Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları beynəlxalq siyasətdə yeni müzakirələrə yol açıb. Bir tərəfdən Tehranın nüvə proqramına görə sərt təzyiqlərdən danışan Ağ Ev sahibi, digər tərəfdən İranın bəzi addımlarını anladığını və hətta iki ölkənin dağıdılmış nüvə obyektlərindəki uranı birlikdə çıxarmağa razılaşdığını bildirib. Onun dedikləri şok effekt yaradıb və çoxlu sayda suallara yol açıb.
Bununla Tramp hansı mesajı verməyə çalışır? Vaşinqton və Tehran həqiqətən də uzun illərin düşmənçiliyindən sonra əməkdaşlıq mərhələsinə keçə bilərmi?
Daha da maraqlısı odur ki, Tramp İranın Küveytə son hücumuna haqq qazandırıb və onları ABŞ-ın təxribatına cavab kimi qiymətləndirib. ABŞ prezidentinin bu mövqeyi taktiki gedişdir, yoxsa Ağ Evin İran siyasətində köklü dəyişikliklərin xəbərçisidir? Tramp niyə birdən-birə Tehranla daha yumşaq tonda danışmağa başlayıb? ABŞ və İran arasında tarixi razılaşma doğrudanmı yaxınlaşıb?

Şəhla Cəlilzadə
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki, Tramp İranla müharibənin ilk günündən bəri mübahisəli açıqlamalar verməkdədir: “ İranla danışıqların aparılması, zənginləşdirilmiş uranın təhvil verilməsi, İranda rejimin dəyişdirilməsi, İranın yer üzündən silinməsi və s. bu qəbildəndir. Odur ki, bu açıqlamaları tam anlamıyla real qəbul etmək doğru olmaz. İran rəsmiləri yeni hərbi müdaxiləyə sərt reaksiya verəcəklərini bəyan ediblər. Müharibənin yenidən eskalasiyası ABŞ-nin regiondakı maraqları, müttəfiqlərinin təhlükəsizlik qayğıları ilə uzlaşmır. Odur ki, Konqres Trampın müharibəyə yenidən başlamaqla bağlı səlahiyyətlərini məhdudlaşdıran qərar qəbul etdi. Bu, tarixi qərardır. Başqa sözlə, Tramp İranla danışıqlara sövq edilib. Danışıqlar prosesi isə davam etməkdədir. Yekun nəticə, o cümlədən zəngiləşdirilmiş uranın taleyi ilə bağlı İranın qərarı hələ ki, bəlli deyil. İran rəsmiləri birbaşa deyil, üçüncü tərəflərin vasitəçiliyi ilə danışıqların davam etdiyini bildirir. Tərəflər arasında əldə olunan atəşkəsin şərtlərindən biri o idi ki, tərəflər ilkin mərhələdə blokadanı qarşılıqlı şəkildə ləğv etsin, nüvə danışıqlarına isə ikinci mərhələdə yer verilsin. Hələ ki, nə blokada ləğv edilib, nə də nüvə danışıqları barədə dəqiq bəyanatlar verilib. ABŞ-ın əsas tələblərindən biri budur ki, bütün cəbhələrdə atəşkəsə əməl olunsun. Amma Livan hər gün hərbi hücuma məruz qalır. Başqa sözlə, İranın nüvə danışıqlarında güzəştə getməsi regiona sülh bəxş edə bilər. Lakin hələ ki, belə bir güzəşt edilməyib. İranın uran zənginləşdirməsi isə İran xalqının suveren hüququ olaraq bəyan olunub. Bu prinsipial məsələdən də imtina edilməyəcəyini demək olar”.
Cavanşir ABBASLI
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ