Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə müharibənin miqyası hər ötən gün daha da genişlənir. Bir neçə həftə əvvəl yalnız İran, İsrail və Fars körfəzi ətrafında cərəyan edən qarşıdurma artıq yeni coğrafiyaları da əhatə etməyə başlayıb. Dünyanın nüfuzlu informasiya agentliklərindən biri olan “Reuters”in son təhlili göstərir ki, hadisələrin inkişafı təkcə hərbi əməliyyatların deyil, həm də qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının gələcəyi baxımından ciddi narahatlıq doğurur. Xüsusilə Qırmızı dənizdə yenidən artan gərginlik və ilk dəfə Xəzər dənizinin də bu münaqişə kontekstində gündəmə gəlməsi diqqətləri regiona yönəldib.
Belə görünür ki, qarşıdurma artıq yalnız Yaxın Şərqin deyil, Avrasiya məkanının da təhlükəsizlik gündəmini dəyişdirəcək mərhələyə qədəm qoyur.
“Reuters”in diqqət çəkdiyi yeni təhlükələr nədən ibarətdir? Xəzər dənizi doğrudanmı qlobal geosiyasi qarşıdurmanın növbəti cəbhəsinə çevrilə bilər? Bu proses Azərbaycanın enerji layihələrinə, Orta Dəhlizə və regional təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?

Politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, həqiqətən də Yaxın Şərqdə davam edən qarşıdurmanın coğrafiyası artıq regional sərhədləri aşıb:
“Hadisələrin inkişafı enerji bazarları, beynəlxalq nəqliyyat dəhlizləri və böyük güclərin geosiyasi maraqları baxımından qlobal nəticələr doğura biləcək prosesə çevrilib. ABŞ-İran, İran-İsrail qarşıdurması ətrafında yaranan gərginlik, Hörmüz boğazı və Qırmızı dənizdə təhlükəsizlik problemləri və yeni potensial risk zonalarının ortaya çıxması beynəlxalq ictimaiyyətin diqqətini daha geniş Avrasiya məkanına yönəldib.
Bu prosesdə əsas narahatlıq doğuran məsələlərdən biri enerji təhlükəsizliyi ilə bağlıdır. Yaxın Şərq dünya enerji təchizatının əsas mərkəzlərindən biri olduğuna görə regionda hər hansı genişmiqyaslı qeyri-sabitlik neft və qaz bazarlarına birbaşa təsir göstərir. Xüsusilə Hörmüz boğazı kimi strateji nəqliyyat arteriyalarında meydana çıxan risklər qlobal enerji axınlarının pozulmasına səbəb olur. Bununla yanaşı, Qırmızı dənizdə təhlükəsizlik problemləri Asiya ilə Avropa arasındakı dəniz ticarəti marşrutlarına əlavə təzyiq yaradır. Bu isə alternativ quru nəqliyyat yollarının, o cümlədən Orta Dəhlizin əhəmiyyətini artıran amillərdən biridir.
Xəzər dənizinin bu geosiyasi proseslər kontekstində daha çox müzakirə olunması da əslində təsadüfi deyil. Xəzərin mümkün risk zonasına çevrilməsi ilə bağlı həqiqətən də müəyyən narahatlıqlar var. Elə son olaraq Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum edilməsi bunun əyani sübutudur. Məsələ burasındadır ki, Xəzər həm enerji resursları baxımından mühüm məkan, həm də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat xəttinin əsas hissəsidir. Odur ki, Xəzərdə baş verə biləcək hər hansı qarşıdurma enerji təchizatının sabitliyi, qlobal bazarların təhlükəsizliyi və böyük dövlətlərin iqtisadi maraqları baxımından ciddi nəticələr yarada bilər. Bunun da zənnimcə hər kəs fərqindədir. Ona görə də Xəzərin yaxın gələcəkdə Yaxın Şərqdəki qarşıdurmanın yeni hərbi cəbhəsinə çevrilməsi ehtimalı hazırkı mərhələdə elə də yüksək görünmür. Bunun əsas səbəbi Xəzəryanı dövlətlərin regionun statusu və təhlükəsizliyi ilə bağlı xüsusi hüquqi-siyasi mexanizmlərə malik olması, həmçinin birbaşa hərbi eskalasiyanın bütün tərəflərin maraqlarına zidd olmasıdır. Bununla belə, Xəzərin tamamilə təhlükəsiz zona olduğunu düşünmək də doğru olmaz. Təəssüf ki, müasir müharibələrdə enerji infrastrukturu, limanlar, boru kəmərləri və logistika qovşaqlarının hərbi əməliyyatların dolayı hədəflərinə çevrilməsi tez-tez müşahidə olunur. Bu səbəbdən Xəzərin təhlükəsizliyi yalnız sahilyanı dövlətlərin deyil, həm də enerji idxalçısı olan ölkələrin strateji maraq dairəsindədir”.
Siyasi ekspert burada Azərbaycanın xüsusi mövqeyə malik olmasına da diqqət çəkdi:
“Ölkə həm enerji ixracatçısı, həm də Şərq-Qərb nəqliyyat bağlantılarının əsas iştirakçılarından biridir. Avropanın enerji mənbələrini diversifikasiya etmək siyasəti fonunda Azərbaycanın rolu artmaqdadır. Eyni zamanda, Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını genişləndirir və onu regional logistika mərkəzlərindən birinə çevirir.
Lakin artan geosiyasi qeyri-müəyyənlik yeni çağırışlar da yaradır. Azərbaycanın enerji və nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, regional diplomatik balansın qorunması və qonşu dövlətlərlə əməkdaşlığın davam etdirilməsi əsas prioritetlərdən biri olaraq qalır.
Ümumu olaraq deyim ki, Xəzər dənizi hazırda hər nə qədər yeni müharibə cəbhəsi olmasa da, lakin qlobal geosiyasi rəqabətin mühüm strateji məkanlarından birinə çevrilməkdədir. Enerji və logistika baxımından artan əhəmiyyəti Xəzəri daha həssas regiona çevirir. Bizim dövlət olaraq qarşımızda duran əsas vəzifə isə bu strateji üstünlüklərdən istifadə etməklə yanaşı, dəyişən təhlükəsizlik mühitində milli maraqları qorumaq və Xəzərin sülh, əməkdaşlıq və iqtisadi əlaqələr məkanı kimi qalmasına nail olmaqdır”.
Cavanşir Abbaslı
Musavat.com
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ