Onlayn ictimai-siyasi qəzet
“Türkiyədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan müsbət addımlar Azərbaycanda da müzakirə olunması üçün nümunə ola bilər. Lakin Türkiyədə qəbul edilən tələblərin Azərbaycanda avtomatik tətbiq olunması mümkün deyil. Bunun üçün Azərbaycan bazarının xüsusiyyətləri nəzərə alınmaqla ayrıca normativ qərar qəbul edilməlidir. Həmin dəyişikliklər elmi, texniki, iqtisadi baxımdan əsaslandırılmalıdır”.
Bunu Musavat.com-a açıqlamasında qida üzrə ekspert Asim Vəli deyib. O bildirib ki, Türkiyədə yeni tələblər dönərin tərkibində yağ, duz və ət zülalının müəyyən hədlərdə saxlanmasını, bəzi zülal və doldurucu maddələrdən istifadənin məhdudlaşdırılmasını və heyvan mənşəli yağın mənbəyinin etiketdə göstərilməsini nəzərdə tutur. İstehsalçılara uyğunlaşmaq üçün 31 mart 2027-ci ilədək keçid müddəti verilib.
“Nəzərinizə çatdırım ki, Azərbaycanda isə dönərlə bağlı tənzimləmə artıq mövcuddur. AQTA-nın müvafiq qərarı ilə “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” təsdiqlənib. Bu qaydalar dönərin hazırlanmasına, çiy dönərin emalına, təhlükəsizliyinə və minimum keyfiyyətinə, termiki emalına və dövriyyəsinə dair tələbləri müəyyən edir. Qaydalarda çiy dönərin fiziki-kimyəvi göstəricilərinə dair ayrıca tələblər də nəzərdə tutulub.
Gələcəkdə dönərin tərkibində ət, yağ, duz və digər inqrediyentlərin nisbətinə dair daha konkret tələblərin müəyyənləşdirilməsi müzakirə oluna bilər. Lakin belə limitlər müəyyən edilərkən ilk növbədə bazardakı real vəziyyət, istifadə olunan xammal, istehsal texnologiyaları, istehlakçı sağlamlığı və sahibkarların bu tələblərə uyğunlaşmaq imkanları qiymətləndirilməlidir.
Burada qida təhlükəsizliyi ilə qida dəyərini də bir-birindən ayırmaq lazımdır. Ətin mənşəyi, mikrobioloji təhlükəsizlik, temperatur rejimi, gigiyena, düzgün termiki emal birbaşa qida təhlükəsizliyi məsələləridir. Yağ və duzun miqdarı, ət zülalının səviyyəsi və doldurucuların istifadəsi isə həm məhsul standartı, həm də sağlam qidalanma baxımından qiymətləndirilə bilər”.

Onun sözlərinə görə, əgər Azərbaycanda yeni tələblər qəbul edilərsə, onların mərhələli tətbiqi də məqsədəuyğun yanaşma ola bilər: “İstehsalçıların resepturaları, xammal təminatı, istehsal prosesi və etiketləməni yeni tələblərə uyğunlaşdırması üçün müəyyən keçid müddətinin verilməsi bazarda kəskin pozuntuların qarşısını almağa kömək edə bilər.
Əsas məqsəd dönərin satışını məhdudlaşdırmaq deyil, istehlakçıya təhlükəsizliyi, tərkibi və keyfiyyət göstəriciləri daha aydın müəyyən edilmiş məhsul təqdim etmək olmalıdır. Azərbaycanda bunun üçün artıq hüquqi baza mövcuddur. Gələcəkdə bazarın monitorinqinin nəticələrindən asılı olaraq həmin tələblərin təkmilləşdirilməsi də mümkündür”.
Qeyd edək ki, Türkiyədə ət məhsullarının istehsalı ilə bağlı yeni standartlar qüvvəyə minib. Yeni standartlarla dönər, kolbasa və qiymənin tərkibinə dair tələblər sərtləşdirilib.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin bununla bağlı bildirişi dövlətin “Resmi Gazete” adlı bülleteninin yeni sayında dərc olunub. Yeni sənədlə dönər, sucuq, burger, qiymə, basdırma və qovurma da daxil olmaqla bir sıra məşhur məhsullarda dolduruculardan istifadə qadağan edilib. İstehsalçılar və müəssisələr üçün 31 mart 2027-ci ilədək keçid dövrü müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, dönər hazırlanmasında istifadə olunan ətin növündən asılı olaraq üç kateqoriyaya bölünür. Bütün kateqoriyalarda doğranmış qırmızı ət və qiymənin tərkibdəki payı normalaşdırılıb. Həmçinin yağ və duzun miqdarına məhdudiyyətlər tətbiq edilib. Dönərdə ümumi yağın payı 25 faizdən, duzun payı 2 faizdən çox ola bilməz, ətin tərkibində zülalın miqdarı isə ən azı 12 faiz olmalıdır.
Şahanə Rəhimli
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ