İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi borcu ödənəndə “stop” avtomatik götürülürmü? — Açıqlama

Vergi borcu səbəbindən vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması müəyyən problemlər yarada bilər. Borc ödənildikdən sonra isə əsas məsələ tətbiq edilən “stop”un nə vaxt və hansı qaydada aradan qaldırılmasıdır.

Bu proses avtomatik həyata keçirilir, yoxsa vətəndaş bunun üçün ayrıca müraciət etməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Şəbnəm Tağıyeva bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir:


“Başqa sözlə, vergi borcunun mövcudluğu öz-özlüyündə şəxsin ölkədən çıxışına avtomatik “stop” qoyulması demək deyil. Belə məhdudiyyət vergi orqanının müraciəti əsasında məhkəmə qaydasında tətbiq edilir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun 31 mart 2026-cı il tarixli Qərarında ölkədən getmək hüququnun bu əsasla məhdudlaşdırılmasının tətbiqi ilə bağlı mühüm hüquqi mövqe ifadə edilib. Konstitusiya Məhkəməsi vurğulayıb ki, belə məsələlərə baxılarkən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınmasına dair ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməlidir. Belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır”.

Vəkil qeyd edib ki, Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanı dərhal həmin məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Burada “avtomatik” anlayışına diqqət yetirmək lazımdır. Qanunvericilik məhdudiyyətin borcun ödənilməsi ilə avtomatik olaraq aradan qalxdığını deyil, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanının dərhal onun götürülməsi barədə qərar qəbul etməsini nəzərdə tutur. Bu baxımdan, vergi borcu tam ödənildikdən və məhdudiyyətin tətbiqinə səbəb olmuş əsas aradan qalxdıqdan sonra şəxsin məhdudiyyətin götürülməsi üçün ayrıca ərizə ilə müraciət etməsi qanunvericilikdə məcburi şərt kimi nəzərdə tutulmur. Məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi vergi orqanının vəzifəsidir”.

Şəbnəm Tağıyeva bildirib ki, əvvəllər bu proses fərqli qaydada tənzimlənirdi:

“Mülki Prosessual Məcəllənin 355-7.6-cı maddəsinə əsasən, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında məhkəmə iki iş günü ərzində məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edirdi. Həmin müddəa sonradan ləğv edilib. Hazırda isə məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi ilə birbaşa vergi orqanının vəzifəsi kimi müəyyən edilib. Eyni zamanda, şəxs ölkədən getmək hüququna müvəqqəti məhdudiyyətin mövcud olub-olmadığını Dövlət Vergi Xidmətinin elektron xidməti vasitəsilə onlayn qaydada yoxlaya bilər.

Beləliklə, vergi borcu ödənildikdən və məhdudiyyətə səbəb olmuş əsas aradan qalxdıqdan sonra “stop”un götürülməsi üçün ayrıca müraciət etmək ümumi qaydada tələb olunmur. Məhdudiyyətin götürülməsi barədə dərhal qərar qəbul etmək vergi orqanının vəzifəsidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR