Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Ruben Rubinyan Azərbaycanla sülh prosesinin hələ tam başa çatmadığını bildirərək, bunun ölkəsi üçün təhlükə yaratdığını iddia edib.
Musavat.com xəbər verir ki, Rubinyan bu fikirləri avqustun 5-də Ermənistan parlamentinin iclasında səsləndirib.
Onun sözlərinə görə, Ermənistan üçün əsas təhlükələrdən biri Azərbaycanla sülhün hələ tam və geri dönməz xarakter almamasıdır.
"Təhlükə Azərbaycandan qaynaqlanır. Çünki bizim Azərbaycanla sülhümüz hələ geri dönməz və tam institusionallaşmış xarakter almayıb. Məhz geri dönməz hala gəlməmiş bu sülh Ermənistan Respublikası üçün təhlükə yaradır", – deyə parlament sədri bildirib.
Rubinyan Türkiyə ilə münasibətlərə də toxunaraq, iki ölkə arasında sərhədin bağlı qalmasını və diplomatik münasibətlərin olmamasını da Ermənistan üçün təhlükə kimi qiymətləndirib.
"Türkiyə ilə bağlı sərhədin bağlı olması ən azı iqtisadi, diplomatik münasibətlərin olmaması isə ən azı diplomatik təhlükə yaradır", – deyə o qeyd edib.
Parlament sədri əlavə edib ki, Ermənistan üçün iqtisadi əlaqələrin, təhlükəsizlik sahəsində tərəfdaşlıqların, enerji mənbələrinin və tranzit marşrutlarının kifayət qədər şaxələndirilməməsi də risklər sırasındadır.
Rubinyan çıxışı zamanı müxalifətdəki "Ermənistan" blokuna da müraciət edərək bildirib ki, hakimiyyət bu təhlükələri aradan qaldırmağa çalışır.
"Biz təhlükəni görürük və onu aradan qaldırmağa çalışırıq. Azərbaycanla sülhü geri dönməz etmək, Türkiyə ilə bağlı problemlərin həlli üçün danışıqlar aparmaq istəyirik. Siz isə təhlükəni öz siyasi məqsədləriniz üçün istifadə edirsiniz", – deyə o vurğulayıb.
O, çıxışının sonunda Erməni İnqilabi Federasiyasını (Daşnaksütyun) da tənqid edərək bu siyasi qüvvənin uzun illər təhlükə amilindən siyasi məqsədlərlə istifadə etdiyini söyləyib.
Musavat.com
06 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ