İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar erməni konyakını nə ilə əvəz edəcək?

Ermənistandan idxalın əvəzlənməsi Rusiya üçün heç bir çətinlik yaratmayacaq. APA xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərə alternativ axtarılması barədə bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyanın dünya ilə ümumi ticarət dövriyyəsində payı 0,9%-i keçmir.
Bu göstərici Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər üzvləri üçün isə daha aşağıdır: Belarus üçün 0,3%, Qazaxıstan üçün 0,05%, Qırğızıstan üçün isə 0,02%-dir.

Reşetnikov qeyd edib ki, Ermənistan məhsullarının Aİİ bazarlarına təsirini əhəmiyyətli hesab etmək olmaz və məhz buna görə də onların əvəzlənməsi heç bir çətinlik yaratmayacaq.

Bəs, Rusiya və Aİİ bazarları üçün Ermənistan məhsulları başqa hansı alternativlə əvəzlənə bilər?
Musavat.com xəbər verir ki, Ermənistan əsasən kənd təsərrüfatı məhsulları, qida sənayesi məhsulları, spirtli içkilər, yüngül sənaye malları və müəyyən həcmdə metal məhsulları ixrac edir.

İqtisadçılar hesab edir ki, meyvə-tərəvəz və konserv məhsulları Rusiya daxilində istehsalın artırılması, eləcə də Azərbaycan, Özbəkistan, Tacikistan, İran və Türkiyədən idxal hesabına əvəz edilə bilər.
Ermənistanın məşhur brendi olan konyak bazarda müəyyən yer tutsa da, onun yerini Rusiya istehsalı, eləcə də Gürcüstan, Belarus, Azərbaycan və digər ölkələrin spirtli içkiləri tuta bilər.

Mineral sular və içkilərə gəlincə, Rusiyanın öz istehsalı ilə yanaşı, Gürcüstan, Azərbaycan və Şimali Qafqaz istehsalçılarının məhsulları alternativ sayılır.

Metallurgiya məhsulları və xammalı Rusiya Qazaxıstandan və Çindən idxalı artırmaqla erməni məhsullarının yerini doldura bilər.

Tekstil və yüngül sənaye məhsullarına gəldik, Çin, Türkiyə, Özbəkistan və Qırğızıstan kimi istehsalçıların bu seqmentdə Ermənistanı asanlıqla əvəz etməsi mümkündür.

Bununla yanaşı, Rusiyada bəzi məhsulların, xüsusilə erməni konyakı, quru meyvələr və müəyyən emal olunmuş ərzaq məhsullarının öz istehlakçı auditoriyası var. Bu səbəbdən onların tam əvəzlənməsi müəyyən vaxt tələb edə bilər. Lakin ümumi ticarət dövriyyəsində Ermənistanın payının cəmi 0,9% olması nəzərə alınarsa, erməni məhsullarının yoxluğunun Rusiya bazarında ciddi mal qıtlığına səbəb olacağı gözlənilmir.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

30 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR