İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada milyardlıq aktivlər müəmmalı şirkətə verildi – Bir həftə əvvəl satışdaymış

Rusiyada bir sıra iri Qərb şirkətlərinin aktivlərinin müvəqqəti idarəçiliyə verilməsi maraqlı detalı üzə çıxarıb. Milyardlarla rublluq biznesləri idarə edəcək “L.E.V. Management” şirkətinin cəmi bir həftə əvvəl fəaliyyəti və dövriyyəsi olmayan hazır hüquqi şəxs kimi satışa çıxarıldığı bildirilir.

Musavat.com “Agentstvo” nəşrinə istinadən xəbər verir ki, Vladimir Putinin imzaladığı sərəncamla “Nestlé”, “Auchan” və “Lemana PRO”nun — keçmiş “Leroy Merlin”in — Rusiyadakı aktivləri müvəqqəti olaraq “L.E.V. Management” şirkətinin idarəçiliyinə verilib.

Qərar Fransanın logistika operatoru “FM Logistic”in üç şirkətini, “Batilogistic”in səkkiz hüquqi şəxsini və “NG Concept”ə məxsus “Enje Stroy” şirkətini də əhatə edir.

Araşdırmanın ən diqqətçəkən məqamı isə yeni idarəçinin keçmişidir. “Agentstvo” müəyyən edib ki, “L.E.V. Management” çox yaxın vaxtadək hüquq şirkətinin saytında fəaliyyəti və dövriyyəsi olmayan hazır səhmdar cəmiyyəti kimi satışa çıxarılmışdı. Sonradan elan saytdan silinsə də, onun arxiv nüsxəsinin qaldığı bildirilir.

Sentyabrın 10-da şirkətin baş direktoru vəzifəsinə Andrey Krayuşkin gətirilib. “Vajnıye istorii”nin məlumatına görə, o, 2015-ci ildən ən azı 2020-ci ilədək Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsi rəisinin birinci müavini olub. 2024-cü ildə yayımlanan fotolardan birində Krayuşkin DİN general-mayoru paqonları ilə görüntülənib.

“Agentstvo”nun araşdırdığı məlumatlara əsasən, Krayuşkinin bundan əvvəl biznes idarəçiliyi təcrübəsi olmayıb və “L.E.V. Management” onun şirkət rəhbərliyində ilk vəzifəsidir. 2025-ci ildə isə onun DİN-in Moskvadakı Mərkəzi Poliklinikasından gəlir əldə etdiyi bildirilir.

Araşdırmada daha bir maraqlı əlaqəyə diqqət çəkilir. Krayuşkinin istifadə etdiyi avtomobilin sığorta sənədində adı olan digər sürücülərdən biri Sergey Mitindir. Məlumata görə, Mitin 2022-ci ildə “Evraz” şirkəti ilə işləyən özəl mühafizə müəssisəsində şəxsi sürücü-mühafizəçi kimi çalışıb.

Beləliklə, yaxın vaxtadək fəaliyyətsiz hazır hüquqi şəxs kimi satışda olan və yeni rəhbərinin korporativ biznes idarəçiliyi təcrübəsi olmadığı bildirilən bir şirkət indi Rusiyada bir neçə böyük beynəlxalq brendin aktivlərinin müvəqqəti idarəçisi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR