İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı Rusiya pulları ilə gücləndirirlər

Avropa İttifaqı Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına 1,4 milyard avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, vəsait Ukraynanın müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

"Biz yenidən Rusiyanın Ukraynanın mülki infrastrukturuna hava zərbələri nəticəsində törətdiyi dəhşətli cinayətlər barədə xəbərlərlə oyanırıq. Rusiya törətdiyi dağıntılara görə cavab verməlidir. Biz bunun təmin olunması üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edirik", - von der Leyen qeyd edib.  (APA)

Bəs Rusiya-Ukrayna müharibəsi başlayandan bu günədək Rusiyanın dondurulmuş aktivlərinin ümumi məbləği nə qədərdir? Dondurulmuş aktivlərdən gələn gəlirlərdən bu günə qədər hansı miqdarda Ukraynaya yardım üçün ayrılıb?

Musavat.com-un araşdırmasına görə, 24 fevral 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya və digər müttəfiqlər Rusiyanın xaricdəki dövlət aktivlərini dondurublar. Bu aktivlərin böyük hissəsi Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarıdır.

Dondurulmuş aktivlərin ümumi həcminin təxminən 300 milyard ABŞ dolları səviyyəsində olduğu bildirilir. Bu aktivlərin böyük hissəsi Belçikada saxlanır. Avropa İttifaqı bu aktivlərin özünü deyil, onların idarə olunması nəticəsində əldə edilən faiz və investisiya gəlirlərindən istifadə edir. Rusiya aktivlərinin gəlirlərindən indiyədək Ukraynaya ayrılan vəsaitə gəlincə, 2024-cü ildən etibarən Avropa İttifaqı dörd tranş üzrə bu gəlirləri Ukraynaya yönəldib. 2024-cü ildə ilk tranş təxminən 1,5 milyard avro məbləğində olub. 2025-ci ildə ikinci və üçüncü tranşlar həyata keçirilib. Bu tranşlar nəticəsində Ukraynaya təxminən 2,4 milyard avro yardım çatıb. 2026-cı ildə dördüncü tranş həyata keçiriləcək. 1,4 milyard avro məbləğində olacaq yardım barədə Ursula von der Leyenin bu gün açıqlama verib. Beləliklə, 2026-cı ilin avqustunadək dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya ayrılan vəsaitin ümumi həcmi təxminən 5,2-5,3 milyard avroya çatıb.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR