanalında yayımlanan “Vremya pokajet” tok-şousunda səsləndirib.

Veriliş zamanı politoloq Vasili Vakarov Ukraynada hazırda təxminən 20 milyon insanın yaşadığını xatırladaraq Tolstoydan genişmiqyaslı dağıntılar baş verəcəyi halda həmin insanların taleyinin necə olacağını soruşub.

Duma sədrinin müavini cavabında zərbələrdən bir sutka əvvəl şəhər sakinlərinə yaşayış məntəqələrini tərk etmələri barədə xəbərdarlıq edilməsini təklif edib.

Tolstoy daha sonra məqsədi açıq şəkildə belə ifadə edib: “Biz əhalini o dərəcədə demoralizə etməyə çağırırıq ki, əllərini qaldıraraq qoşunlarımızın qarşısına çıxsınlar”.

Bu açıqlamanı xüsusilə diqqətçəkən edən Tolstoyun Rusiya siyasi sistemindəki mövqeyidir. O, Dövlət Dumasının vitse-spikeridir və Moskva üzrə “Vahid Rusiya”nın seçki siyahısına rəhbərlik edir. Tolstoy uzun illər Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə başçılıq edib, 2020-ci ildə isə hətta AŞPA sədrinin müavini seçilib və Strasburqdakı Avropa Sarayında kabinetə sahib olub.

Tolstoyun dedikləri Kremlin Ukraynaya zərbələrlə bağlı illərdir səsləndirdiyi rəsmi mövqeyə uyğun gəlmir. Vladimir Putin, Kremlin sözçüsü Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov və Rusiya Müdafiə Nazirliyi dəfələrlə ordunun yalnız hərbi hədəflərə və Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi infrastruktura zərbə endirdiyini bildiriblər.

Rusiya siyasi və təbliğat məkanında bundan əvvəl də daha sərt çağırışlar səsləndirilib. Deputatlar Andrey Qurulyov və Andrey Kolesnik Ukraynaya zərbələrin gücləndirilməsini tələb ediblər. “Rodina” partiyasının rəhbəri Aleksey Juravlyov isə daha da irəli gedərək Ukrayna əhalisinin yarısının məhv edilməsindən danışıb.

Televiziya təbliğatçısı Vladimir Solovyov Odessanın “təmizləyici odla” məhv edilməsini təklif edib. Konstantin Malofeyev və hərbi ekspert Mixail Xodaryonok isə müxtəlif vaxtlarda Ukraynaya qarşı nüvə silahından istifadə çağırışları ilə çıxış ediblər.

Lakin Tolstoyun açıqlamasını əvvəlkilərdən fərqləndirən mühüm məqam onun sıravi deputat və ya televiziya təbliğatçısı deyil, Rusiya parlamentinin rəhbərliyində təmsil olunan vitse-spiker olmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR