Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin ad statistikası Azərbaycanda valideynlərin seçimlərinin dəyişdiyini göstərir - səbəb nə?
2026-cı ildə Azərbaycanda doğulmuş 512 qıza Melisa adı qoyulub. Ədliyyə Nazirliyinin hesabatında İnci (484 uşaq) ikinci, Məryəm (473) üçüncü populyar qız adı kimi rəsmiləşib.
İlk onluqda Aylin (472 uşaq), Alisa (463), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384), Miray (330) adları da var. Oğlan adları içində Uğur öndədir: bu ad 760 uşağa məsləhət görülüb. 536 uşaq Raul, 472 uşaq Miran adı alıb.
Qalan populyar oğlan adları bunlardır: Hüseyn (465 uşaq), Əli (462), Yusif (379), Murad (314), Ömər (313), Tunar (296), Ayxan (289).
2026-cı ilin ad statistikası Azərbaycanda valideynlərin seçimlərinin dəyişdiyini göstərir. Bir tərəfdən Məryəm, Zeynəb, Əli, Hüseyn və Yusif kimi ənənəvi və dini köklərə malik adlar populyarlığını qoruyur, digər tərəfdən isə Melisa, Alisa, Aylin, Nilay, Miray və Raul kimi son illərdə geniş yayılan adlar ön plana çıxır.
Xüsusilə Melisa adının qızlar arasında birinci olması valideynlərin daha müasir və beynəlxalq səslənişə malik adlara marağının artdığını göstərir. Oğlan adlarında Uğurun liderliyi isə uğur, nailiyyət və xoş tale arzusunun ad seçimində hələ də mühüm rol oynadığını ortaya qoyur.
Bu statistika cəmiyyətin ad seçiminə təsir edən amillərin də dəyişdiyini nümayiş etdirir. Sosial şəbəkələr, televiziya serialları, məşhur şəxslər və qloballaşma valideynlərin seçimlərinə əvvəlki illərlə müqayisədə daha çox təsir göstərir. Bununla yanaşı, milli və dini kimliyi əks etdirən adlar da öz mövqeyini itirmir.
Beləliklə, 2026-cı ilin siyahısı Azərbaycanda ad seçiminin artıq ənənə ilə müasirliyin sintezini əks etdirdiyini göstərir. Valideynlər həm milli dəyərləri qorumağa, həm də övladlarına beynəlxalq mühitdə rahat qəbul ediləcək adlar verməyə çalışırlar.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. O, qeyd edib ki, Azərbaycanda kifayət qədər insan orta yaşda olmasına baxmayaraq, bəzən adlarından imtina etməli olurlar: “Bu da onu göstərir ki, valideyn tərəfindən adlar qoyularkən məsuliyyətsizlik edilir. Çünki uyğun ad qoyulmur. Uşaqlar yaxın ətrafları, dostları, əhatə mühiti tərəfindən stiqmatik yanaşmaya, replikalara məruz qalırlar. Bəzi adlar da var ki, hətta uşaqda travma yaradır və bu travma bir ömür uşağın inkişafı boyu ona təsir göstərir. Elə ona görə də insanlar bəzən orta yaşa çatmasına baxmayaraq, adlardan imtina etmək məcburiyyətində qalırlar.
Valideynlər unutmamalıdırlar ki, adlar valideyn tərəfindən övladlarına verilən ilk və dəyərli hədiyyədir. Yəni adların psixoloji sirayət qüvvəsi və psixoloji təsir gücü var. Bəzən deyirlər, uşaq adı ilə böyüyər. Bu, təsadüfi deyim deyil. Bəzən ad uşaq üçün mayak kimi ona yol açır və şəxsiyyət kimliyinin formalaşmasına təsir göstərir.
Ərəb işğalına qədər Azərbaycanda adı uşaqlar özləri qazanırdı və sonra el ağsaqqalı həmin şəxsə ad qoyurdu. Dastanlarımızda, asatirlərimizdə hər halda belə qeyd olunub.
Ərəb işğalından sonra daha çox ərəb adlarına üstünlük verməyə başladılar. Ölkəmizdə həm dini-ideoloji, həm də siyasi-ideoloji adlara rast gəlmək mümkündür. İslamın təbliğatında, təşviqatında iştirak etmiş insanların adlarını uşaqlarına verirlər. Sovet dövründə isə siyasi-ideoloji adlar üstünlük təşkil edirdi. Məsələn, uşaqlara İnqilab, Sovet, Kombayn, Şura tipli adları qoyurdular. Uşaq çox vaxt böyüyəndən sonra o addan imtina etmək məcburiyyətində qalırdı".
Sosioloq bildirir ki, əfsuslar olsun ki, valideynlər hər hansı bir filmdə gördükləri obrazın adını uşaqlara verirlər, ancaq bilmirlər ki, o, antipoddur, yoxsa müsbət obrazdır: “Və yaxud da övladlarına bəzən tərəvəz və ya bitki adı qoyurlar. Məsələn Səbət, Gilas, Samovar, Çaynik, İstəkan, Nəlbəki tipli adlara rast gələ bilərik. Bu da çox utandırıcı bir haldır. Hər halda uşaq öz adından utanmamalıdır. Çünki onun dostlar əhatəsi var və replikaya məruz qalanda pis olacaq.
Valideyn heç Melisa sözünün mənasını bilmədən uşağına o adı qoyur. Yaxşı olar ki, milli, mahiyyətli, lakonik adlar olsun. Azərbaycan tarixində kifayət qədər xidməti olan Azərbaycan-türk adları var. Bax, o adları qoymaq, yaşatmaq olar.
Adlarla bağlı komissiya bu məsələyə kifayət qədər həssas yanaşır. Doğrudur, bəzən Melisa adına icazə verir, amma digər bitki adına icazə vermir və bu da mübahisə yaradır. İzah edilməlidir ki, icazə verilmirsə, bu nəyin əsasında qadağan olunur. Bu məsələyə mənə elə gəlir ki, daha universal yanaşılmalıdır. Yəni bilinməlidir ki, bitki, tərəvəz adına icazə verilir, yoxsa icazə verilmir. Valideynlər isə unutmamalıdırlar ki, qoyduqları ad uşağa pozitiv, müsbət təsir göstərə bilər və ya əksinə olar".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
15 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ