İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokio-Pekin münasibətləri qızışdı: Senkaku ətrafında təhlükəli manevrlər  


"Çinlə Yaponiya arasında münasibətlər gərginləşib. İki ölkə arasında vəziyyət o dərəcədə gərginləşib ki, Çinin Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlarına Yaponiyaya səfərdən çəkinməyi şiddətlə tövsiyə edib".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq iki ölkə arasında gərginliyin artmasının əsas səbəblərini bu cür açıqlayıb:
"“Bloomberg” agentliyinin məlumatına görə, Çin hərbi gəmiləri noyabrın 16-da Yaponiyanın ərazi sularına daxil olub. Yaponiyanın sahil mühafizə xidmətinin məlumatına görə, gəmilər Pekinin mübahisəli adalar kimi qiymətləndirdiyi Senkaku ətrafında hərəkət ediblər.

Pekin bu ittihamları qəbul etməyərək Çin hərbi gəmilərinin mübahisəli sularda “ərazi hüquqları” çərçivəsində patrul xidməti həyata keçirdiklərini açıqlayıb.

Yaponiyanın baş naziri Sanae Takaitinin Tayvanla bağlı açıqlamalarından sonra Pekin Tokioya əzələ nümayişi göstərməyə qərar verib. Sanae Takaiti Çinin Tayvana qarşı hərbi güc tətbiqinin ölkəsi üçün “yaşama təhlükəsi yaradan vəziyyət” kimi qiymətləndirilə biləcəyini və bu halda Yaponiyanın müdaxilə üçün hüquqi əsası olacağını vurğulamışdı. Tayvan Yaponiya ərazisindən cəmi 110 km aralıda yerləşir. Yaponiya baş nazirinin Tayvanla bağlı açıqlaması Pekinin sərt reaksiyasına səbəb oldu.

İki ölkə arasında vəziyyət o dərəcədə gərginləşib ki, Çinin Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlarına Yaponiyaya səfərdən çəkinməyi şiddətlə tövsiyə edib.

Hazırda Yaponiyada olan çinli turistlərə isə özünümüdafiə tədbirlərini gücləndirmək və fövqəladə hallarda dərhal polisə məlumat vermək, o cümlədən Çinin Yaponiyadakı səfirliyindən və ya konsulluğundan kömək istəmələri məsləhət görülüb. Halbuki, Yaponiyada xarici ölkə vətəndaşlarına, o cümlədən çinli turistlərə hücum barədə məlumat yoxdur. Buna baxmayaraq, Çin Xarici İşlər Nazirliyi Yaponiyada ictimai təhlükəsizliyin qeyri-sabit olduğunu, Çin vətəndaşlarına qarşı cinayətlər və hücumlar olacağını istisna etməyib. Çinin 3 aviaşirkəti Yaponiyaya biletlərin geri qaytarıla və ya pulsuz dəyişdirilə biləcəyini elan edib.
 
İki ölkə arasında gərginliyin artmasına dəlalət edən amillərdən biri Çinin Yaponiyadakı konsulunun çalışıdığı ölkənin baş naziri haqqında söylədiyi cümlədir. Çinin Oskadakı baş konsulu Yaponiyanın baş nazirinə işarə edərək “özündən çıxan çirkli baş kəsilməlidir" ifadəsini işlədib. Bu ifadə isə Tokionun rəsmi etirazına səbəb olub".

Politoloq həmçinin qeyd edib ki, Yaponiyanın baş naziri Sanae Takaiti rəhbərlik etdiyi hökumətin ölkə vətəndaşları arasında reytinqi artıb:

""Kyodo” agentliyinin keçirdiyi soğru nəticələrinə görə, Takaiti kabinetinə dəstək reytinqi 5,5 faiz bəndi artaraq 69,9%-ə çatıb. Baş nazirin müdafiə xərclərini artırmaq niyyətini sorğuda iştirak edənlərin 60,4%-i dəstəkləyib, 34,7%-i isə buna qarşı çıxıb. Sorğuda iştirak edənlərin 48,8%-i baş nazirin Çinin siyasəti ilə bağlı sözlərini dəstəkləyib, 44,2% isə baş nazirin bu sözlərini tənqid edib".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR