Общественно-политическая интернет газета
Haradansa, necəsə başlamalı idi, ən azı ona görə ki, Kreml heç vaxt keçmiş sovet məkanına iddialarından əl çəkməmişdi, hətta bu istiqamətdə real səylər olmayanda belə bunu söz-bəyanat səviyyəsində edirdilər.
İlk ciddi cəhdi məncə, qonşu Gürcüstanla müharibə zamanı etməyə çalışdılar, amma onda alınmadı, Qərb güclü çıxdı və imkan vermədi.
Vladimir Putin yeni siyasi rotasiyadan - “tandedemokratiya”dan sonra təzədən hakimiyyətə qayıdanda daim yazırdıq ki, adam müharibə üçün “yerikləyir”, beynində ancaq budur və belə də oldu.
Niyə məhz Ukrayna da əslində daha çox ritorik sual idi. Birincisi, bir daha deyirik ki, Kreml haradansa, necəsə başlamı idi. Ən məntiqli addım öncə slavyan respublikalarından başlamaq idi, çünki Dünyada buna “anlaşıqla” yanaşmağa cəhd edənlər az deyildi.
Belarusa qarşı cəbhə açmağa ehtiyac yox idi, çünki Belarusbaşı demək olar ki, heç məsələdə Moskvaya “yox” demir, onda da, indi də ölkəsini Rusiyanın tam ixtiyarına verirdi.
Üstəlik, hətta Qərb strateqləri də Kiyevi Moskva üçün müstəsna əhəmiyyətli geosiyasi hədəf kimi müəyyən etmişdilər və Kremldə də qərara gəlmişdilər ki, ilk olaraq Ukraynadan başlamaq lazımdır, burada alınsa, başqa yerlərdə də alınacaq, lap “domino effekti” baş verəcək, ən azı, Mərkəzi Asiyanın “yeni xaqanlar”ı dərhal nəticəni özləri çıxaracaq, Kremlin darvazaları qarşısında “tövbə üçün” növbəyə duracaqlar...
Qərəz, yeni seçimin Ukrayna olması tam labüd idi. NATO-nun genişlənməsi, “Şərqə hərəkəti” haqqında deyilənlər mənasız sözlərdir: guya digər NATO ölkələri, o cümlədən də son illərdə Alyansa üzv olan İsveç və Finlandiya Rusiyanın sərhədlərindən belə uzaq idilərmi? Yoxsa qeyri NATO ölkələrindən Rusiyaya atılacaq raketlər çatmayacaqdı öz hədəflərinə?..
Yox, bir daha deyrik ki, boş sözlərdir! Hərdən adamın ağlına gəlir ki, Kiyev də Kişinyov kimi NATO-ya münasibətdə distansiyalı siyasət yürütsəydi nəsə dəyişərdi? Doğrusu, özümüz də bir neçə dəfə bu senarini nəzərdən keçirməyə çalışmışıq, amma hər dəfə də qənaətimiz-qərarımız bu, olubdur ki, vəziyyət yenə də dəyişməyəcəkdi: Kiyev hətta Yanukoviçi “ağsaqqal” edib onun sözü ilə hərəkət etsəydi, “ikinci Belarus” olmağa razılaşsaydı, bəlkə də müharibə olmayacaq, hətta Krım da Kiyevdə qalacaqdı. Amma indiki “döyüşən Kiyev senarisi” “Yanukoviç senarisi”ndən daha ləyaqətli seçim deyilmi və həm də əminlik vardımı ki, Belarus, hətta qalsaydı, Yanukoviç Ukraynası da Kremlçün yalnız “aralıq mərhələ” olmayacadı, axı vaxtında elə SSRİ də birdən-birə qurulmamışdı...
Ona görə gəlin “o olsaydı, bu olsaydı” kimi hipotetik suallar üzərində çox baş sındırmayaq, tarix belə variasiyaları sevmir, nə vaxtsa, olacaqdı bu! Deyəsən, “artıq dörd il keçd”i dedilər. Faşist Almaniyasıyla müharibə də bu, qədər çəkmişdi. Həm də müharibə hələ də bitməyibdir və bəlkə daha dörd il də çəkəcək...
Savaş ona görə davam edə bilər ki, hələ birmənalı seçim edən yalnız ukraynalılardır, dünya ölkələrinin çoxu hələ bunu tam etməyibdir, müstəqil rusiyalı ziyalılarının bir hissəsi müəyyənləşsə də ruslar xalq kimi hələ tam seçim etməyib, çoxu hələ hərbi cani Putinə münasibətini dəqiqləşdirə bilməyib.
Bir neçə dəfə Rusiyada yaşayan adamlarla söhbət etmək imkanımız olub. Ağıllıları, savadlıları Ukraynaya qarşı təcavüzü əsaslandıracaq, bəraət qazandıracaq bir ciddi arqument gətirə bilmirlər, amma inanmazsınız, onları o qədər ideoloji “obrabotka” ediblər ki, cəmi bir “arqument”in üzərində dayanırlar: imperiyanın maraqları belə tələb edir! Təsəvvür edirsinizmi?
Çoxu məhz belə qəbul edir: Rusiya imperiyadı və belə də olmalıdır...
Çox təəssüf ki, hazırki qlobal “geosiyasi mentalitetdə”ki bəzi dəyişikliklər də buna rəvac verir. Çoxu düşünür ki, Tramp gözünü buzlu Qrenlandiyaya da dikibsə, özünü az qala, bütün Amerikada “polis” kimi aparırsa, bunu niyə Putin və yaxud da Kreml etməsin? Axı Vaşinqtonun da iddialarında hansısa ülvi məqsəd, dəyərlər - prinsiplər yoxdur, sadəcə, ABŞ - a xoş gələn və yaxud gəlməyən məqamlar var Dünyada...
Ona görə də çox şey düşünüldüyündən və göründüyündən qat-qat qəlizdir, mürəkkəbdir. Ən dəhşətlisisə budur ki, belə vəziyyət nəinki çox ölkələrin, “böyük güclər”in, “böyük siyasətçi”lərin, hətta adi insanların da xoşuna gəlir. Adi ruslar da istəyir ki, Rusiya imperiya kimı qalsın və ağıllarına da gəlmir ki, imperiyalar tək başqa xalqları yox, öz xalqlarını da əzirlər.
Anlamırlar ki, dövlətlər böyüdükcə, daha “güclü” olduqca onların cəmiyyətləri və insanları kiçilirlər. İnsanlar başa düşmür ki, qaydasız Dünya, xaos yalnız möhtəkirlər və fırıldaqçlar üçün əlverişli və faydalı ola bilir. Bu da kart -qumar kimidir, bir dəfə əlin gətirər, amma cəmi bir dəfə olar bu, özü də hamı qazanmaz bu oyunda...
İnsanlarımız deyir ki, əşşi, Ukraynanın bizə nə dəxli? Bir tərəfdən yaxşıdır. Onlar Azərbaycanı “harasa bağlamaq”, “nədənsə asılı etmək” istəmirlər, özlərini dövlətə və Vətənə yeganə sahib, bəli, yeganə qərar verən sayırlar. Bir daha deyirik ki, çox yaxşıdır bu! Amma hamı kimi biz də vakuumda yaşamırıq, qlobal dünya, hətta region var və bu sistemlərdəki, alt-sistemlərdəki proseslər bizim üçün də təsirsiz ötüşmür.
Ona görə də hazırda Ukraynada təkcə Rusiyanın geosiyasi ambisiyalarının taleyi həll olunmur, Dünyanın hətta gələcək necəliyi də bu proseslərin gedişindən asılıdır: ədalət, yaxud heç olmasa, qayda olacaqmı Dünyada? Yoxsa hamımız tiraniyanı da bir norma kimi qəbul edəcəyik: həm dünyada, həm regionda, həm də ölkələrimizin içində?
Sual budur və ötən dörd il buna, olsa-olsa, 25 faiz cavab verib; ukraynalılar da, bir çoxları da hələki “kremllərin-moskvaların məntiqi”lə barışmaq-hesablaşmaq istəmədiklərini göstərirlər. Sualsa açıq qalır...
Aristotel deyirdi ki, guya suallar özləri cavablarını da gətirirlər. Yox, qəti belə deyil, bəzən əksi olur, suallar da göbələk kimi özü-özünə artır!..
Həm də bilirsiz, Aristotel kişi haqqında fikirləşəndə ağlıma daim nə gəlir? Keçmişdəki əlaçı qız uşaqları! Bir sual verirdin, bəli, “üyüdüb tökürdü”, dayandırmaq da olmurdu, amma özü sözlərindən bircə kəlmə başa düşmürdü!
Bu Aristotel “birinci müəllim” adlansa da daha çox nəyəsə başlanğıc verən adam kimi yadda qalıb. Ən böyük “qələt”lərindən biri məntiqidir ki, bunu düzəldənlərdən biri də azəri Lütfi Zadə oldu.
Digər “qələt”i də, əgər səhv etmirəmsə, məşhur “katarsis” nəzəriyyəsədir. Onu kimsə düzəldib, ya düzəltməyib, doğrusu, bilmirəm, estetika ilə bağlı problemdir. Amma həyatda görünməyib ki, faciələr, bəlalar, müharibələr insanlığa yaxşı nəsə gətirsinlər, yox, insanlar bütün bunlardan sonra daha da qəddar olurlar...
Sözüm bunda deyil. Həftə əvvəlinin bəlkə ən böyük hadisəsi Vensin bölgəyə səfəri oldu. Məncə, səfərin ən böyük qüsurlarından biri ABŞ-ın Gürcüstanı qıraqda qoymasıydı.
Düşünürəm düzgün deyil, amma təsadüf də deyildi, çünki Gürcstanda cənab Trampçün “hazır kökə” yoxdur, adam orada “hazıra nazil olmağa” şey tapmır: Kremli Ukraynada durdura bilmir (istəyirmi?), Abxaziyanı, Cənubi Osetiyanı necə alsın?..
Bu, məsələnin bir tərəfi. Digər məqamsa budur ki, qədim çinlilər “hər qaranlıqda işıq, hər işıqda da qaranlıq var” deyərdilər. İndi Qərbin də, eləcə də ABŞ-ın da Qafqazdakı siyasətində həmişə bir “no” da olur: bəli, bunlar daim Ermənistandan həm də “nəsə” düzəltmək istəyirlər.
Şəxsən mən bu “no” deyilən məsələnin məğzini çoxdan hiss etmişəm, amma qanınızı qaraltmaq istəmirəm. Həm də insafən, Bakı ilə İrəvan arasındakı sülhü “oformit” etmək, Zəngəzuru tamamlamaq da az deyil: Tramp bunu da etsə, yenə sağ olsun, məsəl var, deyirlər ki, donuzdan bir tük də qənimətdi. Sonrasına baxarıq!..
Həm də bilirsiz, yadıma nə düşür? Yalançı olmağa qorxuram, amma deyəsən, birinci idarəçiliyi dövründə sosial şəbəkələrdə Tramp haqqında bir “klip” düzəltmişdilər: bəli, Göyçə balasıyam və s. və i.
Yaddaşım aldatmırsa (aldadırsa, üzürlü sayın!), deyəsən, həqiqətən beləydi. Bütün hallarda, Vallah, deyəsən, qaqaş elə həqiqətən də bizim tərəflərdəndir...
19 Май 2026
10 Май 2026
01 Май 2026
28 Апрель 2026
10 Апрель 2026
01 Апрель 2026
24 Март 2026
19 Март 2026
КомментарииОставить комментарий