İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun “demokratiya vitrini” çatladı - ABŞ-də korrupsiya şoku

Birləşmiş Ştatlar uzun illərdir dünyaya demokratiya, şəffaf idarəçilik və hüququn aliliyi modeli kimi təqdim olunur. Lakin ölkənin öz daxilindən gələn son rəqəmlər bu modelin ciddi etimad sınağı ilə üz-üzə qaldığını göstərir. Yeni “Gallup” sorğusunun nəticələri Vaşinqton üçün olduqca narahatedici mənzərə ortaya qoyub. Ortaya çıxan nəticə göstərir ki, amerikalıların 89 faizi ölkə hakimiyyətində korrupsiyanın geniş yayıldığını düşünür. Bu, son 20 ilin rekord göstəricisidir. Üstəlik, söhbət yalnız bir siyasi düşərgənin narazılığından getmir. Həm demokratlar, həm müstəqil seçicilər, həm də respublikaçılar arasında korrupsiya ilə bağlı ciddi şübhələr mövcuddur.

Maraqlıdır ki, bu nəticə ABŞ-də dövlət institutlarına ümumi etimadın da zəiflədiyi bir dövrə təsadüf edir. Pyu Araşdırma Mərkəzinin 2025-ci ilin sonundakı məlumatına görə, amerikalıların cəmi 17 faizi Vaşinqtondakı hökumətin düzgün işlər gördüyünə “həmişə” və ya “çox vaxt” etibar etdiyini bildirib. 2026-cı ildə isə korrupsiya ilə bağlı mənfi gözləntilərin daha da yüksəlməsi artıq problemin təkcə ayrı-ayrı siyasətçilərlə deyil, bütövlükdə siyasi sistemə münasibətlə bağlı olduğunu göstərir.

Bu mənzərədə Donald Tramp administrasiyası ətrafında yaranan mübahisələr də xüsusi diqqət çəkir.

“Reuters/Ipsos”un avqust ayında keçirdiyi sorğuda amerikalıların 63 faizi Tramp və ailəsinin kriptovalyuta biznesindən əldə etdiyi gəlirləri yolverilməz hesab etdiyini bildirib. Daha diqqətçəkən məqam isə odur ki, respublikaçıların yarısı belə prezidentin siyasi qərarlarında şəxsi biznes maraqlarının təsir göstərə biləcəyini düşünür.

Beləliklə, ABŞ-də qarşıdakı aralıq seçkilər ərəfəsində korrupsiya məsələsinin əsas siyasi mövzulardan birinə çevrilməsi təsadüfi görünmür. Artıq məsələ yalnız demokratların Tramp administrasiyasına qarşı ittihamlarından ibarət deyil. Cəmiyyətin böyük hissəsində Vaşinqtonda siyasi hakimiyyətlə böyük maliyyə maraqları arasındakı sərhədlərin nə qədər şəffaf olduğu ilə bağlı suallar yaranıb. ABŞ-nin Brennan Mərkəzinin 2026-cı il araşdırması da seçicilərin Konqres, prezident və kabinet kimi əsas federal institutları korrupsiya problemi ilə əlaqələndirdiyini göstərir. Bu isə ABŞ üçün sadəcə daxili siyasi problem deyil. Vaşinqton dünyada korrupsiya və demokratik idarəçiliklə bağlı tez-tez mövqe bildirən əsas güclərdən biridir. Əgər amerikalıların 10 nəfərdən 9-a yaxını öz hökumətlərində korrupsiyanın geniş yayıldığını düşünürsə, bu, ABŞ-nin həm daxili siyasi sabitliyi, həm də beynəlxalq nüfuzu baxımından ciddi suallar doğurur.

Amerikalıların 89 faizinin hökumətdə korrupsiyanın geniş yayıldığını düşünməsi ABŞ siyasi sistemi üçün nə dərəcədə ciddi siqnaldır?

BEHRUZ.jpg (80 KB)

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-da diqqətə çatdırıb ki, amerikalıların 89 faizinin hökumətdə korrupsiyanın geniş yayıldığını düşünməsi və əhalinin cəmi 17 faizinin federal instituta etibar etməsi ABŞ-nin siyasi modeli üçün sadəcə növbəti reytinq itkisi deyil, dərin institusional böhranın aşkar sübutudur:

“Bu rekord göstərici problemin təkcə cari administrasiyanın və ya konkret bir prezidentin fəaliyyəti ilə məhdudlaşmadığını, bütövlükdə dövlət maşınına olan inamın sarsıldığını göstərir. “Gallup” və “Pew Research” kimi aparıcı mərkəzlərin statistikası sübut edir ki, Vaşinqtona qarşı etimadsızlıq onilliklər ərzində formalaşmış sistemli meyilin nəticəsidir. Seçki kampaniyalarının nəhəng korporativ maliyyələşməsi, leqallaşdırılmış lobbiçilik mexanizmləri və qanunvericilərin şəxsi biznes maraqları amerikalılarda hakimiyyətin sıravi vətəndaşlara deyil, böyük maliyyə qruplarına xidmət etdiyi haqqında möhkəm rəy yaradıb. Bu səbəbdən də korrupsiya narahatlığı yalnız bir siyasi cəbhənin arqumenti deyil, həm demokratlar, həm respublikaçılar, həm də müstəqil seçicilər arasında eyni dərəcədə yüksək olan ümummilli narazılıqdır”.

Deputat hesab edir ki, bu acınacaqlı vəziyyətin yaranmasında xüsusilə Demokratlar Partiyasının və onun siyasi xəttinin məsuliyyəti böyükdür:

“Məhz demokratlar uzun illər ərzində ABŞ-ni dünyada sanki bir “polis” və ya “jandarm” rolunda görmək ənənəsinin bünövrəsini qoyublar. Özlərini insan haqlarının, demokratiyanın və şəffaflığın dünyadakı yeganə “qoruyucusu” kimi qələmə verən demokrat siyasətçilər, xarici siyasəti başqa dövlətlərin daxili işlərinə müdaxilə alətinə çeviriblər. Bu gün prezident Donald Trampın və onun administrasiyasının qarşılaşdığı sistemli problemlərin, cəmiyyətdəki dərin etimadsızlığın böyük bir hissəsi məhz demokratların hakimiyyəti dövründən ona qalmış ağır mirasdır. Təsadüfi deyil ki, məhz tüğyan edən idarəçilik böhranına və şəffaflıq problemlərinin ehtiva olunduğu mövcud mənzərə xüsusilə ABŞ Konqresindəki demokrat qanunvericilərin və Vaşinqtondakı müəyyən beyin mərkəzlərinin xarici siyasətdə nümayiş etdirdiyi ikili standartları çılpaqlığı ilə ortaya qoyur. İllərdir ki, başqa suveren dövlətlərə, o cümlədən Azərbaycana “şəffaflıq” və “demokratiya” adı altında təzyiq göstərməyə çalışan bu dairələr öz vətəndaşlarının 10 nəfərindən 9-nun korrupsiyalaşmış hesab etdiyi bir sistemin təmsilçiləri olduqları üçün başqa ölkələrə dərs keçmək mənəvi haqqına sahib olmadıqlarını anlamalıdır. Xüsusilə erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən konqresmenlərin və analitik mərkəzlərin Azərbaycanla bağlı məsələlərdə “xüsusi həssaslıq” nümayiş etdirməsi, əslində bu ritorikanın obyektiv dəyərlərə deyil, dar siyasi və maliyyə maraqlarına xidmət etdiyini sübut edir. Təbii ki, Amerika Birləşmiş Ştatlarında baş verən bu proseslər ilk növbədə həmin ölkənin daxili işidir. Lakin öz ölkəsində institutların darmadağın olmuş nüfuzunu görməzdən gələrək başqa dövlətlərə idarəçilik dərsi keçmək siyasi riyakarlığın ən bariz nümunəsidir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR