Свобода людям, независимость нациям!

Doktor Pezeşkian, bizi duyarmısan?..

Sovetlərin çöküşündən sonra Cənub Azərbaycanıyla, cənublu siyasi fəallar-mühacirlərlə müəyyən rabitəmiz-əlaqələrimiz olurdu. O vaxt bu adamlar AXC-yə, “Azadlıq” qəzetinə, sonradan yaradılmış BAB-a və s. baş çəkərdilər. O illərdə “Azadlıq” radiosunun gündəlik bir saatlıq verilişinin mühüm hissəsi Cənub probleminə həsr olunurdu. Bunlar da Cənubla, İranla azı virtual körpü rolunu oynayırdı. Daha yoxdur, indi özümüz danışıb, özümüz eşidir, özümüz yazıb, özümüz də oxuyuruq...

Qərəz, nəhs gətirmək istəmirəm, amma deyəsən, İranda bu dəfə də alınmadı. Ötən həftələrdə deyildi ki, guya Tehranla Vaşiqnton arasında gizli danışıqlar başa çatıb və ABŞ-da guya qərar verilblər ki, bəs inqilab üçün İranda “şərait yetişməyib”!
Düzü, bu söhbətlərin dəqiqliyi bizə məlum deyil, gəl, təsdiqlənsə, qəti təəccübləndirməz, çünki birinci dəfə deyil.

Neçənci dəfədir ki, iranlı fədakarlar aldadılırlar, çünki Vaşinqtonun İranla bağlı “qayğıları” tamam başqadır və təzədən bütün bunları təkrar etmək fikrində deyilik.

Proseslərin əvvəlində qeyd etmişdik ki, instutisional və hətta ideoloji tərəf nəzərə çarpmır, çox şey kortəbilik təsiri bağışlayır. Ortada nəzərə çarpan etiraz institutu yox idi və hansısa tələbdən danışmaq olmurdu, ümumi şəkildə bəzi sosial tələblər eşidilirdi. Deyildli ki, bir dəfə doktor Peşeşkian etirazçılılarla görüşüb, amma məlum olmadı ki, etirazçılar ona konkret hansı tələbləri təqdim etdilər? Bu haqda heç nə eşitmədik.

Üstəlik, eşitmədik ki, ruhani hakimiyyət, şəxsən Xameneyi etirazçıları dinləməyə təşəbbüs göstərsin, halbuki bu da çox məntiqli olardı, çünki real hakimiyyət bu adamın əlindədir. Amma bir daha deyirik ki, konkret bir şey eşitmədik; doğrudanmı iranlı insanların problemi yalnız elə realın kursu və yaxud hansısa digər sosial-ekoloji problemlərdir?

Nə qədər təəccüblü və hətta paradoksal olsa da Pəhləvinin təklifləri-vədləri daha konkret siyasi tələb təsiri bağışlayırdı. Bu, siyasi təhlilçi kimi şəxsi, subyektiv fikrimizdir, kiməsə təlqin etmək niyyətimiz yox.
Hətta yazmışdıq ki, prezident Pezeşkian bu adamla kontakt qurmağa çalışsa, məntiqsiz olmaz, hər halda, etiraz müstəvisində real fiqur idi, baxmayaraq ki, şəxsi planlarını hələ də açıqlamır! Bir daha deyirik ki, bunlar subyektiv-şəxsi mövqeyimizdir.

Bilirsiniz, siyasətdə hamı biri-birindən faydalanmağa çalışır və məqsədinə çatandan sonra da lazım olanda hamı başlayır “köhnə izləri” silməyə, hətta mane olan “köhnə dostları” uzaqlaşdırmağa və neytrallaşdırmağa. Axı Makiavelli “Məqsəd vasitəyə bəraət qazandırır” deyəndə tamam haqsız da deyildi. Əlbəttə ki, tamam əndazəni də aşmaq olmaz: vətən, dövlət, millət və hətta əxlaq deyilən anlayışlar da var.

Bunun kobud nümunəsini bir azca aşağıda diqqətinizə çatdırmağa çalışacağıq. Həm də nəsə ciddi bir iş görmək istəyən siyasətçinin ilk cəhdi nə olur? Mümkün qədər bütün narazıları öz ətrafına toplamaq...
Amma Doktor deyəsən, İran rejimini, hətta Xameneyini seçdi. Özlüyümüzdə doktor Pezeşkian üçün minimum plan-məqsəd müəyyən etmişdik: Doktor prosesdən ən azı güclənərək çıxmalı idi.
Oldumu? “Hə” deyə bilmirik və hətta İran cəmiyyətinin belə bundan nə qazanacağı böyük sual altındadır, çünki “ideoloji cəhalət” iranlı mollaların siyasi platformasıdır, onlar heç vaxt könüllü bundan imtina etməzlər, etməyəcəklər də.

Bəlkə də uğurlu müqayisə olmayacaq, amma Məsud bəyə prezident Ərdoğanın siyasi bioqrafiyasından bir detalı xatırlatmaq istərdik. Bir daha deyirik ki, bəlkə də uğurlu müqayisə olmayacaq. Amma əvvəldə prezident Ərdoğan da daha çox dinçi qüvvələrə yaxın idi, hətta onun Gülənlə müəyyən əlaqələrinin olduğu deyilirdi. Amma sonradan məlum oldu ki, Ərdoğanın bəzi “dinçi dostları” əslində onun ən böyük düşmənlərimiş və adam məharətlə onları nəinki neytrallaşdırdı, hətta sıradan çıxardı. Həm də türk millətçilərilə yaxınlaşdı!

Bəzən buna görə Dövlət Bağçalını da qınayırlar, amma Dövlət bəy çox düz etdi; Ərdoğan kimi güclü siyasi fiquru dini qüvvələrdən uzaqlaşdırıb millətçilərlə yaxındaşdırdı, hətta birləşdirdi. Əlbəttə ki, biz Türkiyənin iç siyasətinin bütün detallarını, incə təfərrüatlarını bilmirik, fəqət, deyəsən, məsələ belə olmuşdu.

İndi İran mollaları da fürsət gözləyir. Pezeşkian onların adamı deyil və ruhani elitası Doktora uzağı prezidentlik müddətini başa vurmağa imkan verəcək və nə Doktor özü, nə də İran cəmiyyəti, elecə də bizim cənublu qardaşlarımız heç nə qazanmayacaq, uzağı, “fəxr edəcəklər” ki, Seyyid Əli Xameneyi “cənublu türkdür”! Amma onlar fəxr etməklərində olsun, mollalar da iş görməklərində.
Əlbəttə, hələ hər şey tamam bitməyib, Ağ Ev də gah belə deyir, gah da elə. Amma ötən həftə hərbi vəziyyət elan olundu deyəsən. Repressiyalar baş alıb gedir, 33 mindən çox adamın həlak olduğu bildirilir. Kim qazandı? Pezeşkianmı? Düşünmürük! Adam bəlkə də cənublu azərbaycanlıların dəstəyini saxladı, amma digər xalqlar, etnik qruplar böyük ehtimalla daha ona dəstək olmayacaq.

Yekun vurmaq tez olsa da, qazanan, hələ “molla rejimi”dir. Əlbəttə, Vaşinqton yalandan asıb-kəsir (neçə gündür böyük bir aviadaşıyıcının Körfəzə istiqamət götürdüyü, Xameneyinin xüsusi sığınacağa yerləşdirildiyi deyilir!), amma bunu az qala, yarım əsrdir eşidirik. Üstəlik, deyəsən, İsrail də “mollalar”la oynamağa başlayıb, ötən ilki proseslər bunu aydın göstərdi: bir-iki “atəşfəşanlıq” oldu və vəssalam!
Demirik ki, İsrail və ya qeyrisi durub İranı da ikinci Qəzzaya çevirsin. Əsla! Orada da bizim müsəlman qardaşlarımız və onların heç bir günahı olmayan uşaqları yaşayır! İsrailin və ya ABŞ-ın özünə sərf edəndə elə incə əməliyyatlar keçirirlər ki, adam mərarətlərinə heyran qalır. Etirazçı insanlara dəstəyin də min cür incə üsulları var və bizim durub bunları İsrailə və ya ABŞ-a öyrətməyimizə ehtiyac yox, əslində nəzəri şəkildə olsa da, özümüz çox şeyləri onlardan öyrənirik.

Problem başqadır. Deyəsən, Təl-Əvivdə götür-qoy etməyə başlayıblar ki, onların regiondakı hegemonluğu yolunda real maneə yalnız ərəblər və ya İrandır, yoxsa Ankara? Hətta qardaş Türkiyə də “kürd məsələsi”nə görə İranda nəsə baş verəndə həyəcandan az qala, özünü itirir!
Ona görə də bölgədə mürəkkəb “oyun” gedir və bundan ən çox udansa, “molla rejimi”dir, çünki manevr və sövdələşmə - “bazarlaşma” imkanı yaranır. Odur, gəlin üzərrik yandıraq ki, ayətullalarımız gözə gəlməsin, işləri nəhs gətirməsin...

Нет комментариев