Общественно-политическая интернет газета
ABŞ prezidenti, sayın Donald Trampın Yerin süni peyki Ayı mənimsəmək cəhdindən hazırda dünyamızda ancaq tənbəllər danışmır. Tramp bu haqda sosial şəbəkə hesabında paylaşım etmişdir. Ayın şəklini qoyub, elə bu cür də yazmışdır: “Ay bizimdir”.
Prinsipcə, Trampın buna haqqı çatır, çünki amerikalılar Aya ilk dəfə qədəm basan insanlardır, tarixən isə bəşəriyyət coğrafi məkanları “birinci kim kəşf elədi” tipli tragikomik prinsiplə damğalamış, mənimsəmişdir, ta orda qədimdən kim yaşayıb-yaşamayıb, bunu vecinə alan olmayıb. Məsələn, ABŞ-ın keçmiş sakinləri olan qəbilələr indi rezervasiyada yaşayırlar. Ruslar Ural ətrafını, qədim türk torpaqlarını, Sibiri basıb alıblar, özlərini elə aparırlar ki, başqırdlar, tatarlar, saxalar, çuvaşlar bu yerlərin yiyələri deyildir.
Doğrudur, hələlik bu prinsip adından göründüyü kimi, Yerə aiddir (Coğrafiya – Yer haqqında elmdir). Ay isə kosmik cisimdir, onun bütün bəşəriyyətə məxsusluğu haqqında hansısa müqavilə-zad da olmalıdır. Lakin hegemon dövlətlər qızışanda, müqavilə kimin vecinə olur?
Yeri gəlmişkən, bir ara bizim sayın manıslarımızdan Ədalət Şükürovun Ayda torpaq sahəsi almağı barədə şayiələr yayılmışdı. Ümid edək amerikalılar oranın halallığını Ədalət müəllimə verərlər. Yəqin kupçası, bələdiyyədən, icradan sənədi var, hər halda.
Ümumiyyətlə, Ay məsələsində halallıq vacibdir və dünya müsəlmanlarının rəyini əldə etmədən bu təbii peyki qapazlamaq düzgün hal sayılmaz. Az qala bütün müsəlman dövlətlərinin, o cümlədən Azərbaycan və Türkiyənin bayraqlarında aypara təsviri havadan deyil ki?
Müsəlmanlar Aya baxıb salavat çevirir, bəzi dini bayramları məhz Ay çıxmağı ilə başlayırlar. İndi ABŞ Ayı özünə götürürsə, müsəlmanlar buna etiraz etməlidir. Bu işdə birlik olmalıdır! Yoxsa elə alına bilər ki, guya müsəlmanlar dini tədbiri... ABŞ-ın ərazisinə baxıb qeyd edirlər.
Müsəlmanların Aya mülkiyyət hüquqlarının yaranmağı təsadüfi deyildir. Bu barədə rəvayət və hədislər var. Deyir, o vaxtlar peyğəmbər islamı təbliğ eləyəndə Məkkə camaatından bəziləri şübhəyə düşür, inanmır, möcüzə istəyirlər. Peyğəmbərə deyirlər ki, əgər həqiqətən peyğəmbərsənsə, Ayı iki yerə parçala. Bundan sonra peyğəmbər Ayı iki yerə bölür və təzədən yapışdırır. Camaat da dönüb olur müsəlman. (Hadisə müsəlman tarixinə “Şəqqül-Qəmər” adıyla düşmüşdür).
Dünya müsəlmanlarının belə kateqoriyaları çoxdur. Bəzisi “qılınc müsəlmanı” adlanır, bəzisi “Aydan dönmə müsəlman”.
Müsəlman alimlərinin rəyinə görə, hazırda Ayın həmin yapışdırma yeri orda aşkar bilinirmiş. Hərçənd, mən neçə gün teleskopla axtardım, tapmadım. Yəqin yapışma yerinin indiyəcən qalmağı söhbəti xürafatdır, yalandır. Niyə? Çünki qurban olduğum Ayı o cür kobud yapışdırmazdı! Peyğəmbər Bakıdakı klinikada camaatı şikəst qoyan kosmetoloq-cərrahlardan deyil axı, onun “əməliyyatının” yeri qala bilməz!
Coğrafiya, astronomiya vacib elmlərdir, biz bunları təkcə Ay üzərində hüquqlarımızı, “Ayazi bütövlüyümüzü” qorumaq üçün öyrənməməliyik. Məhz coğrafiya üzündən dünyada çoxlu qan axır, müharibə düşür, camaat ölür və sairə. Söz vaxtına çəkər, 5 sentyabrda BMT dünya xəritələrinin yeni prinsiplə hazırlanmağına, ənənəvi Merkator proyeksiyasından imtinaya səs verdi. Bu nə deməkdir? Qısa yazsam, Yer kürə şəklində olduğu üçün onun ikiölçülü xəritəsini çəkmək çətindir. Ayrıca ölkələr alınır, ancaq palaz kimi çəkəndə mütləq bucaq-mucaq gözləməlisən. Nəticədə Yerin şimalındakı ərazilər ekvatordakılardan yekə çıxır. Məsələn, Qrenlandiya az qala Afrika boyda görünür, halbuki realda Afrika bu adadan 14 dəfə böyükdür. Rusiya ərazicə Çindən cəmi-cümü 2 dəfə böyükdür, ancaq hazırkı Yer xəritələrinə baxanda bu kimin ağlına gələr? Elə görünür, sanki Çin, yalan olmasın, Stavropol vilayəti boydadır. Rusiyanın, rusların işğalçı, imperialist psixiologiya ilə böyüməsində bu Merkator proyeksiyasının rolu mənə ağlabatan görünür.
İndi biz gözləyək, görək Şamaxı rəsədxanası və Qafqaz Müsəlmanları İdarəsinin Ayın işğalı cəhdi barədə birgə bəyanatı olacaqdırmı... Biz lazım gəlsə Ayı doğrayıb ulduz qayıra bilərik – heç kimə qismət olmasın deyə.
P.S. Sonda, əlbəttə, Əbdürrəhim bəy Haqverdiyevin məncə ədəbiyyat şedevrlərindən biri olan “Ayın şahidliyi” hekayəsindən sitatın yeridir: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid оl кi, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən кi, yazıq balalar, atanız uzaq səfərə gedib, оna müntəzir оlmayın”.
КомментарииОставить комментарий