Onlayn ictimai-siyasi qəzet
İran İslam Respublikası Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə müdafiə paktında özünə qarşı hər hansı birbaşa hərbi təhdid görmür.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İsmayıl Baqai keçirdiyi həftəlik brifinqdə bildirib.
"Üç islam ölkəsinin və iki qonşu müsəlman dövlətinin daxil olduğu bu paktın iranlılara qarşı yönəldiyini düşünmək üçün heç bir əsasımız yoxdur. Region ölkələri artıq dərk ediblər ki, Birləşmiş Ştatların Yaxın Şərqdəki yeganə qayğısı sionist rejiminin qeyri-qanuni maraqlarını qorumaqdır", – deyə diplomat vurğulayıb.
Baqai əlavə edib ki, Tehran region dövlətlərinin kənar güclərdən asılı olmadan öz təhlükəsizlik çətirini yaratmaq cəhdlərini müsbət qiymətləndirir və qonşu ölkələri öz ərazilərindən İrana qarşı hərbi məqsədlərlə istifadə olunmasına icazə verməməyə çağırır. Qeyd edək ki, bundan əvvəl İran Parlamenti nümayəndələri də ölkənin Məkkə Sazişinə daxil olması imkanlarının nəzərdən keçirildiyini bəyan etmişdilər.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ