İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə ABŞ-dən İLGİNC hərəkətlənmə – İrana qarşı YENİ müharibə hazırlığı?

Açıq mənbəli aviasiya kəşfiyyatı (OSINT) resurslarının, o cümlədən “Flightradar24” və “ADS-B Exchange” platformalarının təhlillərinə əsasən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ağır hərbi-nəqliyyat təyyarələrinin Yaxın Şərq istiqamətində uçuş intensivliyi kəskin artıb.

Əsasən “Boeing C-17A Globemaster III” və “C-5M Galaxy” təyyarələrinin cəlb olunduğu bu logistik hava körpüsü Yaxın Şərqdə gərginliyin növbəti dəfə pik həddə çatdığını göstərir. Hərbi təyyarələrin marşrutları və daşınan yüklərin xarakteri prosesin sadəcə növbətçi rotasiya olmadığını, strateji dərəcədə hərbi təchizat həyata keçirildiyini göstərir.

C-17 təyyarələri hər biri 75 tona qədər yük götürmə qabiliyyətinə malikdir. Uçuşların böyük hissəsi ABŞ-nin Texas ştatında yerləşən Hava Hücumundan Müdafiə (HHM) və Quru Qoşunları bazalarından start götürür. Bu da regiona əlavə “Patriot” və “THAAD” raket əleyhinə müdafiə sistemlərinin, zirehli texnikanın və döyüş sursatlarının daşındığını təsdiqləyir.

ABŞ-ın Almaniyadakı Ramştayn bazası Yaxın Şərqə doğru hərəkət edən hərbi aviasiya üçün əsas logistik mərkəz rolu oynayır. Buradan təyyarələr Birləşmiş Ərəb Əmirlikləri (Əl-Dəfra), Qətər (Əl-Udeyd), İordaniya və İsrail istiqamətinə yönəlir.

C-17 həyəcanının pərdəarxasında regional gərginliyin eskalasiya etməsi durur: İran və ABŞ arasında strateji əhəmiyyətli Hörmüz boğazında gəmiçilik marşrutlarına nəzarət uğrunda qarşıdurma dərinləşib. İran tərəfinin ticarət gəmilərinə təzyiq göstərməsi və dəniz minaları/raket sistemlərini yerləşdirmək cəhdləri ABŞ-nin dəniz blokadası və cavab zərbələri ilə nəticələnib. Vaşinqton və Təl-Əvivin İranın raket infrastrukturu və nüvə obyektlərinə qarşı intensiv hərbi təzyiqləri cavab raket zərbələri riskini artırır. Tehran HHM sistemlərini və raket imkanlarını bərpa etməyə çalışdıqca, ABŞ preventiv hərbi addımlar üçün hazırlıq səviyyəsini yüksəldir.

Tərəflərin hərbi rəhbərləri toqquşmaların təkcə Fars körfəzi və Qırmızı dənizlə məhdudlaşmayacağı, Qırmızı dənizdən Hind okeanına qədər genişlənə biləcəyi barədə xəbərdarlıq edirlər. Bu səbəbdən ABŞ bölgədəki hərbi bazalarının hava müdafiəsini gücləndirmək üçün sürətli daşımalar həyata keçirir.

Səhih hərbi-analitik mənbələr bildirir ki, C-17 təyyarələrinin kütləvi logistik axını 2 əsas məqsədə xidmət edir. Vaşinqton bölgədəki qüvvə balansı və güc nümayişi ilə Tehranın genişmiqyaslı cavab hücumlarının qarşısını almağa çalışır. ABŞ-nin regional bazalarının (İordaniya, İraq, Körfəz ölkələri) ehtimal olunan raket və dron hücumlarından müdafiəsini təmin etmək üçün HHM sistemlərinin ehtiyatı artırılır.

Regionda baş verən logistik hərəkətlilik uzunmüddətli hərbi qarşıdurmaya hazırlaqdırmı?

WhatsApp Image 2026-09-26 at 11.19.31.jpeg (85 KB)

Ehtiyatda olan polkovnik Əfrahim Təhməzovun Musaavat.com-a bildirdiyinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq istiqamətində C-17A “Globemaster III” və C-5M “Galaxy” kimi ağır hərbi-nəqliyyat təyyarələrini kütləvi şəkildə hərəkətə keçirməsi birbaşa müharibə teatrının logistik altyapısının hazırlanması deməkdir: “Lakin bu hərəkətlilik dərhal genişmiqyaslı yeni müharibənin başlanması kimi deyil, ilk növbədə, tərəflərin ən pis ssenariyə tam hazır vəziyyətə gətirilməsi kimi qiymətləndirilə bilər”.

Hərbi ekspert hesab edir ki, hər biri 75 ton yük götürmək gücündə olan bu nəqliyyat təyyarələrinin Teksasdakı müvafiq bazalardan qalxaraq Ramştayn vasitəsilə BƏƏ, Qətər, İordaniya və İsrailə istiqamətlənməsi daşınan yükün xarakterini aydın göstərir: “Bu marşrutlar regiona “Patriot” və “THAAD” kimi raket əleyhinə müdafiə komplekslərinin, lokatorların və ağır döyüş sursatlarının təcili daşındığını təsdiqləyir”.

Əfrahim Təhməzov deyib ki, Vaşinqton və Təl-Əvivin İranın raket və nüvə obyektlərinə qarşı olası zərbələri fonunda Tehranın cavab həmlələri gözləniləndir. ABŞ-nin bu logistik aktivliyi İranın balistik raket və PUA (dron) hücumları qarşısında öz regional bazalarının eşelonlaşdırılmış müdafiəsini möhkəmləndirmək, yəni, Tehranın əks-zərbə potensialını neytrallaşdırmaq məqsədi daşıyır: “ABŞ kütləvi güc nümayişi vasitəsilə İrana mesaj verir ki, hər hansı hərbi eskalasiya cəhdi qarşılıqsız qalmayacaq. Bu, bir növ diplomatik kanalların dayandığı nöqtədə hərbi təzyiqlə müharibənin qarşısını almaq cəhdidir. Hörmüz boğazında gəmiçilik yollarına nəzarət uğrunda qarşıdurmanın dərinləşməsi və dəniz yollarının minalanması riski toqquşmaların yalnız Fars körfəzi ilə məhdudlaşmayacağını, Qırmızı dənizdən Hind okeanına qədər uzana biləcəyini göstərir”.

Hərbi ekspert bildirib ki, C-17 həyəcanı sabah səhər müharibənin başlayacağı demək olmasa da, diplomatik imkanların tükəndiyini və tərəflərin yüksək intensivlikli genişmiqyaslı hərbi toqquşma rejiminə keçdiyini göstərir: “ABŞ müharibəni mütləq başlatmaq üçün deyil, müharibə başlayacağı təqdirdə İrandan gələcək kütləvi raket dalğasını dəf etmək və öz hərbi kontingentinin təhlükəsizliyini maksimuma çatdırmaq üçün bu “hava körpüsü”nü qurur”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR