Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Bloomberg”ə müsahibəsində Avropa İttifaqını dondurulmuş Rusiya aktivlərinin Ukraynanın müdafiəsi üçün istifadəsi ilə bağlı mövqeyini tezliklə razılaşdırmağa çağırıb.
O bildirib ki, Aİ daxilindəki fikir ayrılıqları müharibənin bu mərhələsində Kiyevin ehtiyac duyduğu maliyyə və hərbi dəstəyə mane olmamalıdır. Prezidentin sözlərinə görə, əlavə maliyyə resursları Ukraynanın Rusiya ilə mübarizəsində həlledici əhəmiyyət daşıyır: “Ümid edirəm ki, Allahın köməyi ilə bu qərar qəbul ediləcək. Əks halda alternativ axtarmalı olacağıq. Bu, bizim sağ qalmağımız məsələsidir. Bizim buna çox ehtiyacımız var və tərəfdaşlarımızdan dəstək gözləyirik”.
Zelenski həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın iştirakı da Avropa liderlərinə güclü siqnal ola bilər. Onun sözlərinə görə, ABŞ-da hazırda 5 milyard dollardan çox dondurulmuş Rusiya aktivi var və bu vəsaitlərin Ukraynanın müdafiəsinə yönəldilməsi prosesə siyasi iradə baxımından ciddi təkan verə bilər. Ukrayna lideri qeyd edib ki, Vaşinqtonun enerji sanksiyaları və digər əvvəlki addımları Avropa ölkələrini mühüm qərarlar verməyə sövq etmişdi və bu dəfə də oxşar dinamika yarana bilər.
Zelenski müsahibəsində vurğulayıb ki, Ukraynanın mövcud maliyyə və müdafiə tələbləri getdikcə artır, döyüşlərin intensivliyi fonunda resurs çatışmazlığı daha kəskin şəkildə hiss olunur və Qərb tərəfdaşlarının çevik qərarları həyati zərurətə çevrilib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ