İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın 3 böyük şəhərini ard-arda BOMBALADI - Dağıntılar var

Sentyabrın 17-nə keçən gecə Rusiya qoşunları Ukraynanın bir neçə iri şəhərinə kütləvi raket hücumu həyata keçirib.

Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Kiyev, Odessa və Zaporojye vilayətlərində ümumilikdə 18 nəfər, o cümlədən uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Gecə saat ikidən sonra paytaxt Kiyevdə bir neçə güclü partlayış səsi eşidilib.

Ukrayna Hərbi Hava Qüvvələri rusların ballistik raketlərdən istifadə etdiyi barədə xəbərdarlıq yayıb. 

Kiyev şəhərinin meri Vitali Kliçko hücum nəticəsində iki uşaq olmaqla 12 nəfərin yaralandığını, onlardan doqquzunun xəstəxanalara yerləşdirildiyini bəyan edib.

Paytaxtın Dniprovski rayonunda üçmərtəbəli ofis binasının fasadı və şüşələri zədələnib, ətrafdakı yaşayış binalarının pəncərələri sıradan çıxıb. Raket qəlpələri həmçinin anbar ərazisinə və yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşüb. Svyatoşino rayonunda qeyri-yaşayış binasına, Solomensk rayonunda isə anbar binasına ciddi ziyan dəyib.

Odessada isə hücum zamanı 19 mərtəbəli yaşayış binası zərər görüb. Yerli hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Eyni zamanda Zaporojye vilayətində raket zərbələri sənaye obyektlərini hədəf alıb. Müəssisələrdən birində güclü yanğın baş verib və tikililər qismən dağılıb. Vilayət Hərbi Administrasiyasının məlumatına görə, hadisə zamanı bir qadın və iki kişi yaralanıb, onlara dərhal tibbi yardım göstərilib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR